Kamillik Yolunda

Kamillik Yolunda

Bəşər, o cümlədən türk mədəniyyətinin dahi şəxsiyyəti və mütəfəkkir şairi Mövlana Cəlaləddin Rumi (1200-1273) 26 min beytlik məşhur “Məsnəvi”si  ilə  700 ildən çox bir zamandır ki, ən adi və ən uca zəka sahiblərinin heyrət və heyranlığını qazanmışdır. Dünyanın dahi şəxsiyyətlərinin “ən ön səfində başı buludlara dəyən nəhəng” (məşhur şairimiz Məmməd Aslanın fikridir) bir türk siması kimi əbədiyyət yolçusu olmaq ona nəsib olmuşdur. Şairin oğlu Sultan Vələd atasının söz mülkünün gözündən su içə-içə öz qənaətini poetik dildə belə ifadə edir:

                                       Tanrıdan rəhmətdir onun sözləri

                                        Korlar oxursa, açılar gözləri

            Haşiyədən bir qədər kənar çıxsam da, aşağıdakı xatırlamanı oxucu ilə bölüşmək istədim. Deyirlər ki, ulu şair C.Rumi məşhur “Məsnəvi”sinin yalnız 18 misrasını öz qələmi ilə yazsa da, əslində şairin “Məsnəvi”si onun öz müridi Hüsaməddin Çələbi tərəfindən yazıya alınmışdır. Üzünü gördüyüm, hikmətli sözünü eşitdiyim Osman Nuri Topbaş bəyin düz 10 il əvvəl Azərbaycanda dünya işığına qovuşdurduğu “Mövlana dərgahından əsintilər” adlı əsərində belə bir dilək var idi: ”Ulu Mövlana dərgahından sizə gətirdiyim əsinti ilahi lütflə feyzləndirilmiş bir kuzə dirilik suyudur. Bu suyu içdikcə könlünüzün yanğısı artacaq, yandıqca daha artıq yanmaq istəyəcəksiniz. Mövlana doyulmaz bir çeşmədir! İçdikcə yanacaq, yandıqca yüksəklik, mükəmməllik qazanacaqsınız.” 

            Müəllifin Mövlana dərgahından əsintiləri “Bir kuzə su” adı ilə təqdim olunmuşdur. Bu kitabın məntiqi davamı isə yaxın günlərimizdə Məsnəvi dəryasından olan “Abi-həyat qətrələri”  adı ilə “İpək yolu” nəşriyyatı tərəfindən nəşr olunaraq Azərbaycan türkcəsində ruhumuzu, könlümüzü oxşayıb yenidən ilahi eşqimizin çırağını gurlaşdırdı.

            Dahi Mövlana Cəlaləddin Rumi zirvəsini daha yaxından görüb təfəkkür etmək yolunda yazıdan-yazıya, kitabdan- kitaba müdriklik yolu keçmiş,  tanınmış qələm əhli, görkəmli din xadimi olan müəllifə həsəd apardım.

            “Mən bu əsrarı qapalı və müxtəsər söylədim. Açıqca bəyan etmədim.Çünki geniş bəyan etməyə çalışanın dili, dinləyənin də idrakı yanardı.” Yaxud: “Mənim beytim beyt deyil, bir məna cahanıdır... Qissələrim bəsit və sıradan sözlər deyil, təlimdir. Sizləri izah və idrak etdirmək üçündür” yazan Həzrət Mövlananın şəxsi və bəşəri əhval-ruhiyyəsindən doğan Məsnəvisi əsasında böyük mənaların, sirlərin çox aydın və sadə şərhi bu kitabda əhatəli əksini tapmışdır. Mövlana həzrətlərinin məsnəvilərində dərin həyatı, ruhani həqiqətlərin könüllərə mənəvi qida verən hikmətlərini təfəkkür etmək mümkündür.

            Müəllif, təsəvvüfün şəfaverici sağlam çevrəsinə sığınaraq insanların mənəvi tənəzzüldən xilas olmasını məhz Cəlaləddin Rumi kimi mütəfəkkir sənət adamının məsnəvi dünyasına dərindən bələd olmasında və onları təfəkkür etməsində görür. İlk baxışdan qeyri-adi və çətin görünən Cəlaləddin Ruminin məsnəvi dünyasının sadə, ruhani və ibrətamiz şərhi bu kitabda çoxlarının dərk edəcəyi şəkildə təqdim olunmuşdur.

                       Sətirdən-sətrə oxuduqca adam özünü fikir yükünün qanadında quş kimi hiss edir. Oxucunu istər-istəməz  dərin, düşündürücü fikirlərin ağuşuna çəkib aparan bu kitab bir çox mətləblərə aydınlıq gətirir.          

                       Kitabda şərhi verilən hər bir mövzunun həzrət Mövlananın Məsnəvisi əsasında təfəkkür olunması mənəvi ehtiyaclarımıza, duyğularımıza zənginlik və rahatlıq gətirir.

    Şahin Xəlilli

                                                     filologiya elmləri

                                                      doktoru,professor.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz