Onlar 100 Nəfər Idi... /
1920- ci ilin yanvar ayının 14-ü. Hava kifayət qədər soyuq olsa da Bakı dəmiryol vağzalında görünməmiş bir izdiham var. Azərbaycan Xalq Cümhuriyyətinin hökumət və Parlament üzvləri məşhur xeyriyyəçi – messenantlar, din xadimləri, tanınmış ədib və muhərrirlər, ictimaiyyətin nümayəndələri diqqəti cəlb edir. Gənclərin və sıravi insanların da sayı az deyil. Kiçik dəstələr halında dayanıb söhbət edənlərə baxanda başa düşmək olar ki, bütün bu mərasim gənclərlə bağlıdır. Onları harasa yola salırdılar. Bu gənclərin üzündə sevinc qarışıq kədər, narahatlıq var idi. Tay-tuşlarını yola salmağa gələn yaşıdları isə onlara həsəd və qibtə ilə baxırdılar...
...Təntənəli yolasalma mərasimi başa çatdı. Qatar ağır-ağır nəfəs alaraq yerindən tərpəndi. Qeyri-ixtiyari olaraq perrondakı adamlar da qatarla bərabər hərəkətə başladı. Qatar sürətini artırdıqca perrondakılar da addımlarını yeyinlədir, get-gedə bu gediş qaçışa cevrilirdi.
Budur, anasının qolları arasından zorla çıxan bir gənc qaça-qaça vaqona atılır və gözləri ilə anasını axtarır tapandan sonra gülümsəyərək əli ilə gözünü silir.
Vaqonun pəncərələrindən uzanan əlləri tutmağa calışanların səyi bir nəticə vermir. Son öyüdlər, tapşırıqlar, xeyir dualar havada oynayan əllərə ilişir, bir-birinə dəyərək ünvana çatmadan relslərin üstünə səpələnir. Bəs bu qatar hara gedirdi və bu qədər insan kimi yola salırdı?!
Kiçik bir haşiyə:
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumətin gördüyü tədbirlər içərisində müxtəlif sahələrdə ali təhsilli mütəxəssis hazırlamaq üçün Azərbaycanlı gənclərin Avropanın müxtəlif təhsil ocaqlarına göndərilməsi də vardı və bu məqsədlə Dövlət xəzinəsindən Maarif Nazirliyinin sərəncamına 7 milyon vəsait ayrılmış, Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiyaya göndərilənlərə isə 3min rubl təqaüd və 1000 manat yol xərci nəzərdə tutulmuşdu.
M. Ə. Rəsulzadə (sədr) Əhməd bəy Pepinov, Qara bəy Qarabəyli, Mehdi bəy Hacınski və Abdulla bəy Əfəndizadədən ibarət nüfuzlu münsiflər heyəti tərəfindən ərizələr diqqətlə yoxlanılmış, nəticədə 49 nəfərin Almaniyanın, 27 nəfərin Fransanın, 4 nəfərin İtalyanın, 1 nəfərin İngiltərənin, 6 nəfərin Türkiyənin müxtəlif ali məktəblərinə göndərilməsi barədə rəsmi sənəd hazırlanmışdı. 13 nəfər isə Rusiyada təhsil almalı idi.
...1920-ci ilin yanvarın 14-də Bakıdan çıxan gənclər fevral ayının 11-də Parisə çatdılar. Burada onları Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri qarşıladı. Nümayəndə heyətinin rəhbəri, Azərbaycan Prezidentinin sədri Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında çıxış etdi. Və gənc tələbələr Avropanın müxtəlif şəhərlərinə səpələndilər.
Onlar 100 nəfər idi....
20-25 yaşlı 100 gənc oğlan... Arzuları yerə-göyə sığmayan 100 gənc... Xalqına, vətəninə, elinə, obasına xeyir vermək üçün, yararlı övlad olmaq üçün isti ana qucağından doğma ata ocağından ayrılıb yad ellərə üz tutan 100 gənc...
Sevimli Peyğəmbərimizin “Elm Cində də olsa onun ardınca gedin” hədisi-şərifinə əməl edərək elm öyrənmək üçün qərib diyarlara gedən, yüyürən 100 gənc... Qarşıda onları gözləyən fəlakətdən, səfalətdən, mərhumiyyətlərdən xəbərsiz 100 gənc...
Get-gedə Bakıdan uzaqlaşan qatar onları arzularına çatdırmağa tələsirdi. Lakin onlar bilmirdilər ki, əvvəl, qatarla, sonra isə piyada Avropanı ələk-vələk edəcək, arzularını tapıb ona qovuşmayacaqlar. Bu arzular bir ilğıma, səraba dönəcək, hər dəfə əl uzatdıqca əriyəcək, yox olacaq, bir qədər sonra yenidən kənarda peyda olacaqdı. Və bütün bu görüntülər bitib-tükənməyəcək, hər gün təkrarlanacaqdı. Günlər ötdükcə, yaşayış şərtləri günbəgün ağırlaşdıqca arzular da dəyişəcək, ürəklərindəki hicran yanğısını xəlvət yerdə axıtdıqları göz yaşları da söndürməyəcək. Artıq ən böyük arzu vətənə dönmək olacaq. Doyunca yemək yeməyən, gündə 3-4 saat yatan bu gənclər hər gecə evlərinə grdəcək. Başlarını analarının sinəsinə qoyub mışıl-mışıl yatacaqlar.
Ancaq bütün bunlar yuxularda baş tutacaq. İndi isə gedirdilər. Gedirdilər ki, qayıtsınlar.
Onlar qışda qar altından baş qaldıran 100 zərif çiçəyə bənzəyirdilər. Rusiyadan əsən quduz küləklər Qafqaz dağlarını aşaraq onları Avropa çöllərində tapdı. Bu bolşevik sazağı onları iliklərinə qədər dondurdu.
Qafqaz zirvələrində pərvazlanan bu qartalları işğalçı XI ordunun Bakıda, Gəncədə artdığı güllələr Avropa səmasında da tapdı. Hələ bərkiməmiş qanadlarını sındırıb alçaqlara endirdi.
Onlar 100 nəfər idi...
Bir gecənin içində arzuları puç olan ümidləri solan, bir günün içində qocalan oxşar taleli 100 gənc... Azərbaycanın müxtəlif bölgələrində anadan olsalar da eyni bir amal, məqsədlə Bakıya gəlib oradan Avropanın müxtəlif şəhərlərinə üz tutub, ömür paylarına sevincdən çox qəm, qüssə düşən oxşar taleli 100 gənc...
Kimi ata-anasının ilki, kimi sonbeşiyi, kimi də ailəsinin gözünün ağı-qarası, yeganə övladı idi. Kimi adi bir ailənin ciyər parası kimi də Azərbaycanda yetərincə tanınan nəslin nümayəndəsi idi. Lap Rəşid bəy Topcubaşov kimi. Ana babası ilk milli qəzetimiz “Əməkçi”nin redaktoru H. Zərdabi, atası Azərbaycan parlamentinin sədri Əlimərdan bəy Topçubaşov idi Rəşid bəyin. Bu ata-oğulu vətənə aparan yollar dağıdılmış, körpülər yandırılmışdı. 1926-cı ildə oğul, 1934 cü ildə isə ata Topçubaşov doğma vətəndən uzaqlarda Parisdə dünyalarını dəyişdilər. İndi Parisin Sen-Deni məzarlığında uyuyan Topcubaşovlar bir ovuc vətən torpağının, ziyarətçilərinin intizarındadırlar. (Rəşid bəyin məzarının yeri məlum olsa da onunla bərabər gedənlərin böyük əksəriyyətinin nə ölüm tarixi bəllidir, nə dəfn olunduğu yer)
Onlar 100 nəfər idi...
Sehirli alma dalınca gedən nağıl qəhrəmanlarına oxşayırdılar. Bu qəhrəmanlardan biri də Hacızadə Mirzə Məşədi Yusif oğlu – Mirzə bəy Göygöl idi. O, Berlin Universitetinin kənd təsərrüfatı fakültəsini bitirmiş 1926- cı ildə doktorluq dissertasiyası müdafiə etmişdi. Nə qədər çalışsa da Azərbaycana dönə bilməmişdi. Mirzə bəy bir müddət Almaniyada yaşayandan sonra Türkiyəyə köçmüş, İstanbulda Nəsib bəy Yisifbəylinin qızı Zöhrə xanımla ailə həyatı qurmuşdur. M. Hacızadə Türkiyədə yaşayan muhacirlərlə yaxından dostluq etmişdir. Hacızadənin Gəncədə yaşayan qohumları ona görə təqiblərə məruz qalmış, anası Sibirə sürgün edilmişdi. Sürgündən sonra anasına Gəncədə yaşamağa icazə vermədiklərinə görə Gədəbəydə yaşamış və orada da vəfat etmişdi.
Türkiyədə səfərdə olan Maestro Niyazi ilə tanış olan Mirzə bəy Hacızadə Maestronun səyi və dəvəti ilə Azərbaycana gəlmək nəsib olsa da SSRİ təhlükəsizlik orqanları ona doğma Gəncəyə getməyə, Gəncə çinarları ilə pıçıldaşmağa, Göygöllə qucaqlaşmağa icazə verməmiş, hətta anasının qəbrini belə ziyarət etməyə qoymamışdılar.
Onlar 100 nəfər idi.
Onlar da Məlikməmməd kimi divi öldürməyə getmişdilər. Lakin 70 il böyük qardaş adlandırdıqlarımız və onlara quyruq bulayanlar bu yüz nəfərin kəndirini kəsərək quyuya saldılar. Quyuda qalan bu gənclər nağıllarda olduğu kimi ağ qoçu, qara qoçu da gördülər. Hətta bəziləri imkan tapıb ağ qoçun belinə də mindi. Lakin ağ qoç yenə də namərdlik edib belindəkiləri qara qoçun belinə tulladı. Qara qoç isə onları Şaxtalı Sibir meşələrinə, soyuq Qazaxıstan çöllərinə apardı, məhv etdi. Nağıllardakı ağ qoç, qara qoç reallaşsa da onları ışıqlı dünyaya çıxaracaq Simurğ quşu nağıllardan ayrılıb gələ bilməmişdi.
Qara qoçun qaranlıq dünyaya apardığı gənclərdən biri haqqında kiçik bir məlumat:
Kazımov Cəfər Ələsgər oğlu (14.01-1897, Bakı - 14.8.1968, Bakı) – Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Əmək Nazirliyində katib işləmişdir. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini dağ-mədən mühəndisliyi sahəsində davam etdirmək üçün Almaniyanın Flayburq Dağ-Mədən Akademiyasına göndərilmiş, 1925-ci ildə təhsilini bitirib Azərbaycana qayıtmış, Suraxanı neft mədənlərində işləmiş, 1927-ci ildən 1930-cu ilə qədər Sənaye texnikumunda direktor müavini olmuşdur. Daha sonra Azər. SSRİ Dövlət Plan komitəsi rəyasət heyətinin üzvü, SSRİ E.A Azərbaycan filialı Rəyasət Heyəti sədrinin müavini (1933-1938) olmuşdu. 1938-ci ildə repressiyaya məruz qalmış, Komidə, Uxta kombinatında cəza çəkmişdir. Geoloq və petroqraf kimi Nen Muxtar mahalında geoloji ekspedisiyada iştirak etmiş, ikinci ekspedisiya zamanı Berens dənizi sahilində uran filizi aşkar edilmişdir.
1949- cu ildə iflic olan Kazımova cənubda yaşamağa icazə verilmiş, 1955-ci ildə bəraət almışdır. Ömrünün son iyirmi ilini iflic vəziyyətində yaşamışdır.
(Az. Xalq Cümhuriyyəti Ensklopediyası C.II səh 78,79)
Onlar 100 nəfər idi...
Onları yola salan 100 ana arxalarınca su atmışdı. İllər keçdi, o sular qurudu. Bu dəfə yollara anaların göz yaşları səpildi.
Analar yanar ağlar,
Dərdini sanar ağlar
Dönər göy göyərçinə
Yollara qonar ağlar
Onlar 100 nəfər idi...
Bir soyuq yanvar günü əzizləri, doğmaları ilə görüşüb yola düşdülər. Həmin yüz nəfərdən biri şair idi. Yusifzadə Ağəli Cəlal oğlu, “Əli Yusif”, “Əli Rai” təxəllüsü ilə şeirlər yazan istedadlı bir gənc. 1922-ci ildə Paris Siyasi Elmlər Akademiyasını bitirib vətənə dönən və 1926-ci ildə qara qoçun Sifirə apardığı və orada qətlə yetirilən istiqlal aşiqi. Özünün və digər 99 nəfərin acı taleyini sanki qabaqcadan görürmüş kimi yazırdı:
Ey müqəddəs, şanlı, sevimli ölkə!
Kim bilir qəzayi?
Dönmədik bəlkə...
Haqqını halal et, biz gedər olduq.
Onlar 100 nəfər idi. Əzizləri, yaxınları, ən başlıcası doğma vətənlə halallaşıb getdilər. Bəs biz? Biz onlardan halallıq ala bildikmi?
Onlar 100 nəfər idi.
83 nəfər doğma Azərbaycana qayıda bilmirdi. Onlardan 78 nəfərinin 1925-ci ildən sonrakı taleləri haqqında heç bir məlumat yoxdur. Digər 5 nəfərin isə ölüm tarixi və yeri məlumdur.
Azərbaycana qayıdan 17 nəfərdən 14-ü repressiyaya məruz qalmışdır. Cəmi 3 nəfər daimi təzyiqlər altında yaşasalar da cəza maşınından xilas ola bilmişlər. Nağıllarımız “Biri vardı, biri yoxdu” sözləri ilə başlayır. Mən isə bu kiçik yazını belə bitirmək istəyirəm:
“Yüzü vardı, yüzü yoxdu,
Daha deməyə sözüm yoxdu.”
ŞƏRHLƏR