Bir Məsumun Ardından

Bir Məsumun Ardından

Nömrə nişanı 03 və 23 ilə başlayan maşınların zırhazır keçdiyi yolun kənarında əl arabası ilə Ceyhun görünür. Ceyhunun əl arabasının içi plastik şüşələrlə doludur. Məqsədi mədrəsənin həyətinə girərək su doldurmaq və evinə aparmaqdır. Bu artıq onun üçün adətə çevrilib.

Yoldan keçən minlərlə insan arasında ən dərdsizi Ceyhundur. Suyu doldurub bir də mədrəsədə müəllimindən tələbəsinə, gözətçisindən aşpazına qədər hər kəslə salamlaşıb hal-əhval tutarsa, daha kefinə dəymə... Mədrəsədə verilən yeməyi iştahla yeyər. Nə də olsa, mədrəsə onun üçün oksigen balonu kimidir. Ara-sıra Ceyhunu hirsləndirmək, damarına basmaq istəyənlər olsa da, eybi yoxdur... Gül haçan tikansız, meşə çaqqalsız olub ki?! Onu əsəbiləşdirənlər olsa da, qoy mədrəsənin içində olsun. Çöldəkilərin heç insafı yoxdur. İnsafı olmayanın insanlığı olarmı?! Ceyhun olduğu kimi görünür, göründüyü kimi də olur. Dərvişlərin illərlə əldə etmək üçün çalışdığı bu əxlaq mərtəbəsinə Ceyhun anadangəlmə sahibdir, onun gülüşündə və hüznündə yalan yoxdur.

03, 23, 36, 10 və 45 nömrə nişanlı maşınlar yoldan keçərkən Bulud Babanın yatdığı qəbiristanlığa yaxınlaşanda musiqinin səsini azaldar və ya söndürərlər. Avtobusdakı bəzi sərnişinlərin qəbiristanlıq bitənə qədər ayaq üstə dayandığına da şahid oldum. Niyə qəbiristanlığın yanından keçərkən başqa oluruq, qəbiristanlığa çatmadan və ya keçdikdən sonra başqa? Azan oxunmağa başlayanda Ceyhun sözlərini təkrar edə bilməsə də, öz-özünə nəsə deməyə çalışır, başını qaldırıb minarəyə baxır. Oxunan azan və məscid yoldan keçənlərə yanından keçdikləri qəbiristanlıq qədər təsir etmir. Evindəki televizoru kitabxanasından daha böyük olan, internetdə boğulmuş insanlardan başqa nə gözləmək olar ki?!

Ceyhunun üzündən məsumiyyət və saflıq yağır. Yalanla, təkəbbürlə, həsədlə, nifaqla kirlənməmiş təmiz üzü ilə evinə su daşıma işini ciddiyyətlə yerinə yetirir. Məsum və saf üzünə hər zaman bir təbəssüm yoldaşlıq edir. Ceyhunun sevincli halını gördüyüm zaman içimdən “bu gün Ceyhun qədər gülmədim, onun kimi sevincli ola bilmədim” deyərdim. Ağıl sevincli olmağın önündə ən böyük əngəldir. “Dərd dünyası” olan dünyanı ağılla qavrayar, ağılla özümüzü, ailəmizi, işimizi idarə etməyə çalışarıq. Ağlın daşıdığı ağır yükü ancaq iman yüngülləşdirə bilər. Övliyalar iman və məhəbbət gücü sayəsində tərtəmiz bir simaya və hər kəsə ümid aşılayan pozitiv bir qəlbə sahib olurlar.

