Möminin Baharı
Allah bəşər övladını insan olaraq yaradaraq ona cənnəti qazanma fürsəti vermişdir. Hər bir insan bu fani dünyada bir dəfə yaşayır və verilən fürsəti lehinə və yaxud əleyhinə istifadə edir. Odur ki, həyatımızda dünya və axirət üçün önəmli fürsətlər vardır.
Bəzən həyatı boyu çalışıb əldə edilməyən fürsətlər bir anda əldə edilir. Bu fürsətlərdən biri də, məhz astanasında olduğumuz Ramazan ayıdır. Ramazan ayı hər bir müsəlmanın yenidən doğulma, yenilənmə ayıdır. Bir sözlə bütün canlılar necə ki, bahar fəslində yenidən oyanır və həyatına davam edir, Ramazan ayı da, hər bir möminin yenidən dirilmə çağı, yəni baharıdır.
Mömin üçün Allah tərəfindən bəxş edilən ən böyük fürsət məhz ramazan ayıdır. Çünki bu ayda min aydan daha xeyirli olan Qədir gecəsi vardır. Bu gecəni lazımi şəkildə ehya edən kimsə, cənnət qapılarını aralamış sayılır.
Ramazan ayında nafilə ibadətlər ilə məşğul olan kimsəyə digər aylarda fərz ibadətlər ilə məşğul olana verildiyi qədər savab yazılır. Ramazan ayında bir fərzi əda edənə, digər vaxtlarda yetmiş fərzi əda etmiş kim savab yazılır.
Ramazan ayında tutulan orucun savabını Allahdan başqa kimsə bilmir. Oruc o qədər əhəmiyyətli bir ibadətdir ki, onun mükafatını Allah özünə məxsus qılmışdır. Çünki oruc tutan üçün verilən savab hesabsızdır.
Ramazan ayının ilk günündən etibarən rəhmət və mərhəmət qapıları açılır, hətta son gününə qədər bağlanmaz. Ramazan gecələrində bir rükət namaz qılan kimsə üçün Allah min rükət namaz savabı yazar. Ona cənnətdə yaqutdan köşklər verər. Bir bəndə Ramazanın ilk günündə oruc tutduqda keçmiş Ramazandan bu yana işlədiyi (kiçik) günahları bağışlanar. Sübh namazından günəş batana qədər yetmiş min mələk onun üçün bağışlanma diləyər.
Həmçinin Ramazan ayında orucluya iftar verən kimsənin də günahları bağışlanar. Bir xurma ilə iftar versə də, nəticə eynidir.
Həzrət Əli (r.a) nə gözəl ifadə edib: “Ağıllı şəxs o kimsədir ki, dünyada ikən axirətini qazanmağa çalışır”. Ağlı yerində olan heç kimsə dünya nemətlərinə aldanaraq axirət qazancından əl çəkməz. Odur ki, Uca Allahın biz bəndələrinə bəxş etdiyi ağıl və idrakımızı düzgün istifadə etməli və cənnəti qazanmaq üçün Uca Yaradanın bizə bəxş etdiyi fürsətləri puç etməməliyik. Hədəfimiz müvəqqəti qazancları əbədi qazanca çevirmək olmalıdır.
Həzrət Peyğəmbərin (s.ə.s) bildirdiyinə görə üç fürsəti əldən verənlər Cəbrail mələyin belə bir bədduasına tuş gəlmişdir: Əshabədən Kab ibn Ücrənin bildirdiyinə görə günlərin bir günü Rəsulullah (s.ə.s) minbərin önündə toplanmağı əmr etdi. Bunu eşidən bütün əshabələr oraya toplaşdılar. Rəsulullah (s.ə.s) minbərin birinci pilləsinə çıxanda, “Amin”,-dedi. İkinci pilləsinə çıxanda da, “amin”,-dedi. Üçüncü pilləyə qalxdı və yenə, “amin”,-dedi. Hədisi rəvayət edən səhabə belə davam edir:
Bu hal qarşısında biz Rəsulullaha (s.ə.s) belə dedik:
“Ya Rəsulallah! Bu günə kimi səndən eşitmədiyimizi duyduq. Belə davranmağınızın səbəbini çox mərak edirik”.
Rəsulullah (s.ə.s) bizə belə cavab verdi:
“Mənə Cəbrayıl mələk göründü və belə dedi:
Ramazan ayına çatıb, lakin bağışlanmayan şəxs Allahın rəhmətindən uzaq olsun. Mən də,“amin”,- dedim. Minbərin ikinci pilləsinə çıxdıqda isə:
Yanında adın xatırlandığı zaman salavat gətirməyən Allahın rəhmətindən uzaq olsun, - dedi. Mən də, “amin”,- dedim. Minbərin üçüncü pilləsinə çıxdıqda:
Ana-atası və ya bunlardan biri yanında qocaldığı halda bunlar sayəsində cənnətə girə bilməyən şəxsə təəssüflər olsun, ilahi rəhmətdən uzaq olsun, - dedi. Mən də,“amin”,- dedim”.
Deməli ramazan ayı bizlərə verilən ən böyük fürsətdir. Bu fürsəti əldən vermək də ən böyük itkidir.
Gəlin bu ramazanı ibadətlərimizlə, sədəqələrimizlə, oruclarımızla, nafilələrlə, dualarımızla, xətimlərimizlə fürsətə çevirək və cənnəti qazanma vəsiləsi qılaq. Sadəcə ac qalaraq pəhriz tutmayaq. Əlimizə, dilimizə, ayağımıza, nəfsimizə, fikrimizə, xülasə bütün bədənimizə və ruhumuza oruc tutturaq.
Hədislərdə də buyurulduğu kimi; Ramazanın başı rəhmət, ortası bağışlanma, sonu isə cəhənnəmdən qurtuluşdur. Ramazanda cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar zəncirə vurular. Çünki savablar çoxalar, günahlar azalar.
Ramazan ayı həzrət Peyğəmbərin digər vaxtlara nəzərən daha comərd olduğu aydır. Bu comərdliyi özündə yansıda bilən kimsə qurtuluş yolunu tapan kimsədir.
Keçən Ramazanlar geridə qaldı. Gələcək Ramazanlara çata biləcəyimiz naməlumdur. Gəlin bu Ramazanı məqsədinə uyğun yaşayaq və yaşadaq.
Bu Ramazanımızın hər birimiz üçün cənnət vəsiləsi olması, bütün İslam dünyası üçün sülh və əmin-amanlıq gətirməsi, qardaşlığın möhkəmlənməsinə vəsilə olması təmannaları ilə Ramazanımız Mübarək Olsun!!!
ŞƏRHLƏR