Cibranın Şərq-Qərb Konsepsiyası

Cibranın Şərq-Qərb Konsepsiyası

Cəlil Xəlil Cibran (1883-1931) “dünya ədəbiyyatı”nda özünəməxsus yeri ilə seçilən, yaradıcılığında Şərq-Qərb dünyagörüşlərinin, dini, əxlaqi-mənəvi dəyərlərinin sintezini yaradan əsl ərəb yazıçısı kimi tanınır.

 XIX əsrin ortalarında islamla xristianlığın, Şərqlə Qərbin qovuşduğu ərəb ölkəsi olan Livanda dünyaya göz açan gələcək yazıçı 11 yaşında anası Kamilə, qardaşı Butrus və bacıları ilə Amerika Birləmiş Ştatlarına – Bostona mühacirət etmişdir.

Sonralar C.X. Cibran ingilis dilində yazdığı “Dəli” adlı ilk kitabının bir yerində doğma vətənindən, doğma kəndi Bşarrədən ayrıldığının acı xatirəsinə ittiham notlarını əlavə etmişdi: “...Azad bir düşüncənin çəyirdəyi, nə Şərq, nə də Qərbi tanımayan bir qasırğa, dağılmış dünyanın məhv olmuş bir parçası olan mən niyə burdayam?”

C.X. Cibranın bir mühakiməsi xüsusilə diqqətimi çəkdi: “Qərb ruhu bizə həm dost, həm də düşməndir. Əgər biz ona (Qərbə) üstün gəliriksə, o (Qərb), bizə dostdur, yox əgər o, bizə (Şərqə) üstün gəlirsə, demək o (Qərb), bizə düşməndir”.

Rus ədəbiyyatşünası V. Markov C.X. Cibranın rus dilinə tərcümə edilmiş “Seçilmiş əsərlərinə yazdığı ön sözdə müəllifin xristian olduğunu qeyd etsə də, həyati faktlara istinadən həqiqəti söyləməyə özünə cəsarət tapmışdır: “...Ölüm qabağı o (C.X. Cibran – Red.), “siz xristiansınızmı?” sualına mənfi cavab verir. Əsərlərində müraciət etdiyi xristian obrazları, rəmzləri, mövzuları da ortadoksal (Qərbə məxsus) izahdan uzaqdır.”

Doğrudur, yazıçının “Peyğəmbər” əsəri konkret bir dinin çərçivəsinə sığışmır və orijinallığı ilə fərqlənir. Və bu əsərin “Bibliya”dakı xristianlığı islam təsəvvüfündəki müdrikliklə birləşdirdiyini qeyd edən bir sıra tədqiqatçı alimlərin mühakiməsi ilə razılaşan oxucu ikincinin – islami müdrikliyin bu əsərdə üstünlüyü ilə seçildiyinin canlı şahidi olur.

Tədqiqatçı alim Bəsirənin əsərdəki əl-Mustafa obrazı haqqında elmi mühakiməsi daha inandırıcıdır: “...əl-Mustafa Məhəmməd Peyğəmbərin adlarından biridir və uyğunluq yalnız ad səviyyəsində qalmır, əl-Mustafanın fikirləri ilə иslam düşüncələri və Məhəmməd Peyğəmbərlə bağlı bəzi hadisələr arasında yaxınlıq özünü göstərməkdədir”.

“Xristianlığa islam-sufizm işığından baxan” və həqiqətən də xristian olduğunu bir vaxtlar açıq söyləməkdən çəkinməyən C.X. Cibran bir çox əsərlərində islam dininin, ələlxüsus sufizmin aludəçisi olmuş və dünya dinlərinin birliyini yaradıcılıq amalına çevirmişdir, desək yanılmarıq.

Ərəb yazıçısının “Çox sütunlu irəm” adlı pyesində dinlərin birliyi ideyası daha aydınlığı və təfsilatı ilə öz dolğun ifadəsini tapmışdır. Bəsirə haqlı olaraq yazır: “Bu pyesin adı “Quran”da xatırlanan qissə ilə əlaqədardır. Sufi obrazlarının iştirak etdiyi əsər vəhdəti vücud ideyasını mükəmməl şəkildə ifadə edir.”

Ölümsüz türk şairi və söz mülkünün “padşahı”Cəlaləddin Ruminin ölüm haqqında bu fikrində nə böyük bir məna, həyat fəlsəfəsi var: “Ey doğulanlar, ölüm gəlib çatınca hürkməyin: bu da ikinci bir doğumdur. Doğum, doğum...”

Sözünü, məntiqi fikrini Mövlana dərgahına bağlayan Bəsirənin C.X. Cibranın “Göz yaşı və təbəssüm” kitabının “Giriş” hissəsindən gətirdiyi fikir onun tədqiqatçılıq səriştəsindən gəlir: “Ruh bədəndən ayrılıb maddi dünyada dolaşır, buludlar kimi qum vadisinin və sevinc dağlarının üzərindən ötür, ölüm küləyi ilə rastlaşır, öz başlanğıcına, sonsuz sevgi və gözəllik okeanına – Allaha qayıdır”.

Ərəb yazıçısının sufi ideyalarını böyük bir ormandan olan çiçəklərdən şirə toplayan arılar kimi “Cəlil Xəlil Cibran” kimi çox dəyərli araşdırması yazıya alan müəllifin sözü, təhlili, mühakiməsi yadda qalandır. Düşündürücü fikir və qənaətlərin elmi toplusunu yaradan Bəsirəyə belə bir tədqiqat əsəri üçün oxucu minnətdarlığımı bildirirəm.

Gənc Azərbaycan Türk qızının hələ bundan sonra daha böyük araşdırma aparacağına əminəm.

Və bu araşdırmanın titul vərəqinin sonunda Xəlil Cibran Xəlilin ərəb və ingilis dillərində belə bir fikri təqdim edilmişdir. Onun tərcüməsi belədir ki: “Sən siyasətçisənmi ki, soruşursan, sənin məmləkətin sənin üçün nə edə bilər, yaxud qeyrətlinin birisi soruşur ki, sən öz məmləkətin üçün neyləyə bilərsən”.

Amerikada mühacir ərəb ədəbiyyatının parlaq nümayəndəsi C.X. Cibran yaradıcılığını əsasən ərəb və ingilis mənbələrində araşdıran Bəsirə Şərq və Qərb dünyagörüşlərinin, dini, əxlaqi və mənəvi dəyərlərinin inteqrasiyasının ən yadda qalan lövhələrinin təhlilini Azərbaycan ədəbiyyatşünaslığına ərməğan etməklə ləyaqətli alim xidmətini yerinə yetirmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz