Müsahibə - Naci ÖZTÜRK
Kamil müsəlman başlı-başına bir vəqfdir
İrfan:Naci bəy, zəhmət olmasa özünüzü təqdim edin.
Naci Öztürk: Balıkesir Gönəndə dünyaya gəlmişəm. 1959-cu ildən İstanbulda yaşayıram. 1986-cı ildən etibarən isə Aziz Mahmud Hüdayi Vəqfində xidmət göstərirəm. Məqsədimiz vəqfin sosial xidmət sahəsində fəaliyyətlərini ən mükəmməl şəkildə həyata keçirməkdir. Təxminən 28 ildir ki, bu fəaliyyətimiz davam edir.Kimsəsiz, yoxsul və möhtac insanlara xidmət etdiyim üçün özümü xoşbəxt hiss edirəm.
-Hüdayi Vəqfinin qurulmasındakı məqsəd nədir?
- Bu vəqf kimsəsiz, yetim, ehtiyac sahibi insanları himayə etmək məqsədi ilə qurulub. Universitetdə oxuyan tələbələri yetişdirmək, insanlara Quran təlimi vermək üçün qurulub. Vəqfə gəldiyim ilk zamanlar təxminən 15-20 ailəyə ərzaq yardımı edilir və sadəcə 15-20 tələbəyə gündəlik yemək verilirdi. Zaman keçdikcə, imkan artdıqca vəqfimiz daha gözəl xidmətlər etməyə başladı və fəaliyyətlərimiz geniş sahələrə yayıldı. Bu gün demək olar ki, dünyanın hər tərəfində bu xidmətlərimizi davam etdiririk.
- Naci bəy, vəqf fəaliyyətlərinin bu qədər böyüməsinin kökündə nə yatır?
- Yola çıxarkən əsas qayə Allahın rizasını qazanmaq olmalıdır. Hansı işi görməyinizdən asılı olmayaraq əgər Allahın rizasını hədəf almısınızsa, o işin nə qədər bərəkətləndiyini görəcəksiniz. A.M. Hüdayi Vəqfi də məhz Allahın rizasını qazanmaq niyyəti ilə qurulub və hal-hazırda da bu hədəfindən yayınmadan xidmət həyatına davam edir. Ona görə də Rəbbimiz bərəkətini əskik etmir. Nə qədər şükür etsək, azdır. Fərd olsun, cəmiyyət olsun, fərq etməz, əgər kompasın əqrəbi Allahın rizası istiqamətini göstərirsə, heç bir sarsıntı, çətinlik yaşamazsınız.
- Bir insanı sevindirmək, möhtacı sevindirmək necə duyğudur, insana nə kimi təsir bağışlayır?
- İnsanları sevindirmək çox gözəl duyğudur. Bir insanı zəif, aciz, möhtac anında sevindirmək, yıxılana əl uzatmaq tərifi imkansız duyğudur. İnsanları sevindirmək hər bir müsəlmanın borcu olmalıdır. Allah Rəsulu “sevdirin”,- buyurur.
