Səcdədəki Meracımız Namazımız
İnsanın daxili aləmini ehya edən bəzi dəyərlər vardır ki, bu fövqəladə olmağın arasındakı incə bir xəttdir. O incə xətt yaxşı ilə pisin, müsbət ilə mənfinin, faydalı ilə faydasızın arasını ayıran və fərqi ortaya qoyan bir xəttdir.
Fərdlərin iç aləminin yüksək keyfiyyətdə olması, cəmiyyətin keyfiyyətini yüksəldir. Əsl zənginlik, mənəvi dinamiklərin möhkəm olmasından keçər. İç aləmində müəyyən bir tarazlığın hakim olduğu fərdlər həm tutarlı, həm də dözümlüdürlər. Din, insanın həyata bağlanması və rahat olması üçün yeganə amildir. Bu, tarixən də belə olmuşdur, qloballaşan və xətlərin, fərqlərin aradan qalxdığı müasir dünyamızda da belədir. İnsanların arasında mübarizə varsa, bu, ümumiyyətlə din mərkəzli olmuşdur. Dinin siyasi, ictimai, psixoloji tərəfləri olmaqla yanaşı, dində mərkəzdə dayanan əsl ünsür insan və insanın fitrətə uyğun olaraq təkamülüdür. Hər din insanın bütün nəfsi arzulardan uzaq olmasını və təyin olunan sərhədlər çərçivəsində halal-haram qaydalarına riayət etməsini istəyər. Bunu da insanın səadəti üçün edər.
Bu gün ‘‘dindarlıq”, ‘‘din xadimi” anlayışlarını yenidən müzakirə etməyin zərurətinə inananlardanam. Əslində bu cür anlayışlar dinin bəzi sinif və insanlara aid edilməsinin təzahürüdür. Halbuki bizə görə hər inanmış insan müsəlmandır və dininin bütün əmr və vəzifələrini yerinə yetirməkdə bərabər məsuliyyətə malikdir. Biri digərindən məsuliyyət nöqteyi-nəzərindən üstün deyildir.
Dindarlıq, insanı fərqli edən bir xüsusiyyətdir. Çünki ‘‘din” həyat içərisində çətin bir seçimdir. Elə çətin olduğu üçündür ki, dini həyatın nəticəsi ‘‘savab” deyilən bir mükafatlandırma ilə sonlanır.
Hər yerdə rast gəldiyimiz və Hz. Əli (r.a)-a aid olduğu bildirilən bir nümunə var:
Hz. Əlidən soruşurlar:
- Namaz qılmayan kafir olarmı?
Hz. Əli də:
- Xeyr. Olmaz, ancaq kafirlər namaz qılmaz, -cavabını verir.
Bu misalın sənədinin etibarlılığını maraqlanmaqdan çox, bu hekayədən alacağımız dərs əhəmiyyətlidir. Dini həyatda namaz ilk və imtina edilməz bir vəzifədir. Peyğəmbərmiz (s.ə.s)-in hədisi-şərifində ifadə etdiyi “Namaz dinin dirəyidir” sözü digərləri ilə aramızdakı bu xəttin nə cür əhəmiyyətli olduğunu izah etməyə kafidir.
Yaxşı, nə üçün məhz, namaz? Ya da nə üçün namaz bu qədər əhəmiyyətlidir? Allah fərdi dini yaşayışın ehyasını meydana gətirərkən, fərdlərin iç aləmindən başlayır. Bu da ən qısa yoldan namaz ibadəti ilə mümkündür. Çünki Peyğəmbərimizin ən həssas olduğu ibadət də namazdır. Və əvvəlki ümmətlərdə də namaz və ya ona bənzər bir ibadətin olması bunun nə qədər əhəmiyyət kəsb etdiyini göstərir. Çünki qulun vasitəsiz Rəbbi ilə birbaşa əlaqədə olduğu ibadət namazdır. “Səcdə möminin meracıdır” ifadəsi də bunu açıq-aydın əks etdirir. Qısaca, namaz bir mömin üçün hava və su qədər əhəmiyyətlidir. Mənəvi olaraq yaşamağın və var olmağın yeganə şərti namazdan keçir. Davamlı Allah ilə rabitə halında olmağın da yolu namazdan keçir.
Peyğəmbərimiz (s.ə.s)-in bu hədisi-şərifini də eşitməyənimiz yoxdur: Allah Rəsulu: “Mən sizi qiyamət günü alnınızdakı nurdan və əllərinizin ağlığından tanıyacağam” deyir. Namaza gedən yol, dəstəmazdan keçir. Dəstəmaz bir müsəlmanın sığındığı və mənəvi rahatlıq tapdığı yeganə limandır. Dəstəmaz müsəlman üçün mənəvi silahdır. Dəstəmazlı gəzməyi özünə vərdiş halına gətirən bir mömin şeytandan və insanlardan gələ biləcək hər cür şərdən əmin olar. Bu, təcrübələrlə sınanmış bir hadisədir. Dolayısı ilə bir müsəlman davamlı mühafizə altında olmaq üçün hər vaxt namaza duracaq.
Bir də namazlarından qafil olanlar var! Qurani-Kərim onlar haqqında “vay halına onların” deyir. Namaz dərdində olmayan, ya da namazla arasında qalın divarlar olan bir müsəlmanın halı necə də fəlakətdir və nə böyük bir ziyandır. Namazdakı bərəkətdən və namazdakı mənəvi həzzdən məhrum olmaq bir müsəlman üçün nə qədər də həzindir.
Son olaraq: Bütün səcdələrimizi bir merac bilməliyik. Və ən sevimli ilə daha çox baş-başa qalmağın dərdində və eşqində olmalıyıq. Səcdələrimiz, səccadələrimiz bizim dualı və istiğfarlı dodaqlarımızla boyanmalıdır. Və həm öz günahlarımıza, həm də ümmətin ortaq dərdlərinə gözyaşı tökməliyik. Heç bir şey edə bilməsək, Rəbbimizə bizi namazdan və duadan biganə qalacaq bir ürəkdən uzaq tutması üçün dua etməliyik. Hər şey insanın daxilindəki həssaslıqların yavaş-yavaş ölməsi ilə başlayır. Nə vaxt ki, bir vaxt namazını qıla bilmədikdə daxilimizdə narahatlıq hiss etmədik, o zaman oturub halımıza ağlamalıyıq.
ŞƏRHLƏR