Vətənə Susayanlar

Vətənə Susayanlar

Hz. Musa Fironu haqq yola dəvət etmişdi. Firon isə bunu qüruruna sığışdıra bilməmiş və ilahlıq iddiasını davam etdirmişdi.

 Musa, elə isə İsrail oğullarını burax, onları götürüb gedim, dedi. Firon bununla da razılaşmadı, çünki onları ən ağır işlərdə işlədir, onlardan əsir kimi istifadə edirdi. Bu mübahisə Musa ilə İsrail oğullarının Misirdən qaçması, onları yaxalayıb geri qaytarmaq istəyən Fironun isə ikiyə bölünən Qırmızı dənizdə boğulması ilə nəticələnmişdi. Firon məhv olmuş, İsrail oğulları isə onun zülmündən qurtularaq azadlığa qovuşmuşdu. Azad bir qövmün ən təbii ehtiyacı isə rahat yaşayacağı, öz hakimiyyəti altında olan bir torpaq parçasıdır. İndi sıra Allahın vədinin tamamlanması üçün bu torpaq parçasına yerləşməkdə idi. Hz. Musa onları “Ərzi-Mövud” – yəni, Allahın onlar üçün vəd etdiyi məkana aparırdı. Məqsədlərinə çatmağa az qalmışdı, amma qarşılarına çıxan mənzərə İsrail oğullarının xoşuna gəlməmişdi. Hz. Musanın onları gətirdiyi yerdə başqa bir qövm məskunlaşmışdı. Üzlərini Hz. Musaya çevirdilər, amma Hz. Musa yenə də eyni yeri işarə edirdi: bu şəhərə girməli idilər. Aralarında məsləhətləşdilər, çünki özlərini hələ döyüşə hazır hiss etmirdilər. Uzun illərdir ki, Firon onları qul kimi ən ağır işlərdə işlədirdi. Hətta onların güclü kişilərini öldürür, qadınlarını sağ buraxır, nəsillərini davam etdirmələrinə icazə verib ömürlük öz xidmətində saxlayırdı. İllər boyu boynubükük, qorxu içində yaşamışdılar. İndi bir şəhərə hücum edib vuruşmağa cəsarətləri yox idi. Hz. Musanın qarşısına çıxıb dedilər: “Ey Musa! Orada nəhəng-nəhəng adamlar var. Onlar oradan çıxmadıqca, biz oraya girən deyilik. Əgər onlar çıxsalar, o zaman biz oraya girərik”.  Hamısı belə düşünmürdü, aralarında Allah qorxusu daşıyanlar da var idi. Onlaradan ikisi belə demişdi: “Onların üstünə qapı tərəfdən hücuma keçin. O zaman qələbə sizinlə olacaq. Allaha inandığınızı deyirsinizsə, Ona təvəkkül edin”. İnanmağına inandıq deyirdilər, amma yenə də döyüşə girməkdən çəkinirdilər. Bəlkə  yenə də Qırmızı dəniz möcüzəsi kimi fövqəladə bir kömək gözləyirdilər ki, utanmadan: “Ey Musa, nə qədər ki, onlar oradadır, biz ora girən deyilik. Sən və Rəbbin gedin vuruşun (bu işi həll edin), biz isə burada oturub nəticəni gözləyəcəyik”, - dedilər. Onlara göydən bildirçin əti və halva yağdıran, buludu üstlərinə kölgə kimi çəkən və yerdən onlar üçün on iki bulaqlıq su fışqırdan Allahın bol lütfü qarşısında həddi aşaraq hər şeyi hazır istədikləri üçün vuruşmaq istəmədilər. Bunu istəmədikləri üçün də onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə düçar oldular. Çünki təndən (candan) fədakarlıq etmədən, vətən əldə edilmirdi. Artıq qırx illik bir məhrumiyyət dövrünə məhkum edildilər. O səhralarda qırx il boyunca o tərəfə - bu tərəfə gəzə-gəzə qaldılar. Nə oradan çıxacaq cəsarətləri, nə də ilahi bir yardımları oldu. Ta ki, yeni bir nəsil; yurdsuzluqdan, arada qalmaqdan, əzilmiş olmaqdan bezmiş və bir torpağa, bir vətənə sahib olmaq üçün susamış bir millət formalaşana kimi. Və nəhayət, qırx illik möhlətləri tamam olandan sonra, bu yeni, imanlı və gümrah nəsil oradakı güclü qövmə qalib gəldi və onlar üçün vəd edilən, Tur dağının sağ tərəfindəki o şəhərə daxil oldular. Beləcə, Hz. Musanın vədi gerçəkləşmiş oldu.

Bəzən Quran üzərində təfəkkür edəndə insanın ağlına belə bir sual gəlir: Niyə Quranda İsrail oğullarının başlarına gələnlərdən bir bu qədər bəhs olunur? Vaxtı keçmiş bu qissələrin nə əhəmiyyəti var? Halbuki, Allah-Təala bu kitabı Qiyamətə qədər, vaxtını Allah bilir, 2000 il, 3000 il və ya daha çox bir müddət üçün bizə kifayət edəcək, hər zaman sualımıza cavab tapa biləcəyimiz mənəvi bir yolçuluq azuqəsi və yol rəhbəri olaraq nazil etmişdir. Hətta bəzi ayələrin, vaxtı gəldiyi zaman açılaraq bəyan olunacağı da Quranda ifadə olunur. İndi bu baxış tərzi ilə baxsaq, o gün İsrail oğullarının başına gələn hadisə bu gün vətən həsrəti çəkən, zülmə məruz qalan bir toplum olaraq bizə ibrət təşkil etməzmi?

Allahın vədi və yardımı hər zaman gerçəkləşir, amma bunun üçün ona iman edən mömin bəndələrinin də öz boyunlarına düşən vəzifələrini yerinə yetirmələri şərtdir. Bu, bəzən bir möcüzə şəklində gerçəkləşərkən, bəzən də böyük bir sınaqdan sonra gəlməkdədir: bəzən  900 il sonra, bəzən 40 il sonra, bəzən də 10 il sonra... Yetər ki, bunu haqq edəcək iradəli, dirayətli bir nəsil formalaşsın və vətənə təkrar qovuşmaq üçün lazımi qədər susasın.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz