BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا ضَرَبْتُمْ فِي سَبِيلِ اللهِ فَتَبَيَّنُوا وَلَا تَقُولُوا لِمَنْ أَلْقَىٰ إِلَيْكُمُ السَّلَامَ لَسْتَ مُؤْمِنًا تَبْتَغُونَ عَرَضَ الْحَيَاةِ الدُّنْيَا فَعِنْدَ اللهِ مَغَانِمُ كَثِيرَةٌ كَذَٰلِكَ كُنْتُمْ مِنْ قَبْلُ فَمَنَّ اللهُ عَلَيْكُمْ فَتَبَيَّنُوا إِنَّ اللهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًا

“Ey iman gətirənlər! Allah yolunda (döyüşə) çıxdığınız zaman (kiminlə vuruşacağınızı təyin edərkən) diqqətli olun və sizə salam verən şəxsə, dünya həyatının fani mənfəətinə can ataraq: “Sən mömin deyilsən!” - deməyin. Allah yanında çox qənimətlər vardır. Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi. Ona görə də diqqətli olun! Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır”. (ən-Nisa 94)

İbn Abbas belə rəvayət edir ki, bir qrup müsəlman əlində qənimət malı olan bir adamla rastlaşdılar. Həmin adam onlara “Əssalamu aleykum” dedi. Ancaq onlar bu adamın müsəlman olduğuna inanmayaraq onu öldürüb əlindəki qəniməti aldılar. Bunun üzərinə yuxarıdakı ayə nazil oldu. Digər bir rəvayətə görə Hz. Peyğəmbərin (s.ə.s) dövründə müsəlman əsgərləri Mədinənin xaricinə hərbi yürüşlərə gedir və düşmənlərlə çarpışırdılar. Həmin səhabələrdən biri vuruşduqları şəxslərdən birinin kəlmeyi-tövhidi deyərək özünün müsəlman olduğunu bildirməsinə baxmayaraq onu öldürür və zənn edir ki, o, ölüm qorxusuyla özünü müsəlman kimi göstərmək üçün bunu söyləmişdi. Bu xəbər Hz. Peyğəmbərə (s.ə.s) çatanda buna çox kədərlənmiş və həmin səhabəyə: “Sən onun qəlbini açıb baxdınmı? Onun səmimi olmadığını haradan bildin?” – deyərək ona acıqlanmışdı. Bu hadisədən sonra yuxarıdakı ayə nazil olmuşdur.

Möminlərin bir kimsəyə kafir deyə bilməsi üçün onun bu xüsusiyyətə malik olduğundan əmin olmaları gərəkdir. Bir insan zahirdə müsəlman olduğunu ifadə edirsə, onun hərəkətlərindən şübhələnərək kafir olduğuna hökm verilə bilməz və ona kafir deyilməz.

İbn Ömərdən rəvayət olunduğuna görə Hz. Peyğəmbər (s.ə.s) bu mövzuda belə buyurmuşdur: “Bir adam din qardaşına: “Ey kafir!”- deyərsə, bu söz ikisindən birində qalar. Əgər belə deyilən şəxs həqiqətən elə biridirsə, bu, doğru olar. Əks təqdirdə bu söz onu söyləyənə geri dönər”. (Buxari, Ədəb 73; Müslim, İman 111)

Ayənin davamında “Əvvəllər siz də belə idiniz, Allah sizə mərhəmət göstərdi” buyrularaq belə hərəkət edən müsəlmanların da əvvəllər həmin insanlar kimi yeni dinə girdikləri zaman kamil bir mömin olmadıqları xatırladılmışdır. Ayənin son qismində isə Uca Allah “Şübhəsiz ki, Allah etdiklərinizdən xəbərdardır” buyuraraq kimlərin bu kimi səhv hərəkətlər etdiyindən və kimlərin həqiqətən müsəlman olduğundan xəbərdar olduğunu ifadə etmişdir. Çünki qəlblərin içindəkini bilən yalnız Allahdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz