Üç Xəbərdarlıq

Üç Xəbərdarlıq

Allah Rəsulu (s.ə.s) bir mübarək kəlamında belə buyurmuşdur:

“Sizin haqqınızda çox qorxduğum şeylərdən biri mədələriniz və iffətləriniz barəsində sizi azğınlığa sürükləyən şiddətli arzular, digəri də nəfsani həvəslərinizin sizi zəlalətə salmasıdır”. (Əhməd, IV, 420-423; Heysəmi, 1, 188; Əbu Nuaym, Hilyə, II, 32)

Həqiqətən də, bu bir faktdır  ki, bu gün insanlarımız qazandığı pulun çox hissəsini yemək-içməyə və əylənməyə xərcləməkdədirlər. Son dövrlərdə  cəmiyyətimizdə  bol-bol istehlak etmə alışqanlığı yaranmışdır. Yeməkxanaların, geyim-kecim və qida məhsulları satılan mağazaların, bəzənmək üçün ayrılan gözəllik salonlarının, oyun-əyləncə məkanlarının çoxalması həm insanların israf edərcəsinə, ehtiyac oldu-olmadı düşünmədən pullarını xərcləmələrini, həm də öz nəfsani arzu və istəklərinin arxasınca düşdüklərini göstərən acı həqiqətdir. Nəfsani arzu və istəklərin arxasınca düşmək insanı  mənəvi yollardan uzaqlaşdırar və axirət dünyasının narahatçılığını unutdurar. Halbuki bu dünya bizə arxasını çevirib getdiyi halda, axirət bizə tərəf gəlməkdədir. Hər birinin özünə xas övladları (istəklisi) vardır. Əgər axirəti istəyənlərdən olub, dünyanın övladlarından olmamağa gücümüz çatarsa, bunu etməli, bol-bol xeyirli və faydalı işlər görməliyik. Çünki  biz  bu gün əməl diyarındayıq, burada əməllər var, hesab yoxdur. Sabah isə (axirətdə ) hesab olacaq,  ancaq yaxşı əməllər etmə  imkanı olmayacaqdır. Boş və faydasız işlərlə məşğul olub həddindən çox arzu və istəklərə nail olmaq arzusu insan ömrünün  yetməyəcəyi  əlçatmaz xəyallardandır. Var-dövlət yığmaq, məşhur olmağı arzulamaq və vəzifə sahibi olmağa hərislik də buna daxildir.

Bir gün həvariləri Hz. İsadan  (ə.s) soruşdular: “Ey Ruhullah! Bizə bir əməl öyrədərsənmi ki,  onu etdiyimiz zaman Allah bizi sevsin?” Hz. İsa (ə.s) belə buyurdu: “Dünyaya və dünyalığa həris olmayın ki, Allah sizi sevsin”. (Zəmm əd-Dünya, 3, 145)     

Allah Rəsulu (s.ə.s) bir kəlamında belə buyurur: “Ümmətim haqqında ən çox qorxduğum xüsus bu üç həlakedici təhlükədir: xəsislik, ardına düşülən nəfsani həvəs və hər görüş bəyan edənin öz  fikrini bəyənməsi”. (Əbu Nuaym , Hilyə, II, 160 ) 

Xəsislik və eqoizm (özünü bəyənmək) günümüzün virusudur. Xəsis insan aclıq və yoxsulluq içində qıvranan yetim və imkansız kimsə öz qohumu, qonşusu, həmyerlisi olsa belə gözləri onu görməz, Allahın ona bəxş etdiyi var-dövlətdən başqaları üçün infaq etməyi ağlından belə keçirməz. Nəfsi və şeytan ona durmadan vəsvəsə verərək deyər: “Hərhansı bir ehtiyac sahibinin maddi sıxıntısını həll etsən, öz malın azalacaq və fəqir olacaqsan. Sən bu pulları min bir əzab-əziyyətlə qazanmısan, indi onları heç bir gəlir və faydası olmayan yerəmi paylayacaqsan?”

Allah Rəsulu (s.ə.s) xəsisliklə bağlı başqa bir kəlamında belə buyurur: “…Xəsis insan Allahdan, cənnətdən və insanlardan uzaq, cəhənnəm atəşinə isə yaxındır”. (Tirmizi, Birr 40)

Yuxarıdakı hədisdə qeyd olunan digər bir xüsus isə, hər bir görüş bəyan edənin öz fikrini bəyənib digər insanların görüş və düşüncələrini həzm etməməsidir. Bu məsələ də günümüzdə öz aktuallığını qorumaqdadır. Eyni din və əqidənin sahibi olan iki insan eyni dinin şəri məsələləri üzərində mübahisə edir, lakin qarşı tərəfin də doğru ola biləcək fikirlərini  qəbul etməyərək, yalnız özünü haqlı görməkdədir.Yalnız  öz fikirlərini bəyənib qarşı tərəfi haqsız görmək isə nəticədə ayrılıq və təfriqələrə səbəb olmaqdadır. Bu da, Allah qorusun, İslamın və müsəlmanların düşmənlərinin çörəyinə yağ sürtmək mənasında  ümmət üçün, İslam üçün çox qorxulu nəticələrə gətirib çıxarmaqdadır.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz