Hz.Peyğəmbərin Əhli-Kitabla Münasibəti

Hz.Peyğəmbərin Əhli-Kitabla Münasibəti

Təbii ki, yaşadığımız qloballaşma əsrində, digər din mənsubları ilə münasibət qurmağın zəruri olduğu bir zamanda müsəlmanın mövqeyinin nə olacağı hər kəsi düşündürür. Sözsüz ki, burada da öndərimiz Rəsulullahın izini təqib etmək dünya və axirət nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir. Bu yazımızda əsasən İslam – Əhli-Kitab münasibətləri mövzusunda Allah Rəsulunun izlədiyi metodu diqqətinizə çatdırmaq istəyirik.

Allah Rəsulunun əhli-kitabla münasibətindən bəhs edərkən ağla gələn ilk şey Mədinə vəsiqəsidir. Mədinə Şəhər Dövlətinin konstitusiyası olan bu vəsiqə Hz. Peyğəmbərin Mədinəyə hicrətindən çox keçməmiş şəhərin bütün əhalisi ilə imzalanmışdır. Hər şeydən əvvəl diqqət çəkən məqamdır ki, 47 maddəlik bu müqavilənin yarısı (24-47) bölgədə yaşayan əhli-kitabdan yəhudilərlə əlaqəli idi. Müqavilənin  16-cı maddəsində deyilirdi: “Yəhudilərdən bizə tabe olanlar zülmə uğramadan, əleyhlərindəkilərlə yardımlaşmadan yardım və dəstəyimizə haqq qazanırlar”.

Hələ son əsrlərdə vicdan azadlığı adı altında dövlətlərin konstitusiyalarında yer alan maddənin on dörd əsr əvvəl Hz. Muhamməd tərəfindən qurulan İslam dövlətinin anayasasında mövcudluğu xüsusi diqqət çəkir. Belə ki, iyirmi beşinci maddədə qeyd olunurdu: “...Yəhudilərin dinləri/hüquqları onlara, möminlərin dinləri/hüquqları da özlərinədir”. Hətta əhli-kitabın öz dinlərini tətbiq etmə haqqı sadəcə bu anlaşma ilə deyil, Quranla da zəmanət altına alınmışdır: “Sənə müraciət etsələr, aralarında hökm et və ya onlardan üz çevir. İçərisində Allahın hökmü olan Tövrat əllərində ola-ola səni nə üzlə hakim təyin edir, sonra da ondan (Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər?” (əl-Maidə 42) Otuz altıncı maddədə isə cinayət və qisas hadisələrində yəhudilərə də qan haqlarının tanındığını müşahidə edirik.

Mədinə dövrünə baxdıqda hicrətdən sonrakı ilk ayların yəhudilərlə müsəlmanlar arasında barış və əmin-amanlıq içində keçdiyini görürük. Hətta Rəsulullah və möminlər yəhudilərin də qibləsi olan Qüdsə doğru namaz qılırdılar. İlk illərdə Rəsulullahın yəhudilərə olduqca mülayim davrandığını, onları təkrar haqq dinə gətirmək üçün xeyli əmək sərf etdiyini, yəhudi adətindəki tövhidə zidd olmayan yaxşı və gözəl şeyləri qəbul etdiyini, onların ziyafət dəvətinə getdiyini görürük. Yəhudilərlə insani əlaqələri o dərəcədə inkişaf etdirmişdi ki, hətta onların uşaqlarının da özünə xidmət etmələrinə icazə verirdi. Belə ki, bir müddət ona xidmət edən yəhudi gənclərdən biri ölümcül xəstəliyə yaxalandıqda onu ziyarətə getmiş və İslama dəvət etmişdi. O da ölmədən əvvəl müsəlman olmuşdu.[1] Yenə Buxaridə keçən bir hədisdə görürük ki, Hz. Peyğəmbər (s.ə.s) yoldan keçən yəhudi cənazəsinə ehtiram olaraq ayağa qalxmışdı.[2]

