BİR AYƏ
لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللهَ بِهِ عَلِيمٌ
“Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləmədikcə yaxşılığa (cənnətə, Allahın rizasına) nail ola bilməzsiniz. Hər nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir”. (Ali-İmran, 92.)
Bir mömininöz malından Allah yolunda necə sərf edəcəyinə işıq tutan bu ayə, Mədinədə nazil olmuş və bu zaman Mədinənin ən zənginlərindən olan Əbu Talha, Məscidi-Nəbəvinin qarşısında yerləşən vəçox sevdiyi Bəyraha adlı bağçasını Allah yolunda infaq etmək istəmişdi. Onun bu hərəkətinə görə Hz. Peyğəmbər (s.ə.s) onu tərifləyərək:“Həqiqətən, qazandıran mal bu maldır!” buyurmuş və onu qohumları arasında bölüşdürməsini tövsiyə etmişdi. Əbu Talha da bu şəkildə bağçasını qohumlarına infaq etmişdi. Həzrət Ömər də bu ayə endikdən sonra Peyğəmbərimizə gəlib belə demişdi: “Ey Allahın Rəsulu! Mənə görə, Xeybərdə qənimət olaraq payıma düşən ərazidən daha qiymətli bir mal yoxdur. Onu necə infaq edim?” Peyğəmbərimiz də: “Əslini özündə saxla, meyvələrini sədəqə kimi payla!” buyurmuşdu. Yenə səhabələrdən Zeyd bin Harisə, ən çox sevdiyi malı olan Səbəl adlı atı ilə gəldi və “Bu sədəqə olsun!” dedi. Hz. Peyğəmbər (s.ə.s) də onu qəbul etdi və atı Zeydin öz oğlu Üsaməyə verdi. Zeyd buna kədərlənincə Hz. Peyğəmbər (s.ə.s): “Şübhəsiz ki, Allah bunu səndən qəbul etmişdir!” buyurdu.
“Yaxşılıq” deyə tərcümə etdiyimiz “əl-Birr” kəlməsinə təfsirlərdə, “həqiqi yaxşılıq, xeyir, Cənnət, Allahın rizası” kimi mənalar da verilmişdir. Demək ki, Allahın rizasına və cənnətinə nail ola bilməyin şərtlərindən biri də, insanın sahib olduğu və çox sevib bağlandığı dünya nemətlərindən Allah yolunda xərcləməsidir. Bu da möminin dünya həyatındakı ən çətin sınaqlarından biridir.Bir mömin ancaq bu şəkildə həqiqi mənada yaxşılıq etmiş olar və cənnətə girməyə haqq qazanar. Bu imtahanı müvəffəqiyyətlə keçməyin əsas prinsipi bu ayədə qısa və öz olaraq bildirilmişdir. Allah Təala, özümüz üçün çox dəyərli olan bir şeyi mömin qardaşımıza infaq etməklə nəfsimizə qarşı mübarizə aparmağımızı və onu bu şəkildə tərbiyə etməyimizi tələb edir. Sahib olduğumuz, ancaq bizim üçün çox da əhəmiyyətli olmayan bir şeyi rahatlıqla sədəqə kimi verə bildiyimiz halda, çox sevdiyimiz hər hansı bir dünya malını rahat bir şəkildə infaq etmək çətin, ancaq Allah qatında bir o qədər qiymətli bir işdir. Buna görə də Allah Təala, Onun rizasını və cənnəti əldə etmək üçün mütləq bu mərhələni keçməyimizi istəyir. Necəki, Həzrət Peyğəmbər (s.ə.s) bir hədisində buyurur: “Sizdən biriniz, özü üçün istədiyi bir şeyi mömin qardaşı üçün də istəmədikcə həqiqi iman etmiş olmaz!”Yəni hər bir mömin ən az özü və ailəsi qədər digər möminləri də düşünməlidir.Belə bir infaq şəkli həmçinin insanı xəsislik xəstəliyindən xilas edər və ona comərdlik vəsfi qazandırar.
Ancaq bu, bizim üçün dəyəri az olan şeylərdən verəcəyimiz sədəqənin Allah tərəfindən qəbul olunmayacağı mənasına gəlməz. Çünki Zilzal surəsində Allah Təala buyurur ki: “Kim zərrə qədər xeyirli bir iş görərsə, (axirətdə) onu (mükafatını)görəcəkdir.” Həmçinin Hz. Peyğəmbərmizin (s.ə.s) də buyurduğu kimi: “Yarım xurma yaxud gözəl bir söz ilə olsa belə, cəhənnəmdən qorunun!”
ŞƏRHLƏR