Əmin Qonşu
Hz. Peyğəmbər (s.ə.s) əshabına çox vacib bir məsələni çatdırmaq istədikdə əvvəlcə insanların diqqətini çəkən bir sual soruşar və ya bir söz söyləyərdi.
Bundan sonra sözünün təsirini artırmaq üçün həmin sözü üç dəfə təkrar edərdi. Günlərdən bir gün əshabı ilə bir yerdə ikən: “Vallahi, iman etmiş olmaz. Vallahi, iman etmiş olmaz. Vallahi, iman etmiş olmaz!”-buyurdu. Bu sözlərdən sonra Hz. Peyğəmbərin (s.ə.s) mühüm bir şey söyləyəcəyini hiss edib diqqətlə soruşdular: “Kim iman etmiş olmaz, ey Allahın Rəsulu?” Cavabında: “O kəs ki, qonşusu ona zərər verməsindən qorxu içərisində ola”, - buyurdu. (Buxari, Ədəb 29)
Başqa bir hədisində: “Ya Rəsulallah! Mənə elə bir əməl göstər ki, onunla cənnətə girim?” deyə soruşan səhabəsinə: “Xoşxasiyyət ol!” - buyurdu. Səhabə: “Xoşxasiyyət olduğumu necə bilim?”- deyə soruşduqda: “Qonşularından soruş! Əgər onlar sənin yaxşı olduğunu deyərlərsə, sən yaxşı adamsan, yox əgər pis olduğunu deyərlərsə, o zaman pisxasiyyət adamsan deməkdir”, - buyurmuşdu. (Acluni, Kəşful-xəfa, 1/72) Bu da onu göstərir ki, yaxşılığımız və pisliyimizi göstərən ölçü yaxın ətrafımız və qonşularımızla olan münasibətlərimizdir.
Qonşuya edilə biləcək ən böyük əziyyətlərdən biri dil ilə edilən əziyyətdir. Bəlkə qonşularımız oğurluq və ya qeyri-əxlaqi bir əməl işləməyəcəyimizdən arxayın ola bilər, amma dilimizlə onların əleyhinə danışmayacağımızdan da tam olaraq arxayın ola bilərmi?!
Bir gün Peyğəmbərimizdən (s.ə.s) soruşdular: “Ya Rəsulallah! Bir qadının nafilə olaraq çox namaz qıldığından, çox nafilə oruc tutduğundan və çox sədəqə verdiyindən bəhs edilir. Ancaq buna baxmayaraq dili ilə də qonşularını çox incidir”. Peyğəmbərimiz: “O qadın cəhənnəmlikdir”, - buyurdu. Səhabə: “Ya Rəsulallah! Filan qadının da az nafilə namaz qılmasından, az nafilə oruc tutmasından və az sədəqə verməyindən danışırlar. Ancaq dili ilə qonşularını incitməz”, - dedi. Peyğəmbərimiz də: “O, cənnətlikdir”, - buyurdu. (Əhməd b. Hənbəl, Müsnəd, 440) Demək ki, ibadətlərimiz bizi doğruluq, istiqamət və əxlaq üzrə tutduğu müddətcə bir dəyər daşıyır. Əks halda həm ibadət, həm də qeyri-əxlaqi hərəkət və davranışlar biri digərini inkar etmiş olacaq ki, bu da möminin həyat tərzinə yaraşmayan xüsusiyyətdir.
Qurani-Kərimdə Allah-Təala ata-anaya və qohum-əqrəbaya yaxşılığı əmr etdiyi kimi, qonşulara qarşı səxavətli olmağı da əmr etmişdir: “Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın. Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yanınızdakı yol yoldaşınıza, əlinizin altındakına yaxşılıq edin. Şübhəsiz, Allah təkəbbürlə lovğalıq edənləri sevməz”. (ən-Nisa 36)
“Allaha və axirət gününə iman edən kəs qonşusuna ikram etsin!” (Müslim, İman 74) - buyuraraq Peyğəmbərimiz (s.ə.s) qonşuya qarşı nəinki xoş rəftar, onun arxasınca naxoş sözlər söyləməmək tapşırığı ilə kifayətlənmiş, hətta evində bişirdiyi yeməyindən belə ona verməyi əmr etmişdir. Əbu Zər (r.a) qeyd edir ki, Hz. Peyğəmbər (s.ə.s) mənə belə tövsiyə etdi:
“Şorba bişirdiyin zaman suyunu çox qoy. Sonra da qonşularını nəzərə alaraq onların arasından ehtiyacı olanlara gözəl bir şəkildə həmin yeməkdən ver!” (Müslim, Birr 143)
Müsəlman bu şüurla daima öz yaxın ətrafını, qonşularını nəzərə almalı, gücü nisbətində ehtiyacı olanların ehtiyaclarını təmin etməlidir. Məhz bu həssasiyyəti Peyğəmbərimiz axirətə iman ilə əlaqələndirmişdir.
“Peyğəmbərimiz (s.ə.s) din qardaşlarından birini üç gün görməzsə onu soruşardı. Uzaqdadırsa onun üçün dua edər, evindədirsə ziyarət edər, xəstədirsə şəfa diləmək üçün mütləq baş çəkərdi”. (Heysəmi II, 295)
Qonşularla uzun müddət görüşməmək aradakı sevgi bağlarını qoparar, qəlblərdə soyuqluq və düşmənlik duyğularına səbəb olar. Hz. Mövlana deyir: “Dostlarınızı tez-tez ziyarət edin. Çünki üzərində yürünməyən yollar kol və tikanlara bürünər”.
Allah Rəsulunun qonşuluq münasibətlərində göstərdiyi həssaslıq o dərəcədə idi ki, qonşusu qeyri-müsəlman belə olsa, onları sayar və diqqətə alardı.
İnsanların bir çoxu etdiyi yaxşılığa qarşılıq verilməyincə yaxşılıq etməkdən imtina edər. Halbuki, Allah Rəsulu (s.ə.s) qonşular arası münasibətlərdə qarşılıq gözləməməyi, yaxşılığa görə xoş münasibət göstərilməsə belə Allahın razılığını qazanmaq üçün münasibətləri davam etdirməyi əmr etmişdir. Ən fəzilətli əməlləri öyrənmək üçün sual soruşan Üqbə bin Amirə Peyğəmbərimiz belə buyurmuşdur:
“Səninlə əlaqəsini kəsənlə sən əlaqəni kəsmə! Sənə verməyənə sən ver, sənə pislik edəni sən bağışla!” (İbn Hənbəl IV, 148)
Odur ki, hər kim olursa olsun, müsəlman öz qonşusuna xoş rəftar etməyi bacarmalı, hər bir davranışı ilə Allahın razılığını qazanmaq üçün cəhd etməlidir.
ŞƏRHLƏR