Rəsulullahın əhli-kitaba verdiyi bu dəyər və ehtiramı, həmçinin ədalət şərtlərinə bağlı qalaraq onlarla münasibətlərini müşahidə edən Abdullah bin Səlam kimi bəzi yəhudilər ona iman gətirmiş və İslamı qəbul etmişdilər. Hz. Peyğəmbərin bəşəri münasibətlərdə sərgilədiyi dürüstlüyü və ideal şəxsiyyəti qarşısında müsəlman olmadığı halda müsəlmanların səfində döyüşüb ölənlər də vardı. Bunun da ən məşhur nümunəsi Muxayriq adlı yəhudi alimidir.[3]

Lakin Mədinə cəmiyyətində yəhudilər tərəfindən hüzur və asayişin pozulması halları artdığı bir dövrdə, xüsusilə də Bəni-Qaynuqa əhvalatı və Xəndək savaşında Bəni-Nadirin xəyanətindən sonra Hz. Peyğəmbərin onlara qarşı izlədiyi siyasətdə bir dəyişiklik görürük. İlk olaraq Bəni-Qaynuqa yəhudiləri Mədinədən sürgün edilir. Ancaq Allah Rəsulu onları sürgün edərkən də peyğəmbərliyinin ən bariz vəsfi sayılan mərhəmətdən uzaq qalmamış və onlara belə demişdir:

“İstədiyiniz zaman təkrar Mədinəyə işlərinizi həll etmək üçün gələ bilərsiniz; yetər ki, burada qalmağınız üç günü keçməsin”. [4]

İslam şəxsiyyəti sərgiləyən hər bir insanın kimliyindən asılı olmayaraq əmanətə xəyanət etməməsinin ən bariz nümunəsini isə Xeybərin mühasirəsi əsnasında yenə Rəsulullahda görürük. Belə ki, İslam dinini qəbul edən xeybərli bir köləyə müsəlmanların səfində vuruşmadan əvvəl ağasının qoyunlarını sahibinə göndərməsi şərti qoyulur. Bununla da şərtlər nə olursa olsun, ədalətdən ayrılmamağın zərurətinin ön plana çıxdığını görürük.  

