Hansı mal daha xeyirlidir?

Hansı mal daha xeyirlidir?

     Sülhü, sosial barışı, ədaləti təlqin edən dinimiz insan faktorunu hər zaman həyatın mərkəzinə yerləşdirərək onun dünya və axirət səadəti üçün çox sayda düsturlar təsis etmişdir. Müqəddəs Qurani-Kərim və Hz. Peyğəmbərimizin (s.ə.s) sünnəsi məhz bu düsturları ehtiva etməklə yanaşı bir çox məsələləri tənzim edərək insanların istifadəsi və qurtuluşuna vəsilə olma məqsədi daşıyır.

     Şübhəsiz, əsas olan axirət həyatıdır ki, onu da əldə etmək və qazanmaq üçün dünya imtahanını Uca Yaradanın iradəsi istiqamətində layiqli bir şəkildəkeçmək şərtdir. Allahın insana bəxş etdiyi hər bir nemət onun imtahan vəsiləsidir. İstər səhhəti olsun, istərsə də sahib olduğu bütün maddi zənginliklər olsun, məhz bunların tamamı axirət həyatında səadətə qovuşmaq üçün sanki bir imtahanda düşən suallara düzgün cavabların verilməsi ilə mahiyyət etibarilə eynilik daşıyır. “Nemət külfətə tabedir”, şəklində tənzim edilən düstura əsasən Allahın fərd və cəmiyyətlərə bəxş etdiyi bütün maddi imkan və zənginliklər əsas etibarilə eyni nisbətdə dünyəvi və üxrəvi məsuliyyətlərin də ortaya çıxmasına səbəb təşkil edər.İnsan, ona təqdir edilən maddi güc və zənginliyi dinin qoyduğu ölçülər daxilində paylaşmadığı müddətcə bu məsuliyyətdən qəti olaraq qurtula bilməyəcəkdir. Bu məsuliyyəti düzgün şəkildə yerinə yetirmədikcə sahib olduğu, həmçinin daim qürur və kibir mənbəyinə çevirdiyi zənginliyi onun cəhənnəm atəşinə düşməsindən başqa bir işə yaramayacaqdır.

     Cəmiyyət içərisində insanlar təbii olaraq öz imkanlarına və statuslarına görə bir-birindən fərqlənirlər. Bəziləri yüksək vəzifə sahibi və geniş maddi zənginliklərə sahib ikən, bəziləri isə özünün və məişətini təmin etməklə məsul olduğu ailəsi və yaxınlarının günlük ehtiyacını zülm və zillətlə keçirmə məcburiyyətində qalır. Əslində bunun özü də məhz imtahanın əsas arqumentidir.Qurani-Kərim, cəmiyyətdəki bu cür dərəcə fərqliliklərinin olmasını Allahın mərhəmətinin bir təzahürü olaraq səciyyələndirir:

“(Ya Rəsulum!) Məgər sənin Rəbbinin mərhəmətini (peyğəmbərliyini) onlarmı paylaşdırırlar?! Dünyada onların dolanacaqlarını öz aralarında Biz bölüşdürdük. Bir-birlərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün tutduq. Sənin Rəbbinin mərhəməti onların yığdıqlarından (dünya malından) daha yaxşıdır!” (əz-Zuxruf, 32)

“Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar (varlılar) tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. Allahın onlara olan nemətini inkar edirlər?”(ən-Nahl, 71)

Uca Allahın dolanacaq və ruzi məsələsində insanlar arasında fərq qoyduğunu açıqca yuxarıdakı ayeyi-kərimələrdən başa düşmək mümkündür. Bu fərq, tamamilə statusundan asılı olmayaraq insanların birinin digəri ilə hansı səviyyədə və ölçülər daxilində maddi və mənəvi cəhətdən  münasibətlər qurduğunu görmək, bunun nəticəsinə əsasənnə cür bir cəza və ya mükafatın verilməsi üçün qoyulmuşdur.

İslamın təməl şərtlərindən hesab edilən zəkatı, zənginlərlə kasıblar arasında maddi və mənəvi bir münasibətin təsis edilməsi üçün ən ideal bir mexanizm hesab etmək olar. Zəkatın fərz qılınmasındakı əsas hikmət və məqsədlərin başında da məhz bu münasibətlərin ortaya çıxaracağı iki təbəqə arasındakı ülfət və xoş münasibətin yaranması gəlir.

     İnsanın mal-dövlətə olan həvəs ve ehtirası, paylaşma duyğuları ilə dəstəklənmədiyi müddətcə onun ən böyük düşməni olmağa davam edəcək. Belə ki, Uca Yaradan“Sevdiyiniz şeylərdən (haqq yolunda) sərf etmədikcə savaba çatmazsınız. Şübhəsiz ki, Allah (Onun yolunda) xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran, 92)buyuraraq bildirir ki, ehtiyac içərisində çırpınan insanlar var olduqca zənginliklərini əsirgəyənlər savabdan məhrum qalacaqlar. Peyğəmbərimiz (s.ə.s) də “Kasıbları axtarıb araşdırıb tapın, onları qoruyun!” (Riyazus-Salihin, I, 284) buyurmaqla sosial ədaləti təmin etmək naminə zəkat və sədəqə verilməsinin, onların haqq və hüquqlarının qorunmasının vacib məsələ olduğunu ifadə etmişdir.

Bütün bunlardan başa düşüldüyü kimi, əsas zənginlik könül zənginliyinin hərəkətə keçirdiyi, mal-dövlətini paylaşa bilmə zənginliyidir ki, bu da müsəlmanın malı ilə olan imtahanında müvəffəq olmasını təmin edəcək yeganə yoldur.

      İctimai barışıq  və ibadətlərimiz arasında hansı cür bir münasibət mövcuddur?

     İbadətlər, insanlarda daim əxlaqi keyfiyyətlərin qazanılması və bunun cəmiyyətə yansıması üçün önəmli vasitələrdir. Bütün növ ibadətlər bu cür funksiyaya malikdir. Zəkat ibadətinin də bu şəkildə aktiv hala gətirilməsi bir çox ictimai və iqtisadi məsələlərin həllinə qovuşmasına böyük ölçüdə yardım edəcəkdir.

          Dinimiz, yalnız müəyyən bir qrup insanın deyil, bütün cəmiyyətin xoşbəxtliyini təmin etməhədəfi daşıyır. Fərqli qazanc əldə edən insan qrupları arasında iqtisadi müvazinətsizliyin ortadan qaldırıldığı və qardaşlıq duyğularının inkişaf etdiyi cəmiyyətlərdə, milli birlik və bərabərlik güclənərək sülh bərqərar olar. Dinimizin xoş görmədiyi, tənbəllik, dilənçilik, qəsb və s. kimi arzu olunmayan hal və hərəkətlər isə qeyri ixtiyari olaraq yox olar.

Sağlam toplumun formalaşması sağlam fərdin hər yönü ilə düzgün təlim və tərbiyəsindən birbaşa asılıdır. Bu isə həm dünya, həm də axirət səadətinə aparıb çıxaran yeganə yoldur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz