Bəndənin Dəyəri: İbadət

Bəndənin Dəyəri: İbadət

Uca Allaha ehtiram, təzim və hörmət demək olan ibadətə qulluq da deyə bilərik. İnsan yalnız Allahın qulu olduğunu idrak edər, yalnız Ona ibadət edər və yalnız Ondan yardım istəyərsə dünya və axirət səadətinə qovuşar.

Allaha qulluq yaradılışın ən böyük qayəsidir. Çünki Uca Allah cinləri və insanları ancaq özünə qulluq etsinlər deyə yaratmışdır. İçində yaşadığımız dünya, ölüm və həyat da insanların bu qulluq vəzifələrini necə edəcəkləri bəlli olsun deyə var edilmişdir.

İnsanı digər varlıqlardan ayıran ən böyük xüsus ibadətdir. Allaha ibadət insanın yaradılış qayəsidir. Bu qayəyə tabe olan insan əhsəni-təqvim mərtəbəsinə yüksələrək Quran ifadəsi ilə “aram tapmış nəfs” olaraq adlandırılır. Yaradılış qayəsindən uzaqlaşıb nəfsə tabe olan, süfli duyğulara qapılanlar da əsfələ-səfilinə yuvarlanmağa məhkumdurlar. Qurani-Kərimdə onlar haqda “heyvan kimidirlər, hətta daha da aşağıdırlar” buyurulur.

Allahın rizası istiqamətində yol almış bir həyat tərzində ömür, ibadət bərəkətiylə sona çatar. Gündəlik işləri ibadət şüuru ilə görmək insana savab qazandırarkən qəflətlə keçən ömür insanı ziyana sürükləməkdədir. İki insan eyni anda eyni işi görər, amma biri ibadət şüuru ilə görərək savaba nail olar, digəri qəflətlə keçən həyatın içində ziyana düçar olar.

İnsan Allaha qulluq vəzifəsini yerinə yetirmək və Onun ucalığına sarılmaqla rahatlıq tapar. Çəkilən bəla və müsibətlər ibadət sayəsində xəfifləyər. Mömin bütün yaxşılığın və pisliyin Allahın yaratmasıyla olduğunu, yenə hər nemətin insana Allah tərəfindən lütf edildiyini bilərək Onun göstərdiyi şəkildə ibadət etməlidir. Bu ibadət Allaha şükrün və verdiyi nemətlərə həmdin təzahürüdür.

İbadət Allahın buyurduqlarını yerinə yetirmək, əmr və qadağalarına uymaq, Onu tanımaq, rizasını və sevgisini qazanmaqdır. İbadətin ruhu ixlasdır. İxlasdan uzaq olan ibadət məqbul deyil. “Vay o namaz qılanların halına!” xəbərdarlığı bizə bunu öyrədir.

İxlas saf ibadət, təmiz sevgi və ürəkdən bağlılıq deməkdir. İlahi nizam içində və ən mükəmməl şəkildə yaradılmış olan kainat və canlı-cansız bütün varlıqlar Uca Yaradana qarşı ibadət halındadırlar. Kainatda zərrədən ən böyüyə qədər yaradılmış bütün varlıqların hər hərəkətinin qeyri-ixtiyari bir dua və ibadət fəaliyyəti olduğunu Qurani-Kərim belə xəbər verir:

“Yeddi göy, yer və onlarda olanlar Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız.” (əl-İsra, 44)

“Göylərdə və yerdə kim varsa, (özləri də), kölgələri də səhər-axşam istər-istəməz Allaha səcdə edər!”  (ər-Rəd, 15)

Bütün bunlara rəğmən şeytan insanların zəif nöqtələrinə təsir edərək pul, mal, sərvət və məqamın əsiri edər. Bəzi dünyalıq sahibi insanlara da qulluq etdirir. Halbuki insanlar bu kimi dünya nemətlərinin keçici olduğunu, həqiqi səadət və nicatın iman edərək Allaha təslim olmaqla əldə edildiyini nəfsinin və şeytanın çaşdırmasıyla anlaya bilməz.

 

Gənclik və ibadət

Fars dilində gənc; dəfinə, xəzinə deməkdir. Bir dülgərin əlindəki ağac nədirsə, ata-ana və tərbiyəçilərin əlindəki gənc də odur. Dülgər əlinə götürdüyü ağacı sənəti sayəsində ölümsüzləşdirə bilirsə, valideynin əlindəki uşaq üçün də eyni şey düşünülməlidir. Bu gün bəzi klassik üsullarla və ya bəzi qadağalarla alınan tədbirlərlə gəncləri doğru istiqamətləndirmək mümkün deyil. Kütləvi informasiya vasitələri, internet dünyası yaşadığımız dünyanı kiçiltmişdir. Gənclər bu vasitələrlə hər cür məlumatı alarkən, valideynlərin bu yeniliklərdən xəbərsiz yaşamaları aralarındakı əlaqəni kəsməkdədir.

Halbuki islam gəncliyi ibadətlər xüsusunda yaşlıları keçmək qabiliyyətindədir. Yenə unudulmamalıdır ki, Allah Rəsulunun ilk islam dövlətini bərabər qurduğu, gələcəklərini inancları uğrunda riskə atan, bir həmlədə nəfsin buxovlarından qurtulan əshabın böyük əksəriyyətini də gənclər təşkil edirdi. Gənclikdə yaşanan fitri meyillər bu dövrdə edilən qulluğun Allah qatında daha məqbul və sevimli qarşılanmasına yol açmaqdadır. Qiyamət günü ərşin kölgəsində kölgələnəcək yeddi zümrədən biri də “ibadətlə böyüyən gənc”dir.

Gənc təbiəti etibarilə daha çılğın, asi xarakterə sahibdir. Aparılan araşdırmalarda məlum olmuşdur ki, günah işləmə yaş dövrü daha çox gəncliklə bağlıdır. Uca bir varlığa boyun əymək olan ibadət/qulluq gənclər üçün daha fərqli məna qazanır. İnanc və ibadət sahibi olan gəncin yoldaşlarına, ata-anasına, cəmiyyətə və dövlətə qarşı məsuliyyətlərini yerinə yetirmədə daha həssas davrandığı məlum olmuşdur.

Gənclərə öyüd vermək yerinə rəhbərlik etmək lazımdır. Gənclər yaşlarının gərəyi olaraq öyüd-nəsihət və əmr almağı xoşlamazlar. Onlara rəhbərlik edilməsini istərlər.

Xeyir işlər görmək üçün ən münasib yaş dövrü gənclikdir. “Hələ tezdir, yaşlandıqdan sonra edərəm” deyərək ibadətə yanaşmamaq yanlış məntiqdir. Heç bir gəncin yaşlanacaq qədər ömür sürcəyinə dair zəmanəti yoxdur.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz