Hz. Peyğəmbərin Bir Günü
Ötən sayımızda həzrət Peyğəmbərin günün ilk yarısında, yəni gündüz məşğul olduğu ibadət həyatından bir qismini sizlərlə paylaşmışdıq. Bu yazımızda da günəşin batması ilə başlayan axşam və gecə vaxtlarında nə ilə məşğul olduğuna nəzər salmaq istəyirik. Yeri gəlmişkən təkrar ifadə etmək istəyirik ki, burada qeyd etdiyimiz onun bütün ibadət həyatı deyil, ümumiyyətlə etdiyi ibadətlərdir.
Axşam
Axşam vaxtı payız fəslinin sonuna bənzəyir. Sanki bu zamanda bir çox canlının yox olması insanın da bir gün yox olacağını xəbər verir. Bu düşüncə ilə yaşayan insan əlbəttə ki, fani olan hər şeydən əl çəkərək əbədi olan Allahın dərgahına üz tutub “Allahu əkbər” deyərək ona bağlanmaq istər.
Həzrət Peyğəmbər (s.ə.s) bu arzu ilə əksər zamanlarda günəşin batmasından öncə məğrib namazını gözləyərdi. Azan oxunan kimi Allahın hüzuruna üz tutardı. Fərz namazını qıldırdıqdan sonra “Əvvabin”olaraq bilinən 2-6 rükət namaz qılar və bunu hamıya tövsiyə edərdi.
Namazdan sonra o gün hansı xanımın növbəsi isə o evdə digər xanımlar da toplanar Peyğəmbər də onlara söhbət edərdi. Peyğəbərimiz xüsusilə xanımlara aid məlumatları onlar vasitəsilə cəmiyyətə çatdırdığı üçün bu cür yığıncaqlara əhəmiyyət verər və bu sahədəki bütün məlumatları onlarla paylaşardı.
Yatsı
Yatsı vaxtında hər yer qaranlığa qərq olur. Vəfat edən insanın geridə buraxdığı mal-mülkü yox olduğu kimi, gündüz görünən şeylər də sanki yoxluğa qərq olur.
Həzrət Aişə Peyğəmbər (s.ə.s)-in yatmazdan öncə etdiyi duanı belə anladır:
“Allah Rəsulu hər gecə yatağına girdikdə iki əlini birləşdirər, onlara üfləyər, İxlas, Fələq və Nas surələrini oxuyardı. Sonra da əllərini başından başlayaraq vücudunun hər tərəfinə sürtərdi. Bunu üç dəfə təkrarlayardı.”( Buxari,Fəzailul-Quran 14, Tirmizi, Dua, 21.)
Əlbəttə ki, Peyğəmbrimizin bundan başqa tövsiyələri də var. Həzrət Əli belə rəvayət edir: “Həzrət Peyğəmbər mənə və qızı Fatiməyə belə tövsiyə etdi: Yatağınıza girdikdə 33 dəfə Allahu Əkbər, 33 dəfə Sübhanallah, 33 dəfə Əlhəmdulilləh deyin.” Həzrət Əli o gündən sonra bunu heç tərk etdmədiyi deyincə, yanındakı adamlardan biri ona: “Siffin savaşında da?” deyə sual verdi. Hz. Əli cavabında: “Bəli, o gün belə tərk etmədim”-dedi. (Müslim, Zikr 80)
Peyğəmbərin yatsı namazından sonra vacib işi olmazsa evində oturar, gecə ibadətini əda edə bilmək üçün istirahətə çəkilərdi.Gecə
Gecə vaxtı həm qışı, həm də qəbri xatırladaraq insan ruhunun Allahın rəhmətinə nə qədər möhtac olduğunu təlqin edir.
Peyğəmbər (s.ə.s) günün sonu olan gecələri ibadətlə keçirərdi. Bu həqiqəti həzrət Aişənin rəvayətlərində müşahidə etmək mümkündür. Belə ki, ondan nəql edilən bir rəvayətə görə Peyğəmbər (s.ə.s) gecə ayaqları şişənə qədər namaz qılardı. Ona “Ey Allahın Rəsulu! Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb. (Fəth surəsi, 2) Buna baxmayaraq sən niyə bu qədər ibadət edərək özünü yorursan?-dedikdə o, belə cavab verdi: “İcazə verərsənmi, Rəbbimə qulluq edim…” Qalxdı dəstəmaz aldı və namaza durdu. Qiyamda elə ağlayırdı ki, göz yaşları sinəsinə damlayırdı. Rükuya gedəndə orada da uzun-uzadı ağladı. Səcdədə də bu hal davam etdi. Ağlaması, sübh namazı üçün xəbər verməyə gələn Bilalın gəlməsinə qədər davam etdi.
“Ya Rəsulallah! Allah sənin keçmiş və gələcək günahlarını bağışladığı halda niyə bu qədər ağlayırsan?” –dedim. Bunun müqabilində Peyğəmbər (s.ə.s) belə cavab verdi:
“Ya Aişə! Şükr edən qul olmayımmı?”
Allahın Rəsulu təhəccüd namazından sonra bir miqdar istirahət edər və müəzzinin azan nidaları ilə sübh namazına qalxardı. Həzrət Bilal imsaqdan öncə azan oxuyar və xalqı həm sahura, həm də təhəccüd namazına qaldırardı. Abdullah bin Ümmü Məktum isə imsaq vaxtı başladıqda azan oxuyar, bununla da sübh namazının vaxtını xəbər verərdi.
Həzrət Peyğəmbərin həyatı bütün cəhətləri ilə incələnmiş və tədqiq edilmişdir. Hansı cəhəti olursa olsun əsas olan, biz müsəlmanlar onu özümüzə rəhbər seçməli və onun dərin və mənalı həyatındakı nümunəvi hərəkətlərini öz həyatımızda tətbiq etməliyik. Bu qarışıq dünyada nə qədər çox onun həyatını öz həyatımıza tətbiq edərsək o qədər xoşbəxt olarıq.
Ey Uca Allahım! Bizi sənin və Peyğəmbərinin yolundan bir an belə ayırma. Sevən şəxs sevdiyi ilə bərabərdir. Bizi də axirətdə peyğmbərə qonşu et! Amin.
ŞƏRHLƏR