İndi isə Hz. Peyğəmbərin xristianlarla əlaqələrinə dair bir neçə qeydə toxunaq. O dövrdə Ərəbistan yarımadasında xristianlar əsasən Yəmən bölgəsində yaşayan Nəcran və Bəlhəris qəbilələrinin bir çox qollarından ibarət idilər. Məkkə və Mədinədə, həmçinin çox yaxın ətrafda xristianların mövcudluğu yox dərəcədə idi. Mədinə İslam dövlətinin qüdrəti artdıqca və ətraf ərazilər islamlaşaraq müsəlmanların əlinə keçdikcə, xüsusilə də Hüdeybiyyə sülhündən sonra Rəsulullahın xristianlarla münasibətləri təbii olaraq inkişaf mərhələsinə keçdi. İslam dövlətinə bağlanmağı qəbul edən təbəələr olaraq cizyə vergisini ilk dəfə ödəyən əhli-kitab zümrə Nəcran xristianları olmuşdur. (h. IX il)[5] Hz. Peyğəmbərin (s.ə.s) qaynaqlarda zamanımıza qədər gəlib çatan aşağıdakı məktubundan sonra Nəcran xristianları Midraslarının (məktəb və məhkəmə müəssisəsi) rəhbəri və ən böyük din adamları olan Əbu Harisət b. Əlqəmə, onun naibi Əbdülməsih və karvanbaşı əl-Eyləminin idarəsi altında altmış nəfərdən ibarət bir heyəti Mədinəyə göndərdilər. Günortadan sonra gec saatlarda məsciddə olan Muhammədin (s.ə.s) hüzuruna çıxdılar. Bu arada ibadətlərinin vaxtının gəldiyini və ibadət etmək istədiklərini bildirdilər. Rəsulullah (s.ə.s) çölə çıxaraq  onları məsciddə tək buraxdı. Üzlərini şərqə tərəf tutaraq ibadətlərini etdilər. Sonra Hz. Peyğəmbərlə onlar arasında elmi-dini mövzuda mübahisə başladı. Bunun bir neçə gün çəkdiyini tarix kitabları qeyd edir. Həm İslam, həm də xristianlıq haqqında davam edən bu münaqişə və müzakirələrdə bir ara yəhudilərin də yer aldığı sabitdir. Nəcran xristianlarının bu gəlişində Hz. Peyğəmbərlə aralarında bir sülh anlaşması imzalandı[6] və ona bağlılıq, təbəiyyət nəcranlılar tərəfindən qəbul edildi. Hz. Peyğəmbərdən (s.ə.s) aralarında baş verən maliyyə məsələləri ilə əlaqəli ixtilafları hakim olaraq həll etmək üçün bir müsəlman nümayəndə təyin etməsini istədilər. Rəsulullah (s.ə.s) də Əbu Übeydəni bu vəzifəyə təyin etdi və ixtilafları daima hüquq çərçivəsində həll etməsini ona tapşırdı. Sülhün şərtlərinə gəldikdə isə əsasən bunları qeyd etməliyik ki, burada nəcranlıların hər il verəcəyi vergi miqdarı müəyyənləşdirilmişdi. Digər tərəfdən göndərilən elçilərin bir ayı (başqa rəvayətdə 20 gün) keçməmək şərti ilə nəcranlılar tərəfindən yedirilib-içirilməsi və qonaqlanması istənilirdi. Yəməndə bir pozğunçuluq və savaş baş verərsə, elçilər otuz zirehli köynək, otuz at və otuz dəvə ilə təmin olunmalı idilər. Bunun qarşılığında isə Rəsulullahın onlara tanıdığı haqlar belədir: Elçilərə verilən zirehli köynək və s. tələf olarsa, məsuliyyət elçiyə aiddir. Nəcranlıların mallarına, canlarına, dini həyat və tətbiqatlarına, ailələrinə, məbədlərinə, mülkiyyətlərində olan hər şeyə şamil olmaq şərti ilə Allahın himayəsi və Rəsulullah Muhammədin (s.ə.s) zimməti onlara və onlara bağlı ətrafdakı insanlar üzərinə bir haqdır. Heç bir yepiskop dini məhəlli xaricinə, heç bir papaz vəzifəsini gördüyü kilsənin xaricinə, heç bir rahib içində yaşadığı monastırın xaricində başqa bir yerə göndərilməyəcəkdir. Aldıqları borclarda heç bir faizdən söz açıla bilməz. Əvvəlki qan davaları qaldırılmışdır. Öşür vergisindən azaddırlar. Torpaqlarına heç bir əsgəri birlik ayaq basmayacaqdır. Hər hansı biri alacağını tələb etdikdə aralarında ədalətlə hökm ediləcək. Nə zülm edəcəklər, nə də zülmə məruz qalacaqlar. Aralarından kimsə faiz alarsa, Rəsulullahın zimmətindən (himayəsindən) çıxacağı bildirilirdi.

Anlaşmadan göründüyü kimi nəcranlılara mükəmməl və ideal din, vicdan və ibadət hürriyyəti tanınmışdı. Bu, onlara Yəməndə verilən bir muxtariyyət idi.


[1] BuxariMərda 11.

[2] Buxari, Cənaiz 50 .

[3] İ. Əsir əl-Kamil fit-tarix, Darul-Kutubil-İlmiyyə Beyrut-Livan 1998, II, 55.

[4] M.Hamidullah, İslam Peygamberi,  I, 578.

[5] M.Hamidullah, İslam Peygamberi,  I, 619.

[6] M.Hamidullah, el-Vesaik’us-Siyasiyye, 194, №94.

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz