Ramazan Ayınız Mübarək

Ramazan Ayınız Mübarək

“İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz.” (əl-Bəqərə, 185)

 

“Oruclu üçün iki sevinc anı vardır: biri iftar etdiyi, digəri də orucunun savabıyla Rəbbinə qovuşduğu andır.” (Buxari, Savm 9)

 

“Kim oruclu bir adama iftar verərsə, onun qədər savab qazanar. Oruclunun savabından da heç bir şey azalmaz.” (Tirmizi, Savm 82)

 

 

Peyğəmbərimizin Ramazan müjdəsi

Peyğəmbərimiz (s.ə.s) Ramazan ayını həsrətlə gözləyərdi. Üç aylara qovuşduqda sevinər və “Allahım, Rəcəb və Şabanı bizə bərəkətli et və bizi Ramazana qovuşdur!” –deə dua edərdi. Rəcəb və Şaban aylarında hər zamankından daha çox nafilə oruc tutar, Ramazanı da belə müjdələyərdi: “Cənnətin səkkiz qapısı vardır. Bunlardan birinin adı Reyyandır. O qapıdan yalnız oruc tutanlar girəcəkdir. Sonuncu oruclu da içəri girdikdə o qapı bağlanacqdır. Bu qapıdan girənlərə bir şərbət veriləcək, onu içən bir daha susamayacaq.”

 

Peyğəmbərimizin sahuru

Əziz Peyğəmbərimiz sahur vaxtına xüsusi qiymət verərdi. “Sahura qalxmağa tənbəllik etməyin, sahur yeməyi bərəkətli bir qidadır.” -deyərdi. Başqa bir hədisində də belə buyurmuşdur: “Sahur yeməyi bərəkətlidir. Onu yeyin. Bir udum suyla da olsa sahur edin. Allah təala və mələkləri sahur edənlərə rəhmət saçarlar.”

 

Peyğəmbərimizin iftarı

Allah təala öz bəndəsinin Ona bağlılığını və ehtiramını görməkdən məmnun olur. İftar saatı bu ehtiramı göstərməyin ən yaxşı zamanıdır. Buna görə də Peyğəmbərimiz (s.ə.s) iftra vaxtını dəqiqliklə izləyərdi. İftar vaxtı girdikdə dərhal oruc açmağın fəziləti haqda belə buyurmuşdur: “Bir an öncə iftar etməyə cəhd etdikləri müddətcə, ümmətim xeyir və bərəkətdən ayrılmamış olur.” (Buxari, Savm 45)

İftar zamanı edilən duaların qəbul olacağını söyləyən Peyğəmbərimiz iftardan əvvəl belə dua edərdi: “Allahım, Sənin rizan üçün oruc tutdum. Sənin verdiyin ruzi ilə orucumu açıram.” Sonra varsa xurma, yoxdursa su ilə orucunu açar, belə edilməsini tövsiyə edərdi.

 

Peyğəmbərimizin Ramazan ibadəti

Ramazan ayı girdikdə Peyğəmbərimiz nafilə namazları artırardı. Bu da ən çox təravih namazında gözə çarpardı. Dua və zikr ayı sayılan Ramazanda Qurani-Kərimi daha çox oxuyardı. Cəbrayıl (ə.s) da hər gecə Rəsulullahın yanına gələr, qarşılıqlı Quran oxuyardılar.

Ramazana vida günləri yaxınlaşdıqda Peyğəmbərimizin ibadətlərində canlanma olurdu. Xüsusən də min aydan daha xeyirli Qədr gecəsinin Ramazan ayının son on gününə təsadüf etdiyi üçün bu gecəni əldən verməməyə çalışardı. Bu haqda belə buyururdu: “Kim Qədr gecəsində, bu gecənin böyüklüyünü qəbul edərək və savabını Allahdan umaraq namaz qılarsa, keçmiş günahları bağışlanar.” 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz