BÜTÜN CANLILARA RƏHMƏT

BÜTÜN CANLILARA RƏHMƏT

Qurani-Kərimin ifadəsi ilə desək, “aləmlərə rəhmət olaraq göndərilən” bir Peyğəmbərə (s.ə.s) ümmət olmuşuq, çox şükür. Onun rəhmət əsintisi insanlarla yanaşı heyvanları, hətta bitkiləri belə əhatə edərək insanlığın səadəti üçün ən doğru yolu təlqin edir.

Mədinə yaxınlarında bir yer var idi. Əvvəllər meşəlik olsa da, sonradan ağacları seyrəlmişdi və artıq orada heyvan otarırdılar. Peyğəmbərimiz buranın halından xəbərdar olanda buyurdu: “Kim buradan bir ağac kəsərsə, onun qarşılığında buraya bir ağac əksin”.

Peyğəmbərimiz özü də ağac əkmə işində iştirak edərdi. Hətta bir dəfəyə beş yüz xurma ağacı əkmişdi. Ağac əkmək haqqında da belə buyurmuşdu: “Kim bir ağac əksə, ya da əkin səpsə, onlardan insanlar, quşlar, evcil və ya vəhşi heyvanlar faydalanarsa, Allah bunu onun üçün savaba yazar”. Başqa bir hədisdə də: “Qiyamət qopmaqda olsa da, əlində bir ağac fidanı olan onu mütləq əksin” buyurmuşdur. Bu da bir yana, bir ağacı əlindəki dəyənəklə var gücü ilə çırparaq yarpağını tökən adama müdaxilə edərək demişdi: “Bir az yavaş ol, ağaca vuraraq, onu qırıb-tökərək yox, rahatca silkələyərək yarpağını tök”.

Bitkiləri də Allahın bəxş etdiyi bir canlı növü olaraq görən, onları da mərhəmət çətirinin altına almağa çalışan Peyğəmbər, əlbəttə, heyvanlara qarşı münasibətdə də diqqətli olmağı tapşırırdı. Bir dəfə heyvanlara qarşı rəftardan söhbət gedəndə belə buyurmuşdu: “Mərhəmət edənə Allah da mərhəmət edər. Siz yerdəkilərə mərhəmət edin ki, göydəkilər də sizə mərhəmət etsin”.

Peyğəmbərimiz heyvan döyüşdürməyi də qadağan etmiş, onlara işgəncə və əziyyət edənləri, heyvanı atış nişanı kimi istifadə edənləri lənətləmişdir. Sırf zövq üçün ovlanmaq, heyvanı öldürüb bir kənara atmaq da haram qəbul edilmişdir. Bir hədisi-şərifdə belə buyurmuşdur: “Haqsız yerə bir quş və ya daha kiçik bir heyvanı öldürən insandan Allah onun hesabını mütləq soruşacaqdır”.

Heç bir yaxşılıq itmir. “Ey Allahın elçisi, heyvanlara edilən yaxşılığa da savab varmı?” – deyə soruşan birinə: “Hər canlı üçün edilən yaxşılığın mükafatı var”, - deyə cavab vermişdi, O (s.ə.s).

Bir dəfə peyğəmbərimiz (s.ə.s) keçi sağan bir adama rast gəldi və buyurdu: “Sağarkən balası üçün də süd saxla”. Onun hər halı xeyri tövsiyə etməkdən başqa bir şey deyildi.

Bir səfər əsnasında Peyğəmbərimiz (s.ə.s) on min nəfərlik ordusu ilə gedərkən yollarının üstündə yeni balalamış bir dişi köpəklə balalarını görür. Cuayl bin Surakanı yanına çağırır və ona tapşırır ki, bu ana və balalarının yanında dayansın, bütün ordunun hamısı keçənə qədər burada keşik çəksin və onları əzilməkdən qorusun. Bir Peyğəmbər şəfqəti sayəsində on min nəfərlik ordu yolun o qismində istiqamətini dəyişir və o aciz heyvanları incitmədən yoluna davam edir. Burada Süleyman peyğəmbərin qarışqa hadisəsinə çox böyük bir bənzərlik var. Onsuz da, bütün peyğəmbərlər eyni mənbədən qidalanan, eyni mesajı dünyaya yayan qardaşlar deyillərmi?!

Başqa bir hədisi-şərif də bu hadisənin gerçəkliyinin təsdiqləyicisi mahiyyətindədir: “Yalnız sizə faydalı olanı deyil, zərərli olmayan, hücum çəkməyən və yırtıcılıq etməyən bütün köpəklərin canı möhtərəmdir, toxunulmazdır”.

Nəinki zərərsiz bir heyvanı öldürmək, döymək... heç yuxusunun bölünməsinə belə razı olmayan bir peyğəmbərin mərhəməti kəlmələrə sığarmı?! Belə ki, Peyğəmbərimizin Müəzza adlı pişiyi var idi. Bir gün oturduğu yerdə onun yanına gəlmiş və əbasının ətəyində yatmışdı. Peyğəmbərimiz qalxmaq istəyəndə gördü ki, pişik yatıb. Onu narahat etməmək, incitməmək üçün əbasının ətəyini kəsərək onu tərpətmədən ayağa qalxdı. Peyğəmbər aşiqi olan Allah dostlarının pişik sevgisi də yəqin ki, buradan qaynaqlanır. Məsələn, böyük səhabə və hədis alimlərindən Əbu Hüreyrənin adının “pişik atası” mənasına gəldiyi, bəzi Allah dostlarının evində çoxlu pişiklərinin olduğu, onlarla çox xoş rəftar etdiyi məlumdur.

Əlbəttə, bu mərhəmət təkcə ev heyvanları ilə məhdud deyildi. Səhabələrindən biri belə nəql edir: “Allahın Rəsulu ilə birlikdə gedirdik. Yolda yanında iki balası olan sərçəyə oxşar bir quş tapdıq. Balalarını tutduq. Bunu görən ana quş fəryad qoparıb qanad çırpmağa başladı. Vəziyyətdən xəbərdar olan peyğəmbərimiz geri çevrilib dedi: “Bunu balalarından kim ayırdı? Balalarını geri qaytarın!” Biz də onları azad etdik”.

Heyvanlara verilən əziyyət xüsusunda Peyğəmbərimiz (s.ə.s) xüsusilə daha güclü reaksiya verər və müdaxilə edərək vəziyyəti düzəltməyə çalışardı. Bir gün Mədinədə dayanmadan böyürən bir dəvə səsi eşidilmişdi. Peyğəmbərimiz bunu eşidəndə nə baş verdiyini öyrənmək üçün ora getdi. Dəvəyə yaxınlaşıb sakitləşdirmək üçün onu sığallamağa başladı. Dəvənin acından böyürdüyü ortaya çıxanda çox üzüldü, sahibini soruşdurdu və belə buyurdu: “Danışa bilməyən bu heyvanlar barəsində Allahdan qorxmursunuzmu?!” Bundan daha vəhim bir hadisə isə belə baş vermişdi: Bir gün yolda gedərkən Peyğəmbərimiz üzü dağlanmış bir uzunqulaq gördü və: “Allahın lənəti onu dağlayanların üzərinə olsun!” deyə buyurdu; İşarə olaraq, tanınması üçün edilən məcburi dağlamaların heyvanların çox acı çəkməyəcəyi yerlərində edilməsini məsləhət bildi.

Digər canlılar xüsusunda bu qədər həssas olan bir Peyğəmbərin bir əziz ümmətini xəbərdar etmək üçün çırpınışlarını indi daha yaxşı başa düşə bilərikmi?!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz