SUAL? - CAVAB!

SUAL? - CAVAB!

İnsanların başlarına gələn bəla və müsibətlər qədərdirmi?

Cavab: Bu suala cavab vermək üçün bəla və müsibətləri üç hissəyə ayırmaq lazımdır.

 Belə ki, birincisi, insanın iradəsi çərçivəsinə daxil olmayan bəla və müsibətlər: məsələn, zəlzələlər, bir insanın şikəst doğulması kimi; ikincisi, qismən insanın iradəsinə daxil olanlar: məsələn, qismən günahkar olduğu yol qəzaları kimi; üçüncüsü isə sırf insan iradəsindən asılı olan bəla və müsibətlər: məsələn, sərxoş halda avtomobil idarə etmə nəticəsində törədilən qəzalar, diqqətsizlik və tədbirsizlik nəticəsində düçar olunan xəstəliklər kimi. Uca Allahın elmi nöqteyi-nəzərdən bunların hamısı qədər olmaqla yanaşı, birincisi və müəyyən qədər də ikincisi termin mənası ilə də qədərdir. Bu kimi bəla və müsibətlər, səbir etmək şərtilə, günahlara kəffarədir və Uca Allahın dərgahında daha ali dərəcəyə nail olmaq üçün bir vasitədir. Axırıncısı isə, insanların xətaları ucbatından meydana gəldiyi üçün, ilahi elm baxımından qədərdən kənarda qalmamaqla yanaşı, insanlar bundan məsuldurlar. Möminin vəzifəsi hər növ bəla və müsibətlərdən Uca Allaha sığınmaq, eləcə də düçar olunduğu təqdirdə səbir etmək və qədərə inanaraq təsəlli tapmaqdır.

Odur ki, müsibətə düçar olan, səbir etmək şərtilə, heç şübhəsiz ki, böyük mükafatlara nail olacaqdır. Bundan əlavə, qeyd etmək lazımdır ki, Allah-Təala insanları sınaqdan keçirdiyi üçün, istədiyi təqdirdə onlara bir sıra bəla və müsibətlər verə bilər. İnsanlar bunun qarşısında Allaha qarşı olan qulluq və vəzifələrini yerinə yetirməlidirlər.

Etdiyimiz ibadətlərin savabı həyatda olanlar və vəfat edənlərə bağışlana bilərmi?

Cavab: Ümumiyyətlə, edilən ibadətlərin və yaxşılıqların savabının başqasına bağışlanması alimlər tərəfindən caiz hesab olunmuşdur. Belə ki, bir müsəlman oxuduğu Qurani-Kərimin, qıldığı nafilə namazın və etdiyi xeyirxahlığın savabını başqasına, onun sağ olub-olmamasından asılı olmayaraq, bağışlaya bilər. Savab bağışlanan müsəlmanın da bundan faydalanacağı ümid olunur. Qeyd edək ki, başqasına bağışlanan savabla bir müsəlmanın şəxsən yerinə yetirməli olduğu ibadət yerinə yetirilmiş sayılmır və bu, sadəcə olaraq onun yaxşılıq və savablarının çoxalmasına, eləcə də dərəcəsinin yüksəlməsinə bir vasitə ola bilər. Belə ki, anası və atası öldükdən sonra onlar üçün bir yaxşılıq edib-edə bilməyəcəyini və hansı əməlləri edə biləcəyinisoruşan şəxsə Hz. Peyğəmbər (s.ə.s): “Bəli! Onlara dua etmək, mərhəmət diləmək, onlar üçün bağışlanma istəmək (istiğfar etmək), vəsiyyətini yerinə yetirmək, dostlarına hörmət edib ikram etmək, qohumları ilə maraqlanıb onlara qarşı öhdəsinə düşəni etmək (olar)”, – deyə buyuraraq cavab vermişdir(Əbu Davud, Ədəb, 130; İbn Macə, Ədəb, 2). Başqa bir hədisi-şərifdə isə, anasının qəflətən öldüyünü, əgər danışma imkanı olsaydı, sədəqə verilməsini vəsiyyət edəcəyini güman edən, onun adına sədəqə verdiyi təqdirdə savabının ona çatıb-çatmayacağını soruşan bir səhabəyə Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Bəli, çatır! Onun adına sədəqə ver!”(Buxari, Vəsaya, 19; Müslim, Zəkat, 51).

Odur ki, yuxarıdakı və digər oxşar hədisi-şəriflərə söykənən alimlərə görə savabı vəfat edənin ruhuna bağışlamaq məqsədilə hər cür ibadət mümkün olmaqla yanaşı, onlar üçün müxtəlif dualar da edilə bilər. Lakin unutmamaq lazımdır ki, məsuliyyət fərdidir və hər bir kəs ilkin mərhələdə öz əməlindən haqq-hesab ediləcəkdir (İsra, 17/13; Müddəssir, 74/38).

Həmçinin qeyd edək ki, edilən ibadət və yaxşılıqların savabının bağışlanması, xeyir-duanın edilməsi üçün qəbrin yanında olmaq şərt deyil. Ancaq imkan daxilində zaman-zaman qəbir ziyarəti edərək orada dua etmək daha yaxşıdır. Çünki Hz. Peyğəmbərin (s.ə.s) Cənnətül-baqi qəbiristanlığına gedib orada dua etdiyi məlumdur (Müslim, Cənaiz, 102).

Bir insan ürəyində and içsə, yəni ürəyindən keçirsə və ya bir şey əhd etsə, bu etibarlıdırmı, dinən bundan məsul olarmı?

Cavab: İslam dininin əsaslarına görə, sadəcə düşünmək və niyyət etməklə məsuliyyət meydana gəlməz. Məsuliyyətin və öhdəliyin əmələ gəlməsi üçün “irafə ifadəsi”, yəni ağızla demək şərtdir.

Odur ki, and və ya əhdin (nəzirin) etibarlı olması üçün ağızla tələffüz edilməsi lazımdır. Əks təqdirdə, yəni tələffüz etmədən sadəcə olaraq ürəkdən keçirməklə and və əhdin hər hansı bir hökmü və nəticəsi meydana gəlməz.

Ölü doğulan körpənin cənazə namazı qılınarmı?

Cavab:Əgər körpə dörd aylıq olmadan salınarsa, nə yuyular, nə də cənazə namazı qılınar; sadəcə olaraq bir parçaya qoyulub dəfn edilər. Ancaq dörd aylıq və dörd aydan çox olar vəsağ doğulub sonra ölərsə, həm yuyular, həm də cənazə namazı qılınar. Ancaq ölü doğularsa, Hənəfi məzhəbi, İmam Malik, Övzai və Həsən Bəsriyə görə yuyular, ancaq cənazə namazı qılınmaz. Çünki Hz. Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “Əgər körpə doğulduğu zaman ağlayar və sonra ölərsə, onun namazı qılınar və ona varis olunar” (İbn Macə, Cənaiz, 26). Yəni, hədisi-şərifdə cənazə namazının qılınması üçün körpənin dünyaya sağ gəlməsi şərt qoşulmuşdur.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz