Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevlə reportaj

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayevlə reportaj

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev:

“Təzəpir məscidinin belə görkəmli təmiri dövlət rəhbərliyinin dinimizə və milli-mənəvi dəyərlərimizı verdiyi dəyərin sübutudur.”

İrfan: Hacı, ilk növbədə Təzəpir məscidinin tarixi haqda qısa məlumat verərdiniz mümkünsə. Oxucuların bilmədiyi nüanslardan söz açardınız.

Hacı Salman: 1890-cı illərdə Bakıda böyük bir məscidin tikilməsi haqda təşəbbüslər irəli sürüldü. Bakı ziyalılarının, xeyriyyəçilərinin qərarı ilə Bakı müsəlmanları üçün bir neçə min nəfərlik məscidin tikintisindən söhbət açılırdı. Nəzərdə tutulan məscidin layihəsi hazırlanaraq Rus çarına göndərilir. Məscid indiki Sabir bağının yerində olmalı idi. Lakin Rus çarı məscidin tikilməsinə icazə vermir.

Sonrakı dövrlərdə Nabat xanım Aşurbəyli bu təşəbbüsü öz üzərinə götürür. Bir çox rəsmi yazışmalardan sonra məscidin tikintisinə icazə alınır və çar tərəfindən bugünkü yerində inşa edilməsi tövsiyə olunur. O zaman məscidin minarələri indikindən bir az daha yüksək olmalı idi. Hətta iki şərəfəli olması düşünülürdü. Lakin yaxınlıqda yerləşən Aleksandr Nevski adına kilsədən hündür görünəcəyi üçün məscid minarələrinin çox da yüksək tikilməsinə Rus çarı tərəfindən icazə verilmir.

Keçən əsrin əvvəllərində məscidin tikintisi başlayır. Məscidin tikintisinə sərf olunan bütün maddi vəsait Nabat xanım tərəfindən qarşılanır. Lakin məscidin tamamlanmasını görmək ona qismət olmur. İnşaat işlərinin tamamlanmasına iki il qalmış vəfat edir. Nabat xanımın vəsiyyətinə əsasən onu məscidin giriş qapısının yanında dəfn edirlər. O, vəsiyyət etmişdi ki, “məni məscidin girişində dəfn edərsiniz, gəlib-gedənlər dua etsinlər. Lakin qəbrimin varlığını göstərən heç bir nişanə qoymayın.” Onun vəsiyyətinə əməl olunur və uzun illər qəbrinin üstündə heç bir nişanə qoyulmur. Lakin son dövrlərdə Nabat xanımın xatirəsinin əbədiləşdirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsi tərəfindən qəbrinin üstü düzəltdirildi.

Məscid Azərbaycan Demokratik Respublikasının süqutuna qədər fəaliyyət göstərdi. Fəqət Sovetlər dövründə məsciddən başqa məqsədlər üçün istifadə olundu: sürücülük vəsiqəsi almaq üçün məktəb, toxuculuq mərkəzi, anbar və s. Lakin İkinci Dünya Müharibəsi illərində (1944) Stalinin xüsusi əmriylə məscid yenidən açıldı. O gündən bəri məscid kimi fəaliyyət göstərir. Məscidin əsaslı təmiri isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır. Ona qədər məscid əsaslı təmir olunmamışdı. Möhtərəm Prezidentimizin maddi-mənəvi dəstəyi ilə Təzəpir məscidi təmir olunaraq bu gün daha görkəmli halını aldı.

 

İrfan: Məscidin əsaslı təmirindən sonrakı haqda məlumat verərdinizmi?

Hacı Salman: 1905-1914-cü illərdə tikilən Təzəpir məscidi hazırda məscid kompleksə çevrilmişdir. Tikinti işləri aparılan zaman ziyarətgaha yaxın köhnə tikililər sökülmüş və küçələr genişləndirilmişdir.

Məscidin Şərq qapısı yenidən tikilmişdir və maraqlı dizaynı ilə diqqəti cəlb edir. Məscidin həyətində qadın və kişilər üçün rahat və geniş yeraltı dəstəmaz otaqları qurulmuşdur. Məscidin qapısının sağında dəfn olunmuş Nabat xanımın qəbri təmir olunmuş və ona yaxın geniş pilləkən yenisi ilə əvəz olunmuşdur. Kompleksin ayrıca qazanxanası, mükəmməl su təchizatı, havalandırma və digər kommunikasiya sistemləri, xüsusi istilik sistemi qurulmuşdur.

Məsciddə eyni vaxtda təxminən 1000 nəfər dindarın namaz qılması mümkündür.

Məscidin bütün gümbəzləri yenidən qurulmuş və qızıl suyuna çəkilmişdir. Vaxtilə məscidin müxtəlif guşələrində və tavanında böyük zövqlə Qurani-Kərimin bir çox ayələri işlənmişdi. Sovet dönəmində onların üstü örtülmüş və məhv edilmişdir. Quranın bu ayələri yenidən bərpa olunaraq nəfis şəkildə qızılı hərflərlə divarlara həkk olunmuşdur.

Təzəpir məscid kompleksinin həyətində Qafqaz Müsəlmanları İdarəsinin əvvəlki binası, mədrəsə və ətrafındakı bəzi evlər sökülmüş, onların yerində hər cür texniki tələblərə cavab verən dördmərtəbəli Qafqaz Müsəlmanları İdarəsi və İslam Universitetinin inzibati binaları, qonaq evi və 300 nəfərlik konfrans salonu tikilmişdir. Dördmərtəbəli kompleksin ümumi sahəsi 40 min kvadratmetrdir.

Məscidin daxilindəki əsas çilçırağın çəkisi ağır olduğu üçün başqası ilə dəyişdirilmiş, işıqlandırma sistemi müasir üsulla qurulmuşdur. Tavan və divar suvaqları ilkin memarlıq nümunələri saxlanılmaqla, yeni texnologiyalar əsasında müasirləşdirilmişdir. Məscidin irili-xırdalı 100-dən çox qapı və pəncərələri dəyişdirilmişdir.

1926-cı ildən məscid kinoteatr kimi istifadə olunduğu üçün binanın daxili quruluşu dəyişdirilmiş və dini rəmzlər məhv edilmişdi. Yeni tərtibatda Sovet dövründə məscidin daxili və xarici görünüşünə edilən bütün əlavələr aradan qaldırılmışdır. Bu əsaslı işlərdən sonra Təzəpir məscidi Təzəpir məscid kompleksinə çevrilmişdir.

 

İrfan: Hacı, ümumiyyətlə Azərbaycanda məscid deyildikdə ilk növbədə Təzəpir məscidi gəlir ağla. Məscid sanki Bakımızın bir simvoludur. Məscidin özünəməxsusluğu nədən ibarətdir?

Hacı Salman: Məscid Bakı şəhərində mərkəz rolu oynadığına görə çox önəmli yerə sahibdir. Ümumiyyətlə Azərbaycan tarixində bir çox əlamətdar hadisələrlə bağlılığı vardır.  Elə keçən əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı Bakıda törətdiyi soyqırım günlərinə nəzər salaq. O ağır günlərdə hamı Təzəpir məscidinə sığınmışdı. Məscid həmişə xalqımızın pənah yeri olmuşdur. Mühüm hadisələrdən biri də ondan ibarətdir ki, burada dövlət başçıları xalq qarşısında çıxışlar ediblər. Bu mənada ilk çıxışı Nəriman Nərimanov etmişdir. Mərhum Prezidentimiz, ümummilli lider Heydər Əliyev də bu məsciddə öz tarixi çıxışını etmişdir. Qafqaz Müsəlmanları İdarəsi əvvəllər Zaqafqaziya Ruhani İdarəsi adlanırdı və o zamanlar mərkəz Tiflis şəhərində yerləşirdi. Bu idarənin Azərbaycana gətirilməsi birbaşa Təzəpir məscidi ilə bağlıdır.

 

İrfan: Təzəpir məscidinin əsaslı təmiri eyni zamanda Azərbaycan dindarları üçün yeni bir mərhələnin açılmasından xəbər verir. Bu haqda nə deyərdiniz?

Hacı Salman: Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar təşkil edir. Azərbaycan cəmiyyətinin, millətinin mühüm hissəsini müsəlmanlar təşkil etdiyinə görə Təzəpirin belə bir görkəm alması vacib idi. Məscidin bu qədər gözəl təmir olunması Azərbaycan dövlətinin, dövlət başçısının dinə olan münasibətini ortaya qoydu. Bir daha sübut etdi ki, rəhbərlərimiz xalqın milli-mənəvi dəyərlərinə ehtiramla yanaşırlar. Vaxtilə mərhum Prezident Heydər Əliyev Bibiheybət məscidinin təməlini atarkən demişdi: “Bibiheybət məscidi Sovet rejimi tərəfindən dağıdılmışdısa, indiki hökumət onu bərpa edəcəkdir.” O sözün bir davamı olaraq vaxtilə təzyiqlərə məruz qalan Təzəpir yenidən canlandırıldı.

İrfan: Hacı, son sualımız bir az mövzudan kənar olsa da mövsümlə əlaqəlidir. Bildiyimiz kimi bu günlərdə qarşıdan gələn Qurban bayramı ərəfəsində Həcc ziarətinə gedəcək zəvvarların qeydiyyatı başlayıb. Əvvəlki illərdə 5000-6000 nəfərlik kvota ayrıldığı halda builki kvotanın azaldılması nə ilə bağlıdır?

Hacı Salman: Bu haqda mətbuat konfransında da deyildi. Kvotanın azaldılması dövlət rəhbərliyinin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə gəldiyi qərardır. Bunun da səbəbi bütün dünyada aparılan sağlamlıq tədbirləri ilə eyni qapıya çıxır. Yayılmaqda olan donuz qripi xəstəliyinin Azərbaycana yoluxma təhlükəsinin qarşısını almaq üçün bu addım atılmışdır. Gələcəkdə yenə də kvota artırılacaqdır. Narahatçılığa heç bir əsas yoxdur.

İrfan: Hacı, vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik!

Hacı Salman: Mən də öz növbəmdə sizə təşəkkür edirəm! 

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz