Müsahibə-t.f.d Abbas QURBANOV
Qurbanov Abbas Sahib oğlu 1977-ci ildə anadan olmuşdur.
Bakı Dövlət Universiteti İlahiyyat fakültəsini bitirmiş, “Azərbaycanda Şeyxulislamlıq” elmi işi ilə magistratura, “Abbasilər Dövrünün İlk Əsrində Azərbaycan” adlı dissertasiyasıyla doktorluq elmi dərəcəsini almışdır. Onlarla elmi məqalənin, milli-mənəvi, tarixi, əxlaqi, bədii və dini mövzulu yüzə yaxın kitabın redaktoru, “İslam Tarixi” I-II cildlər, “Peyğəmbərimizin İslamı Təbliğ Metodları” adlı kitabların müəllifi olan Abbas Qurbanov evli və iki uşaq atasıdır.
İrfan: Abbas müəllim, “Peyğəmbərimizin İslamı Təbliğ Metodları” adlı kitabınız işıq üzü görüb. Əvvəla sizi bu münasibətlə təbrik edir, uğurlarınızın davamını Uca Allahdan diləyirik.
Abbas Qurbanov: Allah razı olsun. İnşallah, hazırlanan bu kitabın islami təhsil və təbliğ sahəsində faydalı olmasını təmənni edirəm.
- Necə oldu ki, belə bir əsəri qələmə almaq qərarına gəldiniz?
- Belə bir kitab hazırlamaq düşüncəsi məndə uzun illərdən bəri var idi. Zaman-zaman, fərqli dövrlərdə yaşadıqlarım və müxtəlif səbəblər də bu düşüncəmdə nə qədər haqlı olduğumu göstərdi. İlk səbəb hələ 90-cı illərə qədər gedib çıxır. Belə ki, tələbəlik illərində öz ətrafımızda olan insanlara dini anladarkən və ya açdığımız kurslarda islami təhsil və təbliğlə məşğul olduğumuz zamanlarda ixtisasımızın tədris metodikası ilə əlaqəli kitabın olmasını çox arzu etmişdim. Sonrakı təhsil və tədris həyatımda da hər zaman ilahiyyatçıların əlində belə bir kitabın olmasını bir zərurət olaraq görürdüm. Hətta bəzən digər ixtisas sahələrinə aid metod kitablarını gördüyüm zaman yaxşı mənada paxıllığım da tuturdu. Belə bir kitab müəlliflərindən olan çox hörmət etdiyim müəllimim Prof. Dr. Ahmed Önkal bəyi tanımağım da məni bu işə çox həvəsləndirdi.
Başqa bir səbəb, müstəqilliyimizdən sonra həyatın bütün sahələrində olduğu kimi, dini sahədə də yenilik və inkişafın varlığı ölkə dindarlarını çox sevindirmişdi. Dini abidələrimizin təmiri, dini irsimizin bərpası və ilahiyyatçı mütəxəssislərimizin yetişməsi bunun bir təzahürüdür. Belə bir əsər bu sahədəki zənginliyin artmasına kömək edəcəkdir, deyə düşündüm.
Bir də ki, son illərdə dünyada İslam dini və müsəlmanlar üzərində oynanan planlı oyunlar hər kəsə məlumdur. Bu mənada islamofobiya, terror və radikal düşüncələrdən müəyyən qüvvələr tərəfindən İslamı zədələmək üçün məharətlə istifadə olunur. Bütün bunlara qarşı Azərbaycan dövlətinin atdığı addımlar təqdirəlayiqdir. Düşünürəm ki, hər bir vətandaş bu işlərdə fəal olmalı, dövlətçilik ənənələrimizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi üçün çalışmalıdır. Bu sahədə ən böyük iş İslamı öyrədən və bizlərə Peyğəmbərimizdən miras qalan təbliğ vəzifəsini icra edən ilahiyyatçılara düşür. İyirmi beş ilə yaxındır bu sahədə fəaliyyət göstərən biri kimi təbliğlə əlaqəli problemlər və təbliğin metodları məsələsi illərdir diqqət nəzərimdə olmuşdur. Son iki ildə Qafqaz Müsəlmanları İdarəsinin təşkil etdiyi axund və imamların ixtisas artırma kurslarında mühazirəçi kimi iştirak etməyim belə bir kitab hazırlamaq fikrimə daha da təkan verdi. Belə ki, müxtəlif bölgələrdən olan ilahiyyatçılarla söhbət zamanı vahid metodikanın və tədris üsulunun olmaması da bu sahənin ən böyük problemlərindən biri kimi qeyd edilirdi. Fürsətdən istifadə edib, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinə və müfti Hacı Salman Musayev cənablarına təşəkkür edirəm. Belə bir kursun təşkil edilməsi mənim bu kitabı hazırlamağıma da bir səbəb olmuşdur.
- Bəzi insanlar peyğəmbər dövrünün fərqli qayda-qanunlara tabe olduğunu, o dövrün ehtiyaclarının fərqli olduğunu deyir və peyğəmbər metodlarının vaxtının keçdiyini deyirlər. Nə dərəcədə doğrudur?
