Vaxt Qızıldır

Vaxt Qızıldır

Hər bir müsəlman vaxtının qədrini bilməli və ondan səmərəli istifadə etməlidir.

 İslama görə zaman qızıldan da qiymətlidir. Saat əqrəbinin hər bir hərəkəti ömrümüzdən daha bir saniyəni itirdiyimizi xəbər verir. Saniyələr dəqiqəyə, dəqiqələr saata, saatlar günə çevrilir. Günlər aylara, aylar illərə dönür. Bəzi kimsələr: “Vaxt su kimi axıb gedir” deyə vaxtın tez keçib getməsindən şikayət edir. Əslində isə axıb gedən bizik. Hər kəs üçün keçən bir saniyə ölümə doğru yaxınlaşmaqdır. Elə isə əsas olan, bu vaxtın qiymətini bilib ondan gözəl bir şəkildə istifadə etməkdir.

Çox zaman cüzi miqdarda pulumuzu itirəndə kədərdən, narahatçılıqdan özümüzə yer tapa bilmirik. Amma qızıldan, gümüşdən daha dəyərli olan vaxtımızın bihudə işlərlə ötüb keçməsinin fərqinə varmırıq.

Vaxt  möminin itkisidir.  Mömin olan şəxs həmişə zamanın qədrini bilməli, vaxtını lazımınca dəyərləndirməlidir. Çünki hər bir hərəkətin bərəkət qazanması öz vaxtında görülməsindən asılıdır. Öz vaxtında və yerində görülməyən işin qiyməti olmaz. Atalar sözündə deyildiyi kimi, su eyni yerdən bircə dəfə axar. Buna görə də Allah tərəfindən verilmiş imkan çərçivəsində fürsəti qənimət bilməli, hər bir hərəkəti etməzdən əvvəl ölçüb-biçməli, yanlış addımlardan çəkinməliyik. İkinci dəfə eyni fürsəti əldə edə biləcəyimizə zəmanət yoxdur.

Həzrət  Peyğəmbərimiz (s.ə.s) öz sadiq səhabəsi Əbu Zərrə nəsihətində buyururdu:

“Ey Əbu Zərr, beş nemətin qədrini itirmədən əvvəl bil: qocalmadan əvvəl cavanlığın, xəstələnmədən əvvəl sağlamlığın, kasıblıqdan əvvəl varlılığın, məşğulluqdan əvvəl bekarlığın və ölməzdən əvvəl diriliyin qədrini.

Ey Əbu Zərr! Bu günün işini sabaha qoyma! Sən bu günün əlindəsən, sabah isə hələ sənə məxsus deyil. Əgər sabaha sağ çıxsan, bugünkü kimi yenə vəzifələrin olacaq və həmin vəzifələri yerinə yetirməli olacaqsan. Əgər sabaha sağ çıxmasan, bu gün elə et ki, “Niyə filan əməli dünən etmədim?” - deyə peşmançılıq çəkməyəsən.

Ey Əbu Zərr! Çoxları gecə düşənə kimi yaşamağa fürsət tapmayıblar. Və çoxları sabahın intizarında olub, amma səhərə çıxmayıblar”.

Unutmamalıyıq ki, ömür bizə bircə dəfə verilir. Bu ömür sonrakı axirət həyatı üçün bir sınaq meydanıdır. Etdiyimiz əməllərə, vaxtımızı həsr etdiyimiz işlərə görə Ulu Yaradanın qarşısında cavab verəcəyik. Və o zaman ömrümüzün hər bir saniyəsinə, hər bir dəqiqəsinə görə hesaba çəkiləcəyik.O zaman nəinki pislik etdiyimiz adamlar bizdən şikayət edəcəklər, hətta günah işlərə məcbur etdiyimiz bədən üzvlərimiz də bizim əleyhimizə şəhadət verəcək. Məsələn, əllərimiz söyləyəcək ki, onlarla filan günah işi görmüşük; dilimiz şahidlik edəcək ki, filan vaxt onu yalan danışmağa məcbur etmişik; ayağımız xəbər verəcək ki, filan günah iş dalınca getmişik və s.

Bir Hədisdə belə buyrulub:“Allah-Təala gözəldir və gözəlliyi sevir”.Uca Allah insanı yer üzündə özünə xəlifə (canişin) olaraq yaradıb. Dilimiz Allahı zikr etmək, Allahın bəyəndiyi söhbətləri danışmaq, qulaqlarımız Allaha xoş gələn sözləri eşitmək, gözümüz Allahın razı qaldığı mənzərələri seyr etmək üçün yaradılıb. Bunları günah əməllərə sərf etmək ən azı insafsızlıq, daha doğru desək, insanın öz-özünə zülm etməsi deməkdir. Allahın əmanət verdiyi bu nemətlərdən öz təyinatına uyğun istifadə etməyənlər barəsində Qurani-Kərim belə buyurur: “Həqiqətən, insan ziyan içindədir” (əl-Asr, 2)

Həzrəti Əli (r.a) buyurur: “Əgər insan 60 il yaşayırsa, bu müddətin yarısını yatmaqla keçirir və savab iş görə bilmir.

Qalan yarı hissəsinin yarısında da azyaşlı və təcrübəsiz olduğu üçün, sağı soldan, yəni yaxşını pisdən seçə bilmir.

O biri yarısının üçdəbirini var-dövlət toplamağa, çörəkpulu qazanmağa və ailəsinə sərf edir.

Yerdə qalan hissə də xəstəlik, qocalıq və ölüm qorxusu ilə keçir.

Həyat dediyin bu qayda ilə keçir.

Deməli, ömrünün uzunluğu ilə öyünən adam, həqiqətən, nadandır…”

İslam tarixinə nəzər salsaq, müsəlman alimlərin öz vaxtlarına nə qədər məsuliyyətlə yanaşmalarının şahidi olarıq. Bir çox İslam alimləri gündəlik saatlarını bölüşdürərkən, elmi fəaliyyətə  daha çox yer ayırmağa çalışırdılar. Bu gün Təbəri, İbn Kəsir, Xətib Bağdadi kimi məşhur din alimlərinin elmi irsini araşdırarkən, haqlı olaraq heyrətlənirik. Bu alimlərin yazdığı əsərlərin həcmi o qədər böyükdür ki, insan bu qədər kitabın bir nəfər tərəfindən təkbaşına yazıldığına inanmaqda çətinlik çəkir. Halbuki, bu alimlər zamanın qiymətini bilərək beyhudə işlərdən çəkinmiş,bu fürsəti ən ideal şəkildə dəyərləndirmiş və İslam ümməti üçün çox dəyərli əsərlər qoyub getmişlər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz