Gənclərdən Soruşduq
Orxan Rüstəmov
Təşkilatçı, Rejissor
Vətənpərvər olmaq sizə görə nə ifadə edir?
Bu suala həyatda tutduğu mövqeyindən asılı olaraq hərə bir cür cavab verə bilər.Ata bir cür, ana bir cür, gənc nəsil bir cür, yaşlı nəsil tam başqa cür... Vətənpərvər olmaq bir ata üçün, bəzən vətənini və ailəsini qorumaq naminə can verməkdir. Bir ana üçün vətənpərvər olmaq, bəzən cəmiyyətə xeyirli, gözəl əxlaqlı övlad böyütmək, bəzən isə özünündə ana dediyi vətənə canından bir parça olan övladını şəhid olaraq əta etməkdir. Gənc nəsil üçün vətənpərvər olmaq okeanların ta o tayında vətəni tanıtmaq, bu uğurda saysız-hesabsız kitabın tozunu udmaq, lazım olduqda isə müsəlləh bir əsgər olmaqdır. Yaşlı nəsil üçün isə vətənpərvər olmaq gözəl nəsihətdir, əxlaq dərsidir, hikmətdir. Kamilliyə çatmaq üçün vasitədir, nəsillərə. Sonda isə unutmayaq;vətənpərvər olmaq – gərəkdiyində ölmək, gərəkdiyində yaşamaqdır. Vətən üçün pərvər olmaq "Mübariz "olmaqdır.
TahirƏliyev
Azərbaycan Turizm və Menecment Universiteti (magistr)
Vətənpərvər olmaq sizə görə nə ifadə edir?
Vətənpərvərlik vətəni sevmək, vətənə bağlı olmaq və s. kimi mənalara gəlir. Bəs vətən nədir? Vətəni kimlər sevməlidir? İnsanların çoxu vətənin “yaşadığı yer” olduğunu deyirlər. Bəli, yaşadığın yeri qorumalısan, sevməlisən. Ancaq yaşadığımız yerə vətən demək vətən sözünə kiçik bir pəncərədən baxmaq kimi olardı. Hər hansı biz hadisə zamanı dünyanın fərqli yerlərində olan azərbaycanlıların dəstəyi, vətən sevgisi göstərir ki, vətən yaşadığımız yer deyil. Vətən təkcə bizim yox, atalarımızın, babalarımızın yaşadığı, canı, qanı bahasına qoruyub bizəəmanət etdikləri yerdir. Həmçinin biz də vətənimizi sevməli, onu yadlardan qorumalıyıq. Bu vətən bizə asanlıqla gəlib çatmayıb. Şəhidlərimizin, qəhrəmanlarımızın igidliyi, cəsurluğu nəticəsində bu gün biz vətən torpağında yaşayırıq. Vətənə ana vətən də deyirlər. Bizim mentalitetimizdə qadınlar, xüsusən də analar ən cox dəyər verilən insanlardır. Vətənimizəona görə“ana vətən”deyirik ki,o, bizim anamız kimidir. Vətən sevgisi uşaq yaşından aşılanmağa başlayır. Burada valideynlərin, bağça tərbiyəçilərinin və müəllimlərin rolu çox böyükdür. Məncə, vətəni sevmək hər hansı bir yerdəəlini ürəyinin üstünə qoyub himn oxuyarkən, tüklərinin biz-biz olması, ürəyinin həyəcanlanmasıdır.
Məhəmməd Məmmədzadə
Xəzər Universiteti (tələbə)
Vətənpərvər olmaq sizə görə nə ifadə edir?
Vətənpərvər deyəndə ilk ağlıma gələn söz türkçülükdür. Türkçülük deyəndə də ağlıma “Turan” gəlir. Vətənpərvər olmaq sözlə deyiləsi bir şey deyil, gərək yaşadasan. Azərbaycanda yaşayırıqsa, bu söz dahada qabarır, mənası daha da qüvvətlənir.Dahada ürəkdən gəlir, deyəsən ki: "Mən vətənpərvərəm!" Çünki Azərbaycan nə qədər şəhid, nə qədər ana gözyaşı görüb...“Vətənpərvərəm” sözünü, sözlə nə qədər demək istəsən də, qəlbində sanki o sözü deyəndə nəsə bir əskik yer qalır. Bunun üçün yaşatmaq lazımdır onu ürəyində.Bax onda nə qəlbində əskik bir şey qalacaq, nə də səni narahat edən bir hiss...
Mərahim Nəsib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (bitirib)
Vətənpərvər olmaq sizə görə nə ifadə edir?
Vətən deyəndə ilk öncə böyük filosof Mövlana Cəlaləddin Ruminin məşhur "Yeddi nəsihətinin" beşinci nəsihəti olan "Təvazökarlıqda və sadəlikdə torpaq kimi ol" misrasını xatırlayıram. Mövlananın insan xislətini torpağa bənzətməkdə məqsədi torpağın yaradıb, yaşadıb, can verdiyi halda, etdiyi bütün fədakarlıqlara rəğmən susması və yenə də fədakarlıq götərməsidir. Bu da o deməkdir ki, vətən torpaqdan başlayır. Biz torpaq üzərində dünyaya qədəm qoyuruq, torpaq üzərində dil açıb danışmağa başlayırıq. Torpaqdan qidalanır, torpaq üzərində addımlayırıq. Torpaqdan bəhrələnib, torpaqda da həyat sürürük.
Hər kəsin yaşadığı, yaratdığı, "İnqə" çağırıb dünyaya göz açdığı, nə vaxtsa üzərində ayaqyalın gəzdiyi, çəməninin şehində, göyünün yağışında islandığı, bağ-bağçasında rahatlıq tapdığı diyarı, torpağıdır onun vətəni. Qürbətdə vətən həsrəti ilə qovrulanlar bu bayatını əbəs yerə yaratmayıblar:
Əzizim vətən yaxşı,
Geyməyə kətan yaxşı,
Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı.
ŞƏRHLƏR