Təzəpir Məscidi
1904 –cü ilin yayında Təzəpir məscidinin tikintisinin Nabat xanım Aşurbəyova tərəfindən maliyyələşdirilməsi haqqında Bakı şəhər dumasının rəsmi qərarı elan olundu.
Qərarda Nabat xanımın Təzəpir məscidini mehriyyə, yəni ona bağışlanan kəbin pulu hesabına tikdirmək fikri xüsusi vurğulanırdı.
Nabat xanım Aşurbəyova - Rzayeva kimdir? Aşur xan nəslinin adlı-sanlı, dövlətli xanımlarından olan Nabat xanım Qoca bəy qızı 1795-ci ildə anadan olmuşdur. Nabat xanım Bakının imkanlı ailələrindən olan Rzayevlərin evinə gəlin köçəndən sonra daha çox xeyriyyəçi kimi şöhrət qazanmışdı. Nabat xanım Təzəpir məscidinin tikintisinə qədər H.Z. Tağıyevin təşəbbüsünə qoşularaq Bakıya Şollar su kəmərinin çəkilməsində, başqa milyonçularla yanaşı, ən böyük məbləğdə vəsait sərf edənlərdən biri olmuşdur. Həmçinin 1905-ci ildə Bakıda quraqlıq və aclıq zamanı Zabrat kəndinin sakinləri Nabat xanıma müraciət edərək kömək etməsini xahiş etdiklərində, o, taxıl anbarlarının açarlarını kəndin sakinlərinə göndərərək ehtiyacları qədər taxıl götürmələrinə icazə vermişdir. Nabat xanım Sabunçudakı “Seyyidlər xətəxanası”nın tikilməsinə də külli miqdarda vəsait xərcləmişdir. Onun Bakıda keçmiş Tatarski (indiki Ə. Topçubaşov) küçəsində tikdirdiyi hamam həftədə bir gün kasıblar üçün pulsuz işləyirdi. Nabat xanım qulluqçularına tapşırmışdı ki, qapısına gələnləri naümid qaytarmasınlar. Bakı xeyriyyə cəmiyyətlərinin bütün yığıncaqlarında Nabat xanım iştirak edir və özünün səxavəti və xeyriyyəçilik fəaliyyəti ilə hamıya nümunə olurdu.
Nabat xanım tikiləcək məscidin memarının azərbaycanlı olmasına xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə Peterburqda təhsil almış ilk azərbaycanlı memar, əslən Şamaxıdan olan Zivər bəy Əhmədbəyovu dəvət edərək, məscidin tikintisi ilə bağlı öz arzularını bölüşdü. Bu məqsədlə Zivər bəy Əhmədbəyova böyük miqdarda pul verərək onu İstanbula və Ərəb ölkələrinə göndərdi. Ezamiyyətin məqsədi bu ölkələrin məşhur məscidlərinin memarlığı ilə tanış olmaq idi. Maraqlı səyahətdən qayıdan Zivər bəy Nabat xanıma şərq üslubunda çox gözəl, iki minarəli bir məscid layihəsini təqdim etdi. Bu, gələcəkdə tikiləcək “Təzəpir” məscidinin layihəsi idi. Təzəpir məscidinin tikintisinə 1905-ci il iyulun 23-də Məbəs bayramı günü başlandı.
Məşhur mesenat H. Z. Tağıyev Nabat xanımın məscid tikdirmək təşəbbüsünü razılıqla qarşılasa da, başa düşürdü ki, belə möhtəşəm bir məscidin tikintisi ağır işdir, çoxlu vəsait tələb edir. Hacı, Nabat xanıma kömək məqsədilə maddi yardım təklif edir. Hacıya böyük ehtiramı olan Nabat xanım ona minnətdarlığını bildirməklə yanaşı: “Əgər imkanınız varsa, siz də başqa bir məscid tikdirin”-deyir.
Məscidin bünövrəsinin qoyulması izdihamlı bir mərasimə çevrildi. Hacı Zeynalabdin Tağiyevə hörmət əlaməti olaraq məscidin bünövrəsinin ilk daşını o qoydu. Beləliklə, Təzəpir məscidinin tikintisi başlandı.
110-dan çox yaşı olan Nabat xanım hər gün əynində çaxçur, üzündə rübənd, başında örpək fayton ilə tikinti yerinə gəlir, fəhlələrə pul verir, ərzaq paylatdırırdı. Onun fəhlələrdən yalnız bir xahişi olurdu: - Yaxşı işləyin!
Məscidin tikintisini öz üzərinə götürən Nabat xanım 1912-ci il dekabrın 7-də 117 yaşında vəfat etdi. Nabat xanıma böyük ehtiram əlaməti olaraq onu məscidin eyvanında, baş qapının sağ tərəfində dəfn etdilər. O, məscidin tamamlanmasını oğlu Hacı Abbasquluya vəsiyyət etmişdi.
Məscidin inşası tamam olanda usta iri gümbəzin ortasındakı axırıncı daşı qoyanda əl saxlayır ki, gərək bunu H. Z. Tağıyev etsin. Bünövrənin ilk daşını Hacı qoyduğu kimi, axırıncı daşı da o qoymalıdır. Doğrudan da, böyük bir izdihamın gözü qarşısında Hacı axırıncı daşı hörür.
1914-cü ildə tikintisi başa çatan Təzəpir məscidi Bakıda ağ daşla tikilmiş ilk dini bina idi.
1920-ci illərin sonu-30-cu illərin əvvəllərində SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da islam dini üzərinə açıq hücumlar başlandı. Aəzrbaycanda təkcə 1929-cu il seçki kampaniyası dövründə 400 məscid bağlandı.
1929-1937-ci illərdə respublikada bağlanmış çoxsaylı məscidlərdən əksər hallarda məktəb, klub və ya anbar kimi istifadə edilirdi. 30-cu illərin sonlarında Azərbaycanda 20 məscid formal fəaliyyət göstərirdi ki, onların bəziləri müharibədən sonrakı illərdə də açıq idi. Bu illərdə Bakıda Bibiheybət məscidi, Əjdərbəy məscidi, Əmircanda Murtuza Muxtarov məscidi, İçərişəhərdə Cümə məscidi bağlanmışdı.
Sovet dönəmində Təzəpir məscidinin ən ağır və məşəqqətli günləri başladı. Yalnız xoşbəxt təsadüf üzündən Təzəpir məscidi dağıdılaraq məhv edilmədi. Müxtəlif illərdə Təzəpir məscidi çay fabrikinə, yay kinoteatrına və mağaza anbarına çevrilsə də özünü qoruyub saxlaya bildi.
1941-1945-ci illər sovet-alman müharibəsinə bütün sovet xalqları kimi Azərbaycan xalqı da səfərbər olundu. 1944-cü ildə sovet rəhbərliyi faşizm üzərində qələbəni təmin etmək üçün dini təbliğata yer verməyi qərara aldı. Bu məqsədlə SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il 17 saylı qərarı ilə 24 ildən sonra Zaqafqaziya Müsəlmanları Ruhani idarəsi bərpa olundu. Beləliklə, Ruhani İdarənin yenidən təşkil olunması ilə Təzəpir məscidi də öz fəaliyyətini davam etdirməyə başladı.
Sovet ideologiyasının sürətlə çökməsindən sonra Azərbaycan xalqının yenidən öz milli-mənəvi dəyərlərinə qayıdışı təbii bir prosesə çevrildi və burada islam xüsusi yer tutdu. Ona görə Azərbaycanın ümummilli lideri ölkənin islama münasibətini düzgün və sağlam müstəvidə dəyərləndirdi.
İslam dini ilə bağlı bir həqiqət Heydər Əliyevə bəlli idi: Din həm milli mədəniyyətin, xalqın əxlaqi-mənəvi dəyərlərinin əsasını təşkil edir, həm də müasir həyatda ön mövqeyə keçir və həqiqət axtaran, inamla yaşamaq istəyən müasir insan getdikcə daha çox dinə tapınır.
Sovet dönəmində fəaliyyəti dayandırılmış, dağıdılmış, viran qalmış məscidlər Azərbaycan müstəqillik qazandıqdan sonra şəxsən ümummilli lider Heydər Əliyevin qayğısı nəticəsində bərpa edildi, yenidən dindarların istifadəsinə verildi. 1994-cü ildə Heydər Əliyevin göstərişi ilə vaxtilə kommunist ideoloqları tərəfində partladılaraq yerində Azərbaycanda sovet hakimiyyətinin qələbəsi şərəfinə ucaldılmış “Qələbə tağı” söküldü. Beləliklə, 60 ildən sonra zamanın sınağına sinə gərmiş Bibiheybət məscidinin bünövrəsi üzərində müsəlmanları yenidən namaza çağıran azan səsi eşidilməyə başladı. 1997-ci ildə Bibiheybət məscidinin bərpa və tikintisi başlandı. 1998-ci il iyunun 12-də Məhəmməd Peyğəmbərin müqəddəs mövludu günü əsaslı şəkildə yenidən tikilmiş Bibiyehbət məscid-ziyarətgah kompleksinin rəsmi açılışı oldu. Mərasimdə ölkə başçısı Heydər Əliyev də iştirak edərək dindarlar qarşısında çıxış etdi.
Tarixdən məlumdur ki, bəzən böyük şəxsiyyətlərin başladıqları əsaslı islahatlar, möhtəşəm quruculuq işləri layiqli varisin olmaması səbəbindən yarımçıq qalır. Bu baxımdan Azərbaycan xalqının bəxti gətirmişdir. Çünki Heydər Əliyevin əsasını qoyduğu mühüm dövlət quruculuğu işi İlham Əliyevin təşəbbüskarlığı, işgüzarlığı, gərgin əməyi sayəsində yarımçıq qalmadı. Heydər Əliyev ideyalarına sadiq qalan və onu uğurla davam etdirən Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ziyarətgahlarımızın bərbası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Təzəpir məscid kompleksinin genişləndirilməsi də nəzərdə tutulmuşdur. Dövlət başçısı Təzəpir məscidinin əsaslı təmirinin xərcini öz üzərinə götürmüşdür.
Məhz Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin rekonstruksiyası layihəsi hazırlandı. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksinin tapmışdı.
Prezident İlham Əliyev Təzəpir məscidi kompleksinin yenidən bərpasında əvəzolunmaz xidmətlərinə görə heç vaxt müsəlmanların xeyir-dualarından əskik olmayacaqdır. Rəsmən tikintinin gedişatını izləmək üçün Təzəpiri üç dəfə ziyarət etsə də, qeyri-rəsmi iş görüşləri, telefon bağlantıları, maddi və mənəvi dəstəyi, hətta tərtibat prosesində şəxsi iştirakı onu xalqın qəlbində əfsanəvi qurucuya çevirmişdir.
2009-cu il iyulun 6-da əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verildi.
ŞƏRHLƏR