Zamana And Olsun ki...
“Əsrə (zamana) and olsun ki, insan, həqiqətən, ziyandadır…” (əl-Əsr surəsi, 1)
Allah (c.c) bəzi surələrdə olduğu kimi, Əsr surəsinə də and içərək başlayır.
Şübhəsiz, bir həqiqəti bəyan etmək üçün Allahın and içməsinə ehtiyac yoxdur. And içməkdən məqsəd and içdiyi məsələ ilə bağlı insanların yanlış düşüncələrini düzəltmək və məsələnin əhəmiyyətinə diqqətləri cəlb etməkdir. Çünkü bir çox insan düçar olduqları sıxıntı və əziyyətləri zamana yükləyərək onun uğursuzluğundan və gətirdiyi müsibətlərdən şikayət edər. Hansı ki, fitnə və fəsad, pislik və müsibətlərin səbəbi zamana bağlı deyil, insanların birbaşa yanlış düşüncə, hərəkət və seçimlərindən irəli gəlir. Məhz bu ayədə olduğu kimi, zamanın əhəmiyyəti xatırladılmaqda, “zamanın pozulduğu” fikri inkar edilərək insanlara bu mesaj çatdırılmaqdadır:
“Zamanın, əsrin, dövrün heç bir eybi, qəbahəti yoxdur. O, Allahın bəndələrinə bəxş etdiyi ən dəyərli nemətidir. Buna baxmayaraq, insanlar zaman nemətinin qədir-qiymətini dərk edib onu ən yaxşı və faydalı şəkildə qiymətləndirə bilməsələr, onların həm dünyada, həm də axirətdə zərərə düçar olması qaçınılmaz olar”.
Ancaq iman edərək gözəl işlər görən, haqqı və səbri tövsiyə edən, yaxşılıqları əmr edib pisliklərdən uzaqlaşdıranlar və beləliklə, sərmayələrini xeyirli iş və xidmətlərə xərcləyənlər istisnadır. O insanlar əsla zərər etməzlər, tam əksinə, hər anı və saniyəsini “maddi və mənəvi qazanc” əldə etməklə keçirərlər. Zaman, geri qaytarılması mümkün olmayan, insanın dünya və axirətini qazanması üçün başqa bir anlayış və ya vasitə ilə müqayisə edilməyən bir məfhumdur. Odur ki, bir anlığına görülən saleh bir əməllə kifayətlənməyib və ya ona arxayın olmayıb davamlı olaraq bu hərəkət tərzi davam etdirilməlidir. Çünkü, Uca Yaradan “Elə isə bir işi başa vurunca dərhal digərinə başla!” (əl-İnşirah surəsi, 7) buyuraraq müəyyən bir zaman dilimində görülən bir işin kifayət etmədiyini, ondan sonra da hər bir anın mütləq olaraq müsbət hal və hərəkətlərlə yaşanmasını tələb edir. İnsanın tək bir əməlinə güvənərək axirətini onunla əldə edəcəyini düşünməsi yanılmaqdan başqa bir şey deyildir.
“Əsr surəsinin mənasını bazarda buz satan bir nəfərdən öyrəndim” deyən alimlərdən biri, həmin şəxsin hər gün bazara çıxaraq belə səsləndiyini deyirdi: “Sərmayəsi əriyən bu adama acıyın! Sərmayəsi əriyən bu adama acıyın!” Onun bu sözlərini eşitdikdə “İnsanın daim zərər və ziyan içərisində olmasının mənası məhz budur” dedim. Çünki insana verilən ömür də, buz kimi, hər saniyə əriməyə davam edər. Əgər insan ömrünü ziyan edər, maddi və mənəvi hər hansı bir şey qazanmaz və ömrünü yanlış yerlərdə xərcləyərsə, ömrünü israf edər və onun fəlakətə düşməsinə səbəb olar”.
Peyğəmbərimiz (s.ə.s) də hədisi-şərifdə insanları Allahın verdiyi maddi və mənəvi nemətlərin qiymətini bilməyə təşviq edərkən bunlar arasında zaman məfhumunu da xüsusilə qeyd edir:
“Beş şey gəlmədən əvvəl, beş şeyin qiymətini bilin: Ölüm gəlmədən əvvəl həyatın, xəstəlik gəlmədən əvvəl sağlığın, məşğuliyyət gəlmədən əvvəl boş vaxtın, yaşlılıq gəlmədən əvvəl gəncliyin, fəqirlik gəlmədən əvvəl zənginliyin”.
“İki şey vardır ki, insan onlarda daim aldanmışdır: Səhhət və boş vaxt (zaman)”.
Günümüzdə bir çox insan zamanın yoxluğundan şikayət edər. Hansı ki, lüzumsuz və faydasız işlərin arxasınca getməkdən həyati əhəmiyyətə malik işləri görməyə zaman qalmaz. Ununtmamaq lazımdır ki, insana daha ana bətnindəykən həyatında alıb-verəcəyi nəfəs sayı təyin edilir və bunun hesabının da məsuliyyəti ona yüklənmiş olur.
İnsanın ən böyük düşməni unutmaqdır. Ağlı və dərrakəsi ilə həddindən çox bilgi və məlumatı əxz edib təhlil etmə qabiliyyətinə malik olan insanın, təəssüf ki, ən zəif xüsusiyyətlərindən biri unutmaqdır; üzərinə düşən məsuliyyəti unutmaqla vəzifələrini yerinə yetirmədə göstərdiyi səhlənkarlıq sayəsində zamanın boş getməsinə şərait yaradar və ən böyük ziyana düşməkdən qurtula bilməz.
ŞƏRHLƏR