Allahın Varlığının Dəlilləri 2
KAİNATIN BAŞLANĞICI
Bu kainat və içindəki hər varlıq sonradan meydana gəlmiş, yoxdan yaradılmışdır.
İndiki vaxtda bu gerçək elmi kəşflərlə də təsdiqlənmişdir. Astronomiyanın təsbitlərinə görə bu kainat sıfır nöqtəsində ikən böyük bir partlama (Big Bang) ilə ortaya çıxmışdır. Bu partlama sonrasında olduqca nizamlı, həssas tarazlıqlara sahib qalaktikalar, ulduzlar, planetlər meydana gəlmişdir. Elm adamları bu ilk partlamanın təsadüfi bir sovrulma ola bilməyəcəyini, əksinə, bir proqrama əsaslanan nizamlı bir açılıb genişləmə olduğunu söyləyirlər. Çünki təsadüfi bir partlayışdan belə möcüzə əsərlərlə dolu bir kainat ortaya çıxmazdı. Heç bir şey yoxluqdan özbaşına çıxıb var ola bilməz. Madam bu aləmin bir başlanğıcı var, o halda başlanğıcı olmayan əzəli bir yaradıcıya möhtacdır. O da Quranın bizə tanıtdığı, sonsuz elm və qüdrət sahibi olan Allahdır. O, böyük partlama ilə kainatı yoxdan var etmişdir. Allah-Təala Quranda kainatı özünün yaratdığına və genişləndirdiyinə belə işarə edir: “Biz göyü qüdrətimizlə yaratdıq və Biz onu genişləndirməkdəyik”. (əz-Zəriyat 47)
Qurani- Kərimdə, “... şübhəsiz ki, bunda da anlayıb dərk edən insanlar üçün (Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən) əlamətlər vardır” (ər-Rad 4) ayəsi kimi bir çox ayələr bizi yaradılmışlar haqqında düşünüb ibrət almağa dəvət edir. Allahın sənətini görüb onlar üzərində düşünmək ağıl sahibi insanlar üçün həm böyük bir şərəf, həm də böyük bir vəzifədir. Bunun fərqində olan insan Allahın özünə bəxş etdiyi ağıl ilə bir binaya baxıb ustasını gördüyü kimi yaradılmışlara baxaraq da yaradıcısını tapa bilər.
İNSAN BƏDƏNİ
İnsan bədəninin yaradılışındakı qüsursuzluq da Allahın varlığını çox açıq bir şəkildə göstərir. Bədənimizin bütün hüceyrələri və orqanları çox kompleks bir əlaqələr şəbəkəsi içərisində, fövqəladə bir tərzdə işləyir. Bədənimizdə bu fəaliyyətlər davam edərkən, bütün bu olanlardan bizim az qala heç xəbərimiz olmaz. İnsanların çox sadə bir təqlidi olan bir robotun özbaşına və ya bir müddət içərisində təsadüfən meydana gələ biləcəyinə kimsə ehtimal verərmi? Əlbəttə ki, verməz! Elə isə sağlam düşünə bilən bir insan ağlı ən gözəl sənət əsəri olan öz bədəninin təsadüflərlə ortaya çıxacağına və funksiyalarını təsadüflərlə yerinə yetirə biləcəyinə heç ehtimal verə bilməz. Uca Rəbbimiz Quranda: “Ey insan! Səni yaradan, düzəldib qaydaya salan, dilədiyi kimi biçim verən comərd Rəbbinə qarşı səni nə aldatdı?" (əl-İnfitar 6-8) ayəsi ilə insanı yaratdığı mövzusunda bizi xəbərdar edir. İnsan bədənini və digər bütün canlı varlıqları incələsək bizə son dərəcə qüsursuz və kompleks yaradılışlarıyla sonsuz bir elm, qüdrət və iradə sahibi yaradıcının varlığını göstərər. “... (Yer üzündə) elə bir canlı yoxdur ki, onun ixtiyarında olmasın ...” (Hud 56) ayəsi bütün canlıları Onun yaratdığını və Onun idarəsi altında olduğunu ifadə edir.
ATOMLAR
Bütün varlıqlar atomlardan meydana gəlir. Hər bir atomda çox böyük bir sənət, mükəmməl bir quruluş və müdhiş bir enerji vardır. Mərkəzindəki nüvə və ətrafında dönən elektronlarıyla sanki kiçik bir günəş sistemi kimidir. Bu qədər möcüzə xüsusiyyətlər o qədər kiçik bir sahəyə sıxışdırılmışdır ki, ən inkişaf etmiş elektron mikroskoplarıyla belə tam olaraq görülə bilməz. Bu qədər mükəmməl və kiçik bir sənət heç təsadüfən ortaya çıxa bilərmi? Təsadüfən gözəl sənətlər və möcüzə əsərlər deyil, ancaq dağılma və pozulma meydana gəlir. Elə isə kainatın kiçik bir modeli kimi olan atomları hər şeyi bilən və hər şeyə gücü çatan Allah yaratmışdır. Üstəlik bütün kainat sanki atomlardan ibarət olan böyük bir dəniz kimidir. Elə isə bir atomu kim yaratmış isə bütün kainatı da o yaratmışdır. Bütün hər şeyi Allahın yaratdığını izah edən bir Quran ayəsi belədir: “... O, hər şeyi yaratmış və onu (onun nə cür olacağını) təqdir (əzəldən müəyyən) etmişdir”. (əl-Furqan 2)
HƏYAT
Allahın varlığının ən böyük dəlillərindəni biri də həyatdır. Bu dünyada yaşayan bütün canlılar hava, su, torpaq kimi bəzi təməl maddələrlə yaradılırlar. Dünyada həyat başlamadan əvvəl bu maddələrdə hər hansı bir canlılıq da yox idi. Tamamilə cansız olan torpaq və su kimi maddələrdən elementlərin bir araya gəlməsi ilə yaranan canlı varlıqlar həyatı haradan alır? Üstəlik həyatla birlikdə gələn sevmək, nifrət etmək, görmək, eşitmək kimi bir çox duyğu və hisslər də o maddələrdə yoxdur. Bu halda bütün aləmdəki sənətlərin ən qiymətlisi olan həyat kimi bir möcüzə ancaq əzəli bir həyata sahib olan uca Allahın yaratmasıyla ortaya çıxa bilər. O, cansız maddələrdən gəlmiş ola bilməz. Bu mövzuda bir Quran ayəsində belə buyurulur: "Sizi (əzəl başdan) dirildən, sonra (əcəliniz çatanda) öldürəcək, daha sonra (qiyamət günü) yenə dirildəcək məhz Odur...." (əl-Həcc 66)
ŞƏRHLƏR