Müsahibə - Hafiz Azər Nafiyev

Müsahibə - Hafiz Azər Nafiyev

            İrfan: İlk öncə zəhmət olmasa özünüzü təqdim edərdiniz.

     Azər N.: Oğuz rayonu Xaçmaz kəndində 1981-ci ildə anadan olmuşam. 1994-1997-ci illərdə Şəki İslam Mədrəsəsində hafizlik üzrə təhsil almışam.

 Hərbi xidməti bitirdikdən sonra, 2002-2006-cı illər arasında Türkiyədə, İstanbul şəhərində Mərmərə universitetinin ilahiyat bölməsini bitirmişəm. Bundan sonrakı iki il də həmin universitetdə magistr təhsili almışam. 2009-2011-ci illər ərzində də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi vəzifəsində işləmişəm. 2012-ci ilin iyun ayının 1-dən indiki tarixə kimi Əjdərbəy məscidində imam müavini vəzifəsində işləyirəm.

İrfan: Azərbaycanda Ramazan ayı necə qarşılanır?

- Daha əvvəlki illərdə, müstəqillik əldə olunmamışdan əvvəl, sovet rejimi dönəmində dinimizə qarşı bir çox qadağalar var idi. Bunlar əlbəttə ki, bizim dini bayramlarımızda, dini adət-ənənlərimizin yaşanmasında çox açıq bir şəkildə hiss olunurdu. Çox şükürlər olsun ki, müstəqillik əldə olunduqdan sonra digər sahələrdə olduğu kimi dini sahədə də xalqımızda çox böyük inkişaf qeyd olunmuşdur. İnsanlarımızın ildən-ilə dinə qarşı rəğbətinin artması, dini ayinlərin, dini mərasimlərin və dini ibadətlərin yerinə yetirilməsinə olan müsbət münasibətin artması açıqca görülür. Bunu biz Ramazan ayında xüsusilə müşahidə edirik. Bu ayda  insanlarımızın oruc tutmağa yönəlməsi, ibadətlərə yönəlməsi ildən-ilə daha yayğın hala gəlməkdədir. Əjdərbəy məscidində də təxminən iyirmi ilə yaxındır ki, mütəmadi olaraq hər il Ramazan ayında təravih namazları ara vermədən qılınır. Bu qılınış, digər məscidlərdən fərqli olaraq “xətm”lə, yəni bütün Qurani-Kərimi təravih namazı içində Ramazan ayı boyunca başdan-sona oxumaqla qılınır. Hər rükətində bir səhifə oxunur, beləcə hər gün qılınan iyirmi rükətdə bir cüz tamamlanmış olur. Bunu bütün Ramazan ayına yayanda ay sonuna kimi Quranı xətm etmiş oluruq. İnsanlarımızın bu namaza rəğbətinin də ildən-ilə artdığını müşahidə edirik. Sevərək, istəyərək çox rahat bir şəkildə burada ibadətlərini yerinə yetirirlər. Ramazan ayı bizim üçün çox əhəmiyyətli, çox dəyərlidir. Bu ayda edilən ibadətlərin də xüsusi bir mənəvi havası var, insanlara ayrı bir təsiri olur.

İrfan: Təravih namazını bir az daha açıqlasanız.

- Ümumiyyətlə təravih namazı peyğəmbərimizin (s.ə.s) zamanında qılınmağa başlayıb. Peyğəmbərimiz ramazanın ilk günlərində bir-neçə gün bu namazı camaatla birgə qılır. Gündən-günə bu namaza qatılanların sayı artmağa başlayır. Daha sonra peyğəmbərimiz bu gedişdə fərz olaraq buyurulacağından çəkinərək bu namazı evində qılmağa davam edir, səhabələrə də evlərində qılmağı məsləhət görür. Sonrakı dönəmdə, xüsusilə Hz. Ömər zamanında təravih namazının camaatla qılınmasının ümmətin xeyrinə olacağı qənaətinə gəlinir. Hz. Ömər beləcə təravihin məsciddə, cəm halda qılınmasına qərar verir və hətta Übey bin Kaba bu namazları qıldırmaq vəzifəsini tapşırır. Bu elə-belə bir qərar deyildi. Bu namazın qıldırılması üçün imam seçərkən Hz. Ömər çox ciddi bir yoxlama keçirir. Çağırdığı hafizləri oxudaraq dinləyir və onların oxuyuş tərzinə, səsinə görə müxtəlif tapşırıqlar verir. Çünki ilk il bir məsciddə,bir imamın arxasında qılınsa da sonrakı illər digər məscidlərdə də təravihin camaata fərqli imamlar tərəfindən qıldırılmasına icazə verilmişdi. Bu imamları çox böyük bir incəliklə dərəcələndirir, Hz. Ömər. Belə ki, oxuyuşu sürətli olana bir rükətdə otuz ayə, bir az yavaş oxuyana iyirmi beş ayə, ondan da yavaş oxuyana hər rükətdə iyirmi ayə oxuyacaqsan deyə tapşırıq verir. Məqsəd sünnəyə uyğun olaraq, camaatı çox yormadan, bezdirmədən namazı qıldırmaq idi. Təravih bu şəkildə qılınaraq bir Ramazanda iki-üç xətm tamamlanardı o dönəm. İlk dönəm təravihləri bütün məscidlərdə xətmlə qılınardı. Amma daha sonrakı dönəmlərdə insanlara asanlıq olması üçün qısa surələrlə, kiçik ayələr oxunaraq qıldırılmasına alimlərimiz icazə veriblər.

İrfan: Bəs Əjdərbəy məscidinin təravihləri necə keçir?

- Bir az əvvəl qeyd elədiyim kimi, məscidimizdə təravih hər il xətmlə qılınır. Müxtəlif bölgələrdən, şəhərimizin ən uzaq guşələrindən belə insanlar burada xətmlə namaz qılındığı üçün, iştirak eləmək üçün gəlirlər. Son illərdə Ramazan ayı yay aylarına düşür. Bu səbəblə gec başlamasına və gec bitməyinə baxmayaraq yenə də insanlar sevərək bu namaza gəlib iştirak edirlər. Daha çox savab  qazanmaq üçün, bu ayın feyzindən, bərəkətindən daha çox istifadə etmək üçün bu namaza qatılırlar. Biz də öz növbəmizdə hər il müxtəlif hafizlərdən dəvət edirik, köməkləşərək, növbələşərək bu namazı icra edirik.

İrfan: Ramazan mövsümündə nəyin necə olmağını arzulayardınız?

- Ramazanı başa düşənlər bu rəhmət mövsümündən maksimum istifadə etməyə çalışırlar, bəzi bəyənilməyən əməllərdən, pis xasiyyətlərdən uzaq durmağa çalışırlar. Məsələn, elə insanlar olur ki, bu ay ərzində siqaretdən uzaq dururlar və bunun mümkünsüz olmadığını görüb birdəfəlik siqareti tərgidirlər. Ancaq elə adamlar da var ki, Ramazanları eləcə ac qalmaqdan ibarət olur. Halbuki Ramazanın bütün nemətlərindən, təravihdən də, Quran oxumaqdan da istifadə eləmək lazımdır. Eyni zamanda oruc bizə səbri öyrədir. Cəmiyyət arasında, insanlar içində xoşagəlməz vəziyyətlərdə müsəlman səbirlə, təmkinlə qarşılıq verməyi bacarmalıdır.    Xülasə bu ayda qazandığımız yaxşı xislətləri bütün bir ilə, bütün ömrümüzə yaymaq lazımdır.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz