And Olsun
Dünyaya bir dəfə gələn insan oğlu gec-tez bu həyatla vidalaşmağa məhkumdur. Həyatı şərəflə yaşamaq kimi ölümü də şərəflə qarşılamaq hər bir insanın ən ümdə amalı olmalıdır. Əslində bir gerçək də var ki, şərəflə yaşanan ömürlər şərəflə də sona çatar.
Ölümün şərəflisi ülvi və ali məqsədlər uğrunda insanın ən şirin nemət olan canını fəda edə bilməsi ilə mümkündür. Bəzi amallar var ki, onun uğrunda həyata əlvida demək ölüm sayılmamışdır. Uğrunda canların fəda edildiyi bu ülvi amalların başında Allahın rizası, vətən torpaqlarının bütünlüyü, din, namus, bayraq sevgisi gəlir. Bu uğurda ölümsə, heç şübhəsiz, şəhadətdir.
Rəbbimiz “Adiyat” surəsində Allah üçün döyüşə gedən atlara and içərək belə buyurur: “And olsun (cihad zamanı) tövşüyə-tövşüyə qaçan atlara”.Onun Qurani-Kərimdə bəzi varlıqlara and içməsinin səbəblərindən biri də biz insanların diqqətini həmin varlıqların aliliyinə çəkməkdir. Elə isə dinimizin cihad adlandırdığı uca amal uğrunda qaçan atlara and içilirsə, bu yolda bütün varlığı ilə fədakarlıq edən insan oğlunun şərəf və dəyərinin nə qədər ali olduğunu düşünmək bizə düşür.
Əcdadımız “Torpağı qorumadınsa əkib-becərməyə dəyməz, yox, əkib-becərmədinsə qorumağa dəyməz”, - deyiblər. Ulu babalarımızdan miras qalan bu sözə qulaq verən hər bir vətən oğlu yaşadığımız torpaqların qorunmasını da eynilə o torpağı abad etmək kimi bilmiş və əsrlərin sınağından üzüağ çıxmışdır. Son günlərdə Vətən torpaqlarımızın işğal altında olan Qarabağ bölgəsində gedən iki-üç günlük müharibədə dastan yazan igidlərimiz bunu bir daha sübut etdilər. Bir anda millət olaraq tək yumruğa dönə bilməyin mümkünlüyünü göstərən xalqımız mənfur ermənilərin yuxusunu bir daha qaçırdı. Bu günlərdə şəhadəti gördük, bir insanın sərt fədakarlıq yoxuşunda nələrə qadir ola biləcəyini müşahidə etdik, “Təki Vətən sağ olsun” deyən analar gördük, azyaşlı balaların qürur göz yaşlarına şahid olduq. Şəhid olan hər bir igid Vətən oğlu hal dili ilə bunu söyləyirdi:
“Bəli, bu Vətən bizimdir, üstündə gəzdiyimiz ana torpaq ən əziz varlığımızdır. Onu qoruyaraq gələcək nəsillərə miras qoymaq da ən ülvi amallarımızdandır. Gərəkərsə, əkib-becərdiyimiz bu torpaqları qanlarımızla suvarmaqdan çəkinmərik...”
ŞƏRHLƏR