(DİN)DARLAŞMAYAQ
Orta məktəbdə tədris edilən riyaziyyat fənni hər kəs üçün lazımlıdır.
Çünki ən azından gələcəkdə hamı qazanacağı pulun miqdarını və alacağı əşyaların qiymətini hesablamağı bacarmalıdır. Azərbaycan dili dərsindən yazdığımız inşaların, ədəbiyyat dərsindən əzbərlədiyimiz şeirlərin də istər intellektual düşüncə, istərsə də nitq mədəniyyətimizin formalaşmasında əvəzsiz yeri vardır. Biz də bütün bunları nəzərə alaraq, bizə öyrədilənləri öyrənməyə çalışırıq. Daha sonra isə ixtisaslarımız fərqliləşir və bir zamanlar bizim üçün həddindən artıq əhəmiyyətli olanlar bir müddət sonra həyatımızda öz əhəmiyyətini itirir. Belə demək mümkündürsə, bir filoloq hər gecə oturub riyazi tənliklərə baş yormur və ya tam əksinə, bir riyaziyyatçı oturub ədəbiyyat nəzəriyyəsinə vaxt ayırmır. Bu da o deməkdir ki, hər ixtisas sahibi daha çox uğur qazanmaq üçün öz işinə fokuslaşır. Nəticə olaraq da elə bir situasiya alınır ki, riyaziyyatçı ilə filoloq bir məclisdə oturduqları zaman bir-birinə hörmətlə yanaşır və biri digərinin ixtisas sahəsi haqqında danışmağa həya edir. İndi isə gələk deyəcəyim sözün əsas mətləbinə.
Son zamanlar cəmiyyətimizdə fərqli ixtisas sahiblərinin dindarlaşması çox sevindirici bir haldır. Ən azından insanların könlündə Allah sevgisi, insanlara mərhəmət, xeyirli işlərə təşviq kimi halların vüsət tapması qürurvericidir. Ancaq kütlə psixologiyasının təsirinə düşərək kortəbii şəkildə dindarlaşan bəzi qrupların və ya bəzi fərdlərin dindarlaşma ilə kifayətlənməyib, din haqqında ağızdolusu danışması bir az üzərində düşünülməsi lazım olan məsələdir. Axı cəmiyyətdə nə baş verir ki, beş gün namaz qılıb üç gün oruc tutan insanlar özlərini din haqqında dərin bilik sahibi zənn edir və bu haqda danışmağa borclu hiss edirlər. Həkimlər, mühəndislər, iqtisadçılar, baytarlar və başqa ixtisas sahibləri öz ixtisas sahələrinə baş yormaqdan çox, dini-tarixi konfliktlərin həllinə, dini əqidə problemlərinin nizama salınmasına, cənnət və cəhənnəmin qruplar arasında təqsimatına baş yorurlar. Bu reallığa pozitiv düşüncəli fərd aspektindən baxsaq iki tezis ortaya qoya bilərik – ya “bu ixtisas sahibi insanların işləri qurtarıb, bekardırlar”, ya da “dini tədris və təmsil edən insanlar öz işlərini layiqincə yerinə yetirmirlər”, bu yazıqlar da bu mühüm işdə onlara öz dəstəyini əsirgəmir.
Gəlin məsələyə obyektiv prizmadan yanaşaq. Bunun üçün birinci tezisimizə diqqət edək: “bu ixtisas sahibi insanların işləri qurtarıb, bekardırlar”, yəni onlar öz sahələrində bütün problemləri həll ediblər, başqa da həll ediləcək bir problemləri qalmayıb. Mən əslində sadəlövhlük edib buna inanmaq istərdim, ancaq qeyd etdiyim ixtisas sahələrində o qədər problemlər var ki, bəlkə də o insanlar o problemləri həll edə bilmədikləri üçün yaradılışdan problem həll etmə instinktinə uyğun olaraq din sahəsinə üz tutublar. Bu insanlar dərk edə bilmirlər ki, onlar əslində problem həll etmir, əksinə, problem yaradırlar. Din içərisində məzhəblər, məzhəblər içərisində qruplar, qruplar içərisində fərdlər şəklində fəaliyyət göstərən bu insanlar dini param-parça edib dinin məhvinə səbəb olurlar. Əslində, “yarımçıq həkim insanı candan, yarımçıq molla isə dindən edər” fikri burada tam yerinə düşür. Bəlkə də düşünürlər ki, bu sahədə söz deyərək məşhurlaşmaq daha asandır. Ancaq unudurlar ki, əsas nəzəriyyəni bilmədən hekayələrlə, rəvayətlərlə din haqqında danışmaq olmaz.
Məsələ haqqında qurduğumuz ikinci tezisimiz isə: “dini tədris və təmsil edən insanlar öz işlərini layiqincə yerinə yetirmir” şəklindədir. Bəli, sən doğru bildiklərini vaxtında və yerində demədiyin zaman başqaları doğru olmayan informasiyalarla o boşluğu doldurmağa çalışacaq. Bu sahədə də belə bir hal cərəyan edir deyə bilərik. Din sahəsində yetərli bilik və məlumata sahib olan insanlar ağızlarına su alıb durduqları müddətcə meydanları bu sahənin əhli olmayan insanlar dolduracaqlar. Nəticədə isə doğru dindən məhrum olmuş fərdlər meydana gələcəklər. Bəlkə də burada qeyd etdiklərim və ya ifadə etməyə çalışdıqlarım bir həyəcan təbili şəklində qəbul edilməsə də, gələcəkdə qeyd etdiyim bu reallıqların mənfi nəticələrinin şahidi olmağa məhkum olacağıq.
Son olaraq, dəryadakı damla qədər informasiyaya sahib olduqdan sonra dindar və ixlaslı insanları belə dinsizliklə ittiham edənlərə sözüm budur: Bir insana gülməsi üçün əmr verə bilməzsən. Əgər onun gülməyini istəyirsənsə, onunla zarafat etməlisən. Eyni şey din üçün də keçərlidir. Əgər insanların Allaha inanması istənilirsə, Allah inanıla biləcək bir tərzdə anladılmalı və anladan fərdlər də inanılabiləcək tərzdə davranmalıdırlar.
ŞƏRHLƏR