Xoşbəxtliyi Yaşa(t)maq
Hər şey birdən-birə başlamadı. Yavaş-yavaş dəyişdirdilər bizi. Biz görə-görə və öz istəyimiz ilə. Heç xəbərimiz belə olmadan yaşamağa başladıq bu gün yaşadıqlarımızı. Bizə gözəl göstərdilər, biz də istədik. Alqışladıq. Biz də istəyirik, bizə də verin dedik.
Onlar da heç tərəddüt etmədən verdilər bizə gözəl göstərdikləri hər şeyi. Amma görüb istədiklərimizi qarşımıza qoyduqları zaman gördüklərimizlə eyni olmadığını gördük.Bizə ucsuz-bucaqsız dənizi göstərdilər əslində. Biz də inandıq, dəniz istədik. Bir də baxdıq ki, dəniz dedikləri gölməçələrdən ibarət imiş. Yenə dinmədik. Düşünmədik də. Nəyi istədiyimizi bilmədən istəməyə davam etdik. Gözlərimizdən girdilər qəlbimizin dərinliklərinə. Gözlərimizin gördükləri ilə dəyişdi beynimizin düşüncə tərzi.
Onlar kimi yaşamağa başladıq. Daha yaxşı yaşamaq və daha xoşbəxt olmaq istəyirdik sədəcə. Həyatda uğur qazanmaq istəyirsənsə ailədən uzaq olmalısan dedilər. Sevdiklərimizi gözü yaşlı qoyub uzaqlaşmağa başladıq. Çoxlu pul qazanıb bahalı maşınlar, gözəl evlər almaq üçün yola qoyulduq. Bu yolda istədiyimizi edə bilərdik. Başqalarının həyatı bizi maraqlandırmamalıydı. Biz sadəcə özümüzü düşünməliydik. Bunun üçün hər şeyi etdik də. Hər şeyi bir kənara qoyub qazanmağa başladıq bütün arxadakıları itirərək.Bizə könül verən insanlar, bizə maddi bir şey verə bilmirdilərsə öz dəyərlərini itirdilər gözlərimizdə. Yavaş-yavaş bizi sevən insanlara arxa çevirdik. Qazandıqlarımızın bizi heç kimə möhtac qoymayacağını zənn etdik. İtirə-itirə qazanmaqla keçdi həyatımız. Sadəcə özümüzü və öz uğurlarımızı düşündük.
Hər kəsin üzərindən xətt çəkib öz kiçik ailəmizlə yaşamağa önəm verdik. Öz dərdim özümə bəsdir dedik. Evimizə qonaq gələn insanlara elə üz göstərdik ki, bir daha qapımızı açan olmadı. Biz də heç kimin ziyarətinə getməyi düşünmədik. Çünki yaşamaq üçün çox qazanacaq, qazanmaq üçün də heç kimə əlavə pul xərcləməyəcəksən demişdilər bizə.Qonşuluğumuzda yaşayan insanlarla da aramızda məsafə qoyduq. Belə də olmalıydı. Çünki biz çaşıb onlara salam versəydik onlar bizdən bir şey istəyərdilər deyə düşündük. Və beləliklə bizə də heç kimin salam vermədiyini gördük. Bəlkə də bu hallar əvvəllər bizə bir az da olsa təsir edirdi, amma zaman-zaman hər şeyə öyrəşdiyimiz kimi, ona da adət etdik. Sürdüyümüz maşınlarda və yaşadığımız evlərdə yalnızlaşmağa başladıq.
Bütün qazandıqlarımız istədiyimiz xoşbəxtliyi gətirmədi bizə. O qədər istədiklərimizi özümüz üçün istədik ki, başqalarının uğurlarına kədərlənib, uğursuzluqlarına sevinməklə də özümüzə təskinlik verdik. Mən qazansam da başqaları qazanmasın dedik.
İş o yerə gəldi ki, bu gün tənha qalmışıq bu böyük dünyada. Bəlkə də hamı bizim hər şeyimizin olduğunu düşünür. Bir də bizim gözümüzlə baxsaydılar bizim dünyamıza. Bəlkə o zaman hər şeyimizin olduğunu hiss etsələr də, heç nəyimizin olmadığını da görə bilərdilər. Biz əslində hər şeyimizi itirdik. Evlərimizdə hüzura, can deyib - can eşitmək istədiyimiz dostlara, qohum-əqrəbanın səmimiyyətinə həsrət qalmağa başladıq. Biz onları itirərək qazandıq qazandıqlarımızı. Amma indi əldə etdiklərimizi verərək onları qazanmaq istəsək də,təəssüf ki, bunu edə bilmirik. Bizi çox aldatdılar əslində. Biz əvvəlcədən inanmamalıydıq bu sekulyarizm adı altında söylənən yalanlara. Bəlkə də bizim geriyə dönüşümüz yoxdur. Amma bizim yaşadıqlarımızı övladlarımızın yaşamaması üçün heç olmasa onlara öz mənfəətləri üçün başqalarının məhvini düşünməməyi, yüksəlmək üçün zəifləri ayaqları altına almamağı, öz evlərini tikdirmək üçün başqalarının evlərini sökdürməməyi, öz xoşbəxtliklərini başqalarının bədbəxtliyi üstündə qurmamağı öyrədək. Yoxsa onlar da mənəvi yoxsulluq, təklik və başqalarının nifrəti içərisində yaşayacaqlar bir ömür boyu. Heç olmasa öz övladlarımızı pul üçün hər şey edən fiqurlar kimi böyütməyək. Biz onlara nə qədər desək ki, pul bu dünyada hər şeyi həll edir, onlar da yavaş-yavaş pul üçün hər şey etməyə başlayacaqlar. Elə bununla da öz əlimizlə şəxsiyyətsiz, mənəviyyatsız və sonunda da tənhalığa məhkum olmuş bədbəxt bir nəsil yetişdirmiş olacağıq. Bəlkə də bütün bu dediklərim bir yuxu kimi görünür kimlərəsə, amma yuxu deyil,yozulmamış bir yuxunun və real həqiqətlərin nəticəsidir. Bədbəxt insanların içərisində xoşbəxt yaşamaq mümkün deyildir. Ətrafımızdakı insanların xoşbəxtliyi bizim xoşbəxtliyimiz üçün bir əsasdır. Gülən insanların içərisində ağlayanlara, ağlayan insanların içərisində də gülənlərə yer olmaz. Necə deyərlər; xoşbəxtliyi yaşatmaq, xoşbəxtliyi yaşamaqdan gözəldir. Hər zaman xoşbətliyi yaşatmaq ümidi ilə….
ŞƏRHLƏR