Vəqfimizin qurulduğu illərdə dövlətin gücü indiki qədər deyildi. Xəstələr pərişan halda idi, onlara lazımi dəstəyi verə bilmirdi. Məhz belə bir vəziyyətdə Hüdayi vəqfi çoxlarına yardım etdi. Dərman almağa pulu olmayan, bu səbəbdən həyati təhlükə ilə qarşı-qarşıya gələn insanlara dəstək oldu. Yardım olunan möhtac insanların nə qədər sevindiyini gözlərinizlə görməniz lazımdır. Mən başıma gələn bir hadisəni burada sizinlə paylaşmaq istəyirəm. Bir gecə övladıma dərman almaq üçün 24 saat açıq olan əczaxanalardan birinə getmişdim. İçəri girəndə gözümə gənc ər-arvad və azyaşlı uşaq dəydi. Kişi bir dərman istəyirdi, amma pulu yox idi. Vəziyyəti satıcıya izah etsə də, satıcı ona dərman vermədi. Qızdırmadan yanan azyaşlı uşağına dərman ala bilməyən ata gözündən yaş axa-axa çölə çıxdı. Mən yaxınlaşıb icazənizlə dərman pulunuzu vermək istəyirəm, desəm də razı olmadı. Xeyli isrardan sonra razılaşdıq. O anda atanın və ananın üzündəki sevinc ifadəsini kəlmələr izah edə bilməz. İnsan sevindirmək bambaşqa duyğudur. İstər vəqf, dərnək olaraq, istərsə də fərdi şəkildə insanları sevindirməyə, üzlərini güldürməyə çalışmalıyıq. Qapıdan çıxarkən qarşılaşdığınız qonşuya gülərüzlə salam verməyiniz onu xoşbəxt edirsə, bunu əsirgəməmək lazımdır. Hz. Peyğəmbər insanlara gülərüz göstərməyin sədəqə olduğunu söyləyir. İnsan başlı-başına vəqf olmalıdır. Evdən çıxarkən ətrafındakılara diqqətlə baxmalıdır. Görəsən, ac varmı? Üşüyən varmı? Dərman ala bilməyən xəstələr varmı?... Vəqf insanı olmaq sadəcə pul xərcləməklə məhdud qalmamalıdır. Gülərüz, xoş söz, yükünü daşıya bilməyən adama yardım etmək də xeyriyyəçilik deyilmi? Məsələn, elə insanlar var ki, özünü dolandıracaq maddi imkana sahibdir, sadəcə olaraq yaşlılığı səbəbi ilə evdən çıxıb dükana, bazara gedə bilmirlər. Onların öz pulları ilə ehtiyaclarını qarşılamaq da bir vəqf anlayışıdır. Səhər 10 dəqiqə erkən qalxıb yaşlı bir qonşumuzun çörəyini, qatığını, südünü, ətini alsaq nə olar? İnsanlara mərhəmət və şəfqət qanadlarımızı açmalıyıq. Çünki mərhəmət və şəfqətin məlhəm ola bilməyəcəyi xəstəlik yoxdur.
- Naci bəy, mərhəmət və şəfqət dediniz. Günahlar içində boğulan insanlara da şəfqət etməliyikmi sizcə?
- Bu gün içki və narkotika aludəçisi olan insanlar var. Onlara da mərhəmət etməliyik əlbəttə ki. Sərxoş olduğu üçün heç nə vermək istəmədiyin bir adamın küçədə gecələməsini insanın vicdanı necə qəbul edə bilər? İçki içdiyi üçün soyuqdan donub ölsünmü? Belə bir hərəkət müsəlmana yaraşmaz. Çünki İslam günaha olan nifrəti günahkara sirayət etdirməməyimizi tələb edir bizdən. Böyük Haqq dostlarından İbrahim Ədhəm həzrətləri bir gün yolda sərxoş bir adamın yanından keçərkən ağzından pis iy gəldiyini görür. Su gətirib o əyyaşın ağzını yuyur. Həmin sərxoş ayılanda deyirlər ki, Xorasan zahidi İbrahim Ədhəm sənin ağzını yuyub təmizlədi. Bu mərhəmətdən təsirlənən əyyaş, “Mən də artıq içki içməyə tövbə etdim”,- deyərək bir daha içki içmir. Görürsünüz, İbrahim Ədhəm içki içdiyi üçün günahkardan uzaqlaşmır. Ona şəfqətlə rəftar edir, o da bunun müqabilində günahından dönür. Demək ki, müsəlman hər kəsə mərhəmət göstərəcək. Əgər Allah küfrü və günahı səbəbi ilə insnaları nemətindən məhrum etmirsə, biz kimik ki, onları məhrum edək.
- Vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik. Rəbbimiz vəqfinizə bərəkət ehsan etsin. Rizasını qazanan bəndələri arasına ilhaq etsin.
- Təşəkkür edirəm.
ŞƏRHLƏR