- Tam əksinə, mən bu düşüncələrlə əsla razı deyiləm. İnsanların fərqli zamanlarda yaşamasından və fərqli qayda-qanunlara tabe olmasından asılı olmayaraq onların arzu və istəklərinin eyni olduğunu düşünürəm. Hətta hədəflərinə çatmaq üçün seçilən yollar belə eynidir. Peyğəmbərlər insanların ən üstünləri və Allahın əziz bəndələridir. Uca Allaha dəvət peyğəmbərlərin əsas vəzifəsidir. Buna görə də dəvət ən şərəfli vəzifələrdəndir. Allahın peyğəmbərlər göndərməsi, onların vasitəsilə kitablar nazil etməsi və insanlara yol göstərməsi Onun rəhmətinin təzahürüdür. Uca Allah Qurani-Kərimdə belə buyurur:
“(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar!” (Sad 29) “Bu (Quran) insanlar üçün elə bir moizədir ki, onunla həm qorxsunlar, həm Allahın tək bir tanrı olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar!” (İbrahim 52) “Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir”. (əz-Zəriyət 55)
Bu ayələrə görə təbliğin məqsədi insanlara öyüd-nəsihət vermək, insanları düşündürərək ibrət almalarına çalışmaq, Allahdan başqa ilah olmadığı həqiqətini onlara öyrətməkdir. Peyğəmbərimizin təbliğ metodunun əsasını ixlas və səmimiyyət təşkil etməkdədir ki, bunda da məqsəd insanlara sadəcə Allah və Rəsulunu tanıtmaq, onları sevdirmək və bütün işlərdə Allahın rizasının və xoşnudluğunun axtarılmasına nail olmaqdır.
Təbliğin digər məqsədi isə insanların qiyamət günündəki etirazlarının və irəli sürəcəkləri bəhanələrin önünü kəsməkdir. Həqiqətən, Uca Allah insanlara peyğəmbər göndərmədən əzab etməkdən münəzzəhdir. Məncə müasir insanın acgözlülüyünün və bilinməyən streslərinin səbəbləri burada gizlənməkdədir. Eyni zamanda, həqiqəti dərk etdiyi halda özünü aldadan insanlar sizin soruşduğunuz sualdakı kimi düşünməkdədirlər.
- Siz özünüz də pedaqoqsunuz, uzun illər ali məktəblərdə dərs demisiniz, sizcə peyğəmbərin tədris metodunun nə kimi üstünlükləri var?
- Kainatın xidmətinə verildiyi, xeyri və şəri ayırd edə bilən ağıl və vicdana sahib olan insan oğlu bir sıra əmr və qadağalarla, prinsiplərlə mükəlləfdir. İnsan etdiyi yaxşılığın və pisliyin əvəzini görəcəkdir. Yaxşı və pisin nə olduğunu ən çox din vasitəsilə bilmək mümkündür. Bildiyimiz kimi, din insanlığın dünya və axirət səadətini təmin etmək üçün Uca Allah tərəfindən göndərilən və peyğəmbər tərəfindən təbliğ edilən qaydalar məcmusudur.
Peyğəmbərlərin vəzifəsi təbliğdir, onlar ayədə buyurulduğu kimi, mübəlliğlərdir: “De ki: Allaha itaət edin, Peyğəmbərə itaət edin. (Çünki Peyğəmbərə itaət etmək elə Allaha itaət etməkdir). Əgər (Peyğəmbərin əmrindən) üz döndərsəniz, (bilin ki) onun vəzifəsi ancaq ona tapşırılanı, sizin də vəzifəniz ancaq sizə tapşırılanı yerinə yetirməkdir. Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız. Peyğəmbərin öhdəsinə düşən isə yalnız (dini, Allahın hökmlərini, risalətini) açıq-aşkar təbliğ etməkdir”. (ən-Nur 54)
Təbliğ fəaliyyəti ilə məşğul olanlara təbliğçi deyilir. Təbliğdə əsas məqsəd xəbərdar etməkdir. Təbliğdə məcburiyyət yoxdur. Qurani-Kərimdə bununla bağlı belə buyurulur: “Allaha itaət edin, Onun Peyğəmbərinə itaət edin; hər kəs (itaətdən) üz döndərsə, (bilsin ki) Peyğəmbərimizin öhdəsinə düşən yalnız açıq-aşkar təbliğdir! (O heç kəsi zorla iman gətirməyə məcbur edən deyildir)”. (ət-Təğabun 12)
Onu da qeyd edim ki, Peyğəmbərimiz (s.ə.s) yeganə insandır ki, həyatının bütün anları araşdırılmış və qələmə alınmışdır. Hətta bu mövzuda nə qədər kitablar yazılsa da onun oxuyucusu hər zaman vardır. Çünki o, örnək şəxsdir, onun həyatından hər birimizin öyrənəcəyi, nümunə götürəcəyi və ibrət alacağı cəhətlər vardır. Peyğəmbərlərin hər anı ilahi bir nəzarət altında vəhylə yönləndirildiyi üçün onların təbliğdə təqib etdikləri metod da ən düzgün yol olaraq bilinməlidir. Çünki insanı xəlq edən Allah onu hər yönü ilə ən yaxşı tanıyandır. İnsanın nələrə ehtiyacı olduğunu və ona necə çatdırılacağını da peyğəmbərləri vasitəsilə bizə öyrətmişdir.
- Təşəkkür edirik.
- Mən də təşəkkür edirəm.
ŞƏRHLƏR