ALUMİDDİN ÇAYINDA -1

ALUMİDDİN ÇAYINDA -1

     İbtidai sinif dərsliklərində “May - gilas ayı” başlığına bənzər hekayələr oxuduldu bizə. İlin hər ayını bir meyvə ilə simvollaşdırdılar. Payız və qışın gəlişi mandarin və portağalla (C vitamini), yay ayları isə böyrəyin dərmanı qarpızla yada düşür.

 Fəsillərdə yetişən məhsullar fəsilləri gətirəndən və meyvələri yaradandan daha çox tanınmağa başladı. Şəhərlər də orada böyüyüb boya-başa çatan alimlərlə, övliyalarla, bəşəriyyətə xidmət edənlərlə deyil, yeməkləri ilə anılmağa başladı. Şamaxının ağartısı, Zaqatalanın fındığı, Qəbələnin döşəməli aşı, Adanının kababı, Konyanın ətli əkməklə yad edilməsi, əslində, fəxr ediləcək hal deyil.

     Yeməkləri bir kənara qoyun. Şamaxıda, Zaqatalada, Ağdaşda, Adanada kim vardı? Hansı xidmətləri olmuşdur? İndi kim var? Bu suallara cavab vermək lazımdır. Boşqabı sünnətləmək kimi bir deyim çıxaranlardan nə gözləmək olar ki onsuz da? Boşqabı sünnətləmək məfhumu yoxdur əslində. Rəsulullah (s.ə.s) heç vaxt boşqabı ağzına kimi dolduraraq almamış və “bunu da yeyim, küsməsin” məntiqi ilə yaşamamışdır. Yeməyi silib-süpürmək, boşqabda heç nə saxlamamaq sünnətdirsə, bu işi ən yaxşı edənlər toyuqlar və cücələrdir. Onlar ən xırda qırıntını da yerdə qoymazlar.

Bahar aylarının gül fəsli olduğu unudulmamalıdır. Bahar güldən başqa heç nə ilə yad olunmamalıdır. Türkmənistanın “Eşq diyarı” mənasına gələn paytaxtı Aşqabada getməsəm də çox sevirəm və istiliyini hiss edirəm. Dünyada paytaxtının adı ən gözəl olan ölkə Türkmənistandır. Azərbaycanda keçirilən gül bayramı da bu mənada əhəmiyyətlidir. Uşaqlarını “gülüm” deyərək çağıran, gül ilə gülməyi eyni kökə bağlayan və ayrılarkən “gül”ə-“gül”ə deyən incə ruhlu insanlara cadugərlər bayramıni deyil, gül bayramını qeyd etmək yaraşır.

Baharda təbiətin dirilişinə qatılmaq lazımdır. Hər bahar fəslində bağça gül-çiçək və ağacla dolu da olsa mütləq nə isə əkmək lazımdır. “Yer yox, büdcə zəif” kimi bəhanələrin arxasında gizlənməmək lazımdır. Bağçada cərgə ilə əkdiyimzi yeni güllərin bağbanı ilə söhbət edirik. Deyir ki, “Hocam, indi növbə ilə bunları bir-bir sığallayacaq, sevəcək, quruyan yerlərini kəsəcəyəm. Növbədəki gül qayğıya möhtac olmasa da toxunmadan yanındakına keçmək  olmaz. Ona nəvaziş göstərmədən keçsək, küsər, qəlbi qırılar. “Məni niyə sevmədi” deyə,- sitəm edər.

     Bu sözləri söyləyən bağbana heyrətlə baxıram. Cümədən-cüməyə səcdəyə gedən alnı, siqaretdən saralan dişləri, köynəyinin cibindən görsənən siqaret qutusu ilə belə bir sözü söyləməsi imkansız kimi gəlir. “Hikmət möminin itmiş malıdır, onu harda görsə, götürər” sözü bizə hikmətli sözlərin ummadığımız və gözləmədiyimiz insanlardan da çxıa biləcəyini və onları diqqətə almamızı xəbər verir. Qurani-Kərimdə keçən “sadiqlərlə bərabər olun” ayəsini xatırlamamaq olmaz. İşi-gücü gül-çiçəklə məşğul olmaqdan ibarət insanın ruhu da kəpənəyin qanadı kimi incəlib əslində, xəbəri yoxdur. Dilində, qəlbində, üz-gözündə gül olan insanlarla birlikdə olanlar da dəyişməzmi? Neçə ildir müəlliməm, lakin tələbələrim haqqında o bağban kimi sanballı dəyərləndirmə edə bilməmişəm. Əslində hər bir tələbə bir gül fidanıdır. Yaxşı bağban hamısının qəlbini oxşayar, heç birini gözardı etməz, incitməz. Hər insanın qəlbində çox sevdiyi bir müəllimi olmalıdır. Üzündə güllər açan, hər bir tələbəsini sevən, iltifat edən və onunla maraqlanan. Heç bir tələbəsini kənarlaşdırmayan, zəifliyi və xəstliyi ucbatından xor görməyən.

     Bir həftə sonu tətilində Bişkek Araşandakı Quran tələbələrini ziyarətə getdim. Müəllimlərin və imamların işi rəqəmlərlə deyil, insanlarladır. Onların xammaddəsi Allahın ruhundan üfürdüyü insandır. Varlığındakı su və ruh səbəbi ilə hər insane əzizdir. Peyğəmbərlərin də işi rəqəmlərlə deyil, insanlarla idi. Fironun ayağına getməklə əmr olunan Hz. Musanın hədəfində nə fironun xəzinəsi, nə də sarayının ehtişamını görmək vardı.

     Təbii ki, kursun yanından axan Alumiddin çayını görməzdən gəlmək olmaz. Bağbanın toxunmadığı güllər küsər, inciyər, axan su küsməzmi? Bədəninin üçdə birindən artığı su olan insane isə daha çox küsər. Dünyada qırılan (küsdürülən) insanın sayı qırılan şüşədən çoxdur. Qəhvəyi rəngə çalan suyu ilə axan dərə ərk ilə “Ən soyuq zamanımda gəldin, üstümdə dəstəmaz aldın, indi niyə uzaqdan baxırsan, yaxın gəlsənə, haydı tut əlimdən. Nə oldu, qışdakı halımı yazdın, niyə baharı yazmırsan?”,- deyir. Düz sözə nə demək olar? “Haqlısan. Qollarımı çırmalayıb gəlirəm”.

     Suyun kənarına gələn insanlar ya ayaqlarını soxar, ya üstünə odun, daş atar, ya da tüpürər. Ey əziz su! Sən dəstəmaz alınmağa layiqsən. Heraklit “bir çayda iki dəfə yuyunmaq olmaz”,- deyib. Gəlsin ona göstərim eyni çayda neçə dəfə dəstəmaz almaq olar. Bu iş burda bitməz. Bunun payızda eyni daşın üstündə alacağım bir dəstəmazı da var. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz