İftar və Təravih
Əziz Peyğəmbərmiz (s.ə.s) buyurur ki:
“Qiyamət yaxınlaşarkən zaman bir-birinə yaxınlaşacaq. Bir il bir ay kimi, ay bir həftə kimi, həftə bir saat kimi, saat isə bir anda yanıb kül olan xurma yarpağı kimi sürətlə gəlib keçər”.
Bu hədisi-şərifin gerçəkləşdiyi bir zamanda yayaşırıq hər halda... Zaman həqiqətən də çox daralıb. Gün və həftələr bir anda gəlib keçdiyi kimi, il də tez bir zamanda gəlib çatmaqda və dəyişməkdədir. Bu tez gəldiyini gördüyümüz zamanlardan biri də Ramazan ayıdır. Əslində “tez gəlib çatdı”,- desək də, həsrətlə gözlədiyimiz bir dəyərdir, fəzilətdir Ramazan ayı.. Orucu, sahuru, iftarı və təravihiylə həsrət və həyəcanla gözlədiyimiz bir zaman.. Bərəkətli bir mövsüm..
Ramazan orucu, İslamın beş əsasından biridir. İnsanın mənəvi cəhətdən inkişaf etməsinə dəstək olan bir əməldir. Orucun insana; Allah-Təalanın böyüklüyünü tanıması, ilahi nemətə şükrün xatırlanması, nəfsinin tərbiyəsi, insanın ictimai və şəxsi həyatı yönündən bir çox hikmətləri və faydaları vardır. Əlbəttə oruc hər şeydən əvvəl Allahın əmri olduğu üçün Ona itaət və ibadət məqsədi ilə yerinə yetirilir. Təmin edəcəyi maddi və mənəvi faydaları ondan sonra gəlməkdədir.
Bütün bu fayda və fəzilətlərin içərisində bu yazıda diqqət çəkmək istədiyimiz xüsus iftar və təravihdir.
İftar; orucu açmaq, orucu bitirmə vaxtı deməkdir. Bu, günəşin batması ilə başlayır.
Hz. Rəsulullah (s.ə.s) buyurur ki: “Oruclu möminin iki sevinci vardır; Bunlardan biri iftar vaxtındakı orucu açma sevinci, digəri isə Rəbbinə qovuşduğu (orucunun mükafatını alma) zamanındakı sevincidir”. (Buxari və Müslim)
Ramazan ayının girməsiylə iftar ziyafətləri, iftar dəvətləri daha da artar. Dostlarımızı, yaxınlarımızı iftara dəvət etdiyimiz kimi, biz də onların dəvətinə gedər və birlikdə iftar edərik. Bu gözəl adət həm insanların bir-birlərinə yaxınlaşmalarına dəstək olar, həm də yardımlaşma və comərdlik duyğularını canlandırar. Bunun üçün də Ramazanda iftar verməyin savabı böyükdür. İnsan, bir xurmayla da olsa iftar savabına çatmış olar. Bu barədə Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Kim bir müsəlman qardaşına iftar vaxtı yemək yedirərsə, onun savabı qədər o da savab qazanar. Yemək yedirdiyi kəslərin savabından da heç bir şey əskilməz”. (Tirmizi, İbn Macə)
Bir hədisində də belə buyurur: “Cənnətdə elə gözəl köşklər vardır ki, bunlar; şirin danışan, yemək yedirən və hər kəs yatarkən namaz qılanlar üçündür”. (Tirmizi)
İftar vaxtı edilən duaların geri çevrilmədiyini, Allah tərəfindən qəbul ediləcəyini də Əziz Peyğəmbərimiz xəbər verməkdədir: “Üç kimsənin duası rədd olunmaz. Bunlar; Ədalətli idarəçi, məzlum və iftar vaxtı oruclunun etdiyi dualardır”. (İbn Macə)
İftar vaxtı dua oxumaq sünnədir. Çünki oruclu adamın iftar vaxtı etdiyi dua qəbul olunub geri dönməz. Oruc açılan vaxtı oxunan iftar duası belədir:
“Allahummə ləkə sumtu, və bikə aməntu, və aləykə təvəkkəltu, və alə rizqikə əftartu - Allahım! Sənin üçün oruc tutdum, sənə inandım, sənə güvəndim və sənin ruzinlə orucumu açıram (iftar edirəm)”.
İbn Hibbanın rəvayətində keçən bir hədisdə Ramazanda iftar verənlərə mələklərin dua etməyini Hz. Peyğəmbərimiz (s.ə.s) belə bildirir: “Ramazan ayında kim halal qazancından bir oruclunu iftar etdirərsə, ramazanın bütün gecələrində mələklər ona dua edər və Qədir gecəsində Cəbrail (ə.s) onunla müsafaha edər (görüşər). Cəbrail (ə.s) kiminlə müsafaha edərsə, onun qəlbi incələr və gözlərinin yaşı çoxalar”. Oradakılar, ya Rəsulallah! Orucluya iftar etdirəcək bir şey yoxdursa nə edək? Bunu da öyrət, - deyə soruşanda belə buyurdu: “Bir ovuc yeyəcək də yetərlidir”. Bir loğma çörək də tapa bilməyən nə edər? - deyiləndə: “Bir az su qatılmış süd ikram edər”,- deyə buyurdu. Yanında o da yoxdursa? - deyildikdə isə: “Bir içim su”,- deyə cavab verdi. (ət-Tərğib vət-Tərhib)
Təravih namazı, Ramazan ayına məxsus olaraq yatsı namazından sonra qılınan namaza verilən addır. “Təravih” kəlməsi, ərəbcədəki “tərvih” kəlməsinin cəmi olub, “rahatlamaq, dincəlmək, istirahət etmək” deməkdir. Təravih namazı hər iki və ya dörd rükətin sonunda oturulub bir az fasilə verildiyi, istirahət edildiyi üçün bu adı almışdır. Kişi və ya qadın, bütün müsəlmanlara sünnə olan bir namazdır. Camaatla qılınması daha fəzilətlidir.
Ramazanla birlikdə Rəsuli-Əkrəmin nafilə namazlarında da artımlar görülürdü. Bunun ən bariz nümunəsi şübhəsiz ki, təravih namazı idi.
Hz. Peyğəmbər (s.ə.s) təravih namazını məsciddə bir neçə gün səhabələrə camaat şəklində qıldırmış, lakin daha sonra bu namazın fərz halına gələ biləcəyini düşünərək bir daha camaatla qıldırmamışdır. Ancaq hədisi-şəriflərində ümmətini bu namaza, həmçinin Ramazan ayında ibadətləri, xeyirli işləri artırmağa dəvət və təşviq edirdi. Buyurur ki: “Kim fəzilətinə inanaraq və mükafatını Allahdan umaraq Ramazan gecələrini əhya edərsə (ibadətlə keçirərsə), keçmiş günahları bağışlanar”.
Təravih namazı da günahların əfvinə bir vəsilədir. Bu xüsusda Hz. Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Allah (c.c) Ramazan orucunu fərz qıldı. Mən də gecə ibadətini (təravih namazını) sünnə qıldım. Kim fəzilətinə inanaraq və savabını Allahdan umaraq orucunu tutub, gecə ibadətini edərsə, anasından doğulduğu günkü kimi günahlarından qurtular”. (Nəsai)
Təravih namazı yatsı (işa) namazından sonra və vitr namazından əvvəl qılınır. Bu namazı dörd rükətdə bir salam verərək qılmaq mümkün olduğu kimi, iki rükətdə bir salam verərək qılmaq da mümkündür.
Ramazan orucu ildə bir dəfə Rəbbimizin bizdən istədiyi, bizə fərz buyurduğu bir əməldir. Ona görə də çalışmalıyıq ki, bu dəyərli ibadəti qəbul şərtlərinə uyğun olaraq yerinə gətirək.
ŞƏRHLƏR