Ceyhunun yanında özünüzü sevincli, əmin və güvəndə hiss edərdiniz. İnsanın təhlükəsi və etibarsızlığı diplomlarının sayına paralel olaraq artar. Bir düşünək, dünyaya ən böyük zərəri oxumamış insanlar verdi, yoxsa diplomlular? Bu dünyanı yaşanmaz hala gətirənlər din, iman, ədəb və əxlaqdan nəsibi olmayan ağıl sahibləri; oxu əmrini “bismillah” ilə yerinə yetirə bilməyənlərdir. İslamdan əvvəlki dövr cahiliyyə dövrü adlandırılır. Cahiliyyə insanının ağıldan, elmdən, zəkadan nəsibi var idi; onun tək nəsibsizliyi iman və əxlaq idi. Hədisi-şərifdə müsəlman tərif edilərkən “əlindən və dilindən heç kimə zərəri dəyməyən” xüsusiyyətinə diqqət çəkilir. Kim ki, əli və dili ilə başqalarına zərər vermirsə, o, əmin və etibarlı kimsədir. Ceyhun əli və dili ilə heç kimə zərəri dəyməyən az sayda insanlardan biri idi. Məktəblərdə tələbələrə əl və dil ilə zərər verməməyi öyrədə bilsəydik, dünya cənnətə dönərdi.

Ceyhun mədrəsədə oxuyan yüzlərlə tələbə üçün bir sevinc qaynağı olmuşdu. Ağıllı telefonların monqol əsgərləri kimi 24 saatı işğal edərək təxribat yaratdığı günümüzdə daha insanın insanla işi qalmayacaq. Gülməsi, əylənməsi, oyunu əlindəki telefon olacaq. Düşünürəm ki, Ceyhunun onlarla tələbə ilə birlikdə olduğu zamanlarda ağıllı telefon (smartfon) və internet olsaydı Ceyhun “yalnızlar” rolunu oynayardı. Bir evin içərisində belə internet varsa, xoş söhbətlər, göz-gözə gəlmələr və insana hörmət azalmaqdadır.

Həzrət Əliyə görə dostun olmamağı da bir növ qəriblik və yalnızlıqdır. Mədrəsə kollektivi Ceyhunun ən yaxın dostu idi. Mədrəsənin tətilə çıxdığı günlər Ceyhunun bir anda söndüyü, sevincini itirdiyi və dünyadan küsdüyü günlər idi. İnsanın hər insandan öyrənəcəyi çox şey vardır. Yerdəki qarışqa, havadakı milçək belə yeri gələndə insana müəllim olur; həyata başqa bucaqlardan baxdırır. Bu yaxınlarda Maraşda yaşayan, Allahın qərib qullarından birinin əhvalatını eşitdim. Deyilənə görə şəhərdəki bankomatın yanında xeyli dayanıbmış. Axşam olub şər qarışanda yaxınlıqda yığışan adamlara yaxınlaşaraq deyib: “Mən bu bankomatdan heç baş açmadım. Gəlib-gedən hər kəsə pul verdi. Mən axşama kimi yanında dayandım, mənə heç nə vermədi”. Bizə təbəssüm etdirərək sahib olduğumuz nemətlərin şüuruna varmağımıza və şükür etməyimizə səbəb olan insanları hər zaman hörmətlə yad etməli, onları təhqir edici ifadələr işlətməməliyik.

1998-ci ilin avqust ayında tanıdığım, əlini sıxma şərəfinə nail olduğum Ceyhunun vəfat etdiyi xəbərini aldım. Ceyhun da Emin Kürşat Yeter, çox gözəl azan oxuyan Xosrovlu Azad, yenə 1998-ci ildə tanıdığım və volqa maşını ilə mədrəsəyə gələrək qızıl dişləri ilə daim təbəssüm edən Söhrab dayı kimi rəhməti-Rəhmana qovuşdu. Söhrab dayı mədrəsənin bağçasında belə hüzur və ədəblə dayanar, nəinki kursun müəllim və tələbələrinə, mədrəsənin daşına-torpağına, itinə-pişiyinə belə ayrı bir hörmət və məhəbbətlə baxardı. Ölüb getdikdən sonra xeyir və gözəlliklə xatırlanmaq da Allahın ayrı bir lütfüdür.
“Axır zamanda həyatın ləzzətini almaq üçün ya dəli olmalısan, ya da vəli” deyiblər. Bu ikisindən biri olmayanlar nə eləsin? Həyatın ləzzəti varmı?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz