Hz.Peyğəmbərin ayı ŞABAN
Keçən sayımızda “Allahın ayı” kimi adlandırılan Rəcəb ayından söhbət açmış və bu ayın önəmi ilə əlaqəli fikirlərimizi paylaşmışdıq.
Buaykı yazımızda isə “Peyğəmbərin ayı” olaraq adlandırılan Şaban ayı ilə əlaqəli məlumatları sizlərlə paylaşmaq istərdik.Əvvəla, bu aylara Allahın və Peyğəmbərin ayı adları verilməsinə əsas təşkil edən hədisi bir daha xatırlatmaq yerinə düşərdi: “Rəcəb Allahın, Şaban mənim və Ramazan da ümmətimin ayıdır”. (Süyuti, əl-Cami əs-Səğir, 4411)
Məlum olduğu kimi,“üç aylar” olaraq İslam ədəbiyyatında məşhur olan aylardan ikincisi Şaban ayıdır. Bu ayı müqəddəsləşdirən və bu aya fəzilət qatan dəyərlərdən biri, on beşinci gecəsi olan Bərat gecəsidir. Bu gecə günahların bağışlandığı gecədir. Həzrət Peyğəmbər (s.ə.s) bu gecənin önəminə belə işarə etmişdir: “Allah-Təala rəhməti ilə Şaban ayının on beşinci gecəsi dünya səmasına təcəlla edər və Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayından çox insanı bağışlayar”. (Tirmizi, Savm 8) Başqa rəvayətlərdə də bu günün gecəsində namaz qılıb gündüzünü də orucla keçirmək tövsiyə olunmuşdur(bax. İbn Macə, İqamə 191). İslam alimi Ləknəvi “Hər kəs istərsə bu gecədə namaz qılar, istərsə digər ibadətlərlə məşğul ola bilər. Nə qədər və necə qılınacağı hər kəsin istəyinə həvalə edilib. Ancaq bu ibadət şəkli Peyğəmbərin qadağan edib çəkindirdiyi şəkildə olmalı deyil”-deyərək ibadətin mahiyyət və şəklinə açıqlıq qazandırmışdır. Bəzi alimlərin qiblənin Qüdsdəki Məscidi-Əqsadan Məkkədəki Kəbə istiqamətinə çevriləməsininŞaban ayında,Bərat gecəsində meydana gəldiyini qəbul etmələri də bu ayı daha da fəzilətli qılmışdır. Odur ki, belə gecə və günləri bağışlanmaq üçün bir fürsət bilərək bol-bol dua, istiğfar, zikr və nafilə namaz qılmaqla keçirmək məqsədə daha uyğundur.
Şaban ayına dəyər qatan hikmətlərdən biri də Ramazan ayına hazırlanma ayı olmasıdır. Bu aydakı mənəvi hazırlıq Ramazan ayını daha səmərəli keçirmək və Allahın savablar süfrəsindən istifadə etmək üçün önəmlidir. Şaban ayının fəzilətindən yararlanmaq istəyən nə etməli, hansı ibadətlərlə məşğul olmalıdır? Əlbəttə ki, bunları geniş şəkildə sıralamaq mümkündür. Ancaq biz bəzilərini qeyd edərək kifayətlənmək istəyirik. Yeri gəlmişkən onu da ifadə edək ki, buibadət növlərini sadəcə bu aya məxsus qılmaq əsas məqsəd deyildir. Əsas məqsəd bu ayı fürsət bilərək bütün həyatımızı bu növ ibadətlərlə bəzəməyə çalışmaqdır.
Bu ayda daha çox Quran tilavəti ilə məşğul olmalı, oxuyanları dinləməli və Quran ziyafətləri təşkil edilməlidir. Qurani-Kərimə olan sevgi, hörmət və bağlılığı gücləndirmək üçün səy göstərilməlidir.
Bu ayda digər aylara nisbətlə daha çox oruc tutmağa çalışılmalıdır. Çünki Rəsulullahın (s.ə.s) sevdiyi oruclar arasında Şaban ayında tutduğu oruclar da vardır. Hz. Aişədən nəql edilən rəvayətə görə o, Rəsulullahdan (s.ə.s) belə soruşmuşdur: “Görürəm ki, Şaban ayında daha çox oruc tutursan. Bunun səbəbi nədir?” Rəsulullah (s.ə.s) belə cavab verdi: “Ey Aişə! Bu ay elə bir aydır ki, ölüm mələyinə gələn il öləcək olanların siyahısı təqdim edilir. Mən də istəyirəm ki, əgər adım ölüm mələyinə veriləcəksə, oruclu ikən verilsin”.(Nəsai, Sovm 70) Bəzi rəvayətlərdə də bəzən Peyğəmbərimizin (s.ə.s) Şaban ayının bütün günlərində oruc tutduğu rəvayət edilmişdir. (İbn Macə, Sovm 4)
Bundan başqa, Peyğəmbərimizə bol salavat gətirilməli, təfəkkürlə məşğul olunmalı, küsülüləri barışdırmalı, səmimi tövbə və istiğfarla məşğul olunmalı, haqqına girdiyimiz kimsələrdən halallıq istənməli, bol sədəqə verilməli və bütün İslam aləmi üçün dua edilməlidir.
Nəticə etibarilə ifadə edə bilərik ki, bu mübarək aylarda (Rəcəb, Şaban) və onlardakı mübarək gecələrdə oruc tutmağın, namaz qılmağın və digər ibadətlərlə məşğul olmağın heç bir zərəri yoxdur, əksinə, sünnədir. Ancaq bilinməlidir ki, Peyğəmbər (s.ə.s) tərəfindən bu gecələrin hər birinə məxsus fərqli bir namaz və ibadət şəkli yoxdur. Hər kəs istədiyi qədər nafilə namaz qıla bilər. Düzdür, belə gün və gecələrlə əlaqəli bəzi hədislərin zəif olduğu ifadə edilmişdir. Ancaq əməllərin fəzilətləri ilə əlaqəli zəif hədislə əməl edilə biləcəyini ifadə edən alimlərin görüşünü xatırlamalı və beləhədislərə bu fikirlə yanaşmalıyıq. Bundan başqa, Merac möcüzəsinin də Rəcəb ayında gerçəkləşmiş olması bu ayı müsəlman aləmi üçün fərqli, əziz bir aya çevirmişdir.
ŞƏRHLƏR