Heçlik

Heçlik

“Sən çıxınca aradan, qalır səni yaradan!”

İnsan bütün məxluqat kimi, hələ adı xatırlanmadıqda, heç bir şey deyilkən, Allahın lütf və kərəmiylə “Kun! / Ol!” əmri-ilahisinə məzhər olmuş və beləcə “heçlik”dən, yəni “yoxluq”dan “varlıq” aləminə çıxarılmışdır. İnsan, “var” ola bilmək üçün heç bir əvəz ödəməmiş, sırf ilahi lütf ilə yaradılmışdır.

Üstəlik “əhsəni təqvim - ən gözəl şəkildə” yaradılıb müstəsna istedadlarla təchiz edilərək “əşrəfi məxluqat”, yəni “varlıqların ən şərəflisi” qılınmışdır. Bu səbəbdən insanın Xaliqinə qarşı sonsuz şükür borcu vardır.

Bu barədə ən mühüm və çətin məsələ də, “iman” nemətinin əvəzini ödəyə bilməkdir. Çünki əvəzi ödənməyən bir şeyə sahiblik iddia etmək, əbəsdir. Cənnət və onun da zirvəsində Cəmalullaha nail olmaq sədaqətin, dostluğun və heçlik halında yaşamağın müqabili olaraq, mərhəməti sonsuz olan Allahın müstəsna bir lütf və ikramıdır.

Peyğəmbərlər belə, Allah təalanın şükür borcunu layiqiylə ödəyə bilməkdən aciz qaldıqlarını etiraf edərək bir qulluq həyatı yaşamışlar. Necə ki, Peyğəmbərimiz (s.ə.s) gecələr ayaqları şişənə qədər saatlarla namaz qılmış; paltarını, saqqalını və səcdə etdikləri yeri, mübarək gözyaşlarıyla yumuşdur. Ona:

“- Ya Rəsulallah! Allah təala sizin keçmiş və gələcək xətalarınızı bağışladığı halda, nə üçün bu qədər ağlayırsınız?” dedikdə:

“- Allaha çox şükür edən bir qul olmayımmı?..” buyurmuşdur. (Bax. İbn Hibban, II, 386)

O, kainatın yaradılış səbəbidir...

O, Allahın Həbibi, ən sevimli qulu, qulluğun zirvəsidir…

O belə, nə qədər ibadət edirsə etsin, Allah təalaya layiqiylə şükür edə bilməyəcəyini dərk edərək yaşayır, aləmləri əhatə edən mərhəmət ümmanı olan ürəyi Haqqın hüzurunda heçlik duyğusuyla çırpınırdı. Bu səbəblə etdiyi əməllərini heç vaxt kafi görmür və hətta “heç” hökmündə görür, itaət və niyazlarını artırdıqca artırırdı.

Yaşadığı qulluq halının, Rəbbinin şanı-uluhiyyətinə müqabil, nə qədər nöqsan və kifayətsiz olduğunu gördükcə də, hər fürsətdə tövbə və istiğfar edirdi. Belə ki, hədisi-şəriflərində belə buyurmuşdur:

“Vallah, mən gündə yetmiş dəfədən çox Allahdan məni bağışlamasını diləyir, tövbə edirəm.” (Buxari, Dəavat, 3; Tirmizi, Təfsir, 47)

Təbii ki, Həzrət Peyğəmbər (s.ə.s) bu tövbə və istiğfarları bir günah səbəbilə deyil, bir tərəfdən şükür borcunu ödəyə bilməmə narahatlığı, digər tərəfdən də Haqq təalanın razılığına nail ola bilmək, Ona daha da yaxınlaşa bilmək arzusunda olduğu üçün edirdi. Çünki Peyğəmbərimiz (s.ə.s) daim mənəvi bir tərəqqi içində olduğundan, bir sonrakı hal və mövqeyinə görə daha aşağı səviyyədə olan əvvəlki halına istiğfar etməkdə idi.

Bu könül üfüqü içində Rəbbinə yalvarışın ülvi mənzərələrindən birini Həzrət Aişə (r.anha) belə nəql edir:

“Bir gecə oyandığımda Allah Rəsulunu yanımda görə bilmədim. Ağlıma, digər xanımlarından birinin yanına getmiş ola biləcəyi ehtimalı gəldi. Əlimlə ətrafı yoxladım. Əlim ayaqlarına toxundu. O zaman Allah Rəsulunun səcdədə olduğunu anladım. Qulaq asdım, hıçqıra hıçqıra ağlayır və belə yalvarırdı:

“Allahım! Qəzəbindən rizana, cəzalandırmağından əfvinə sığınaram! Allahım, başqasına deyil, Səndən yenə Sənə sığınıram. Səni la­yiq ol­du­ğun şə­kil­də mədh və sə­na etməkdən aci­zəm! Sən özünü necə mədh və sə­na et­mi­sənsə e­lə­sən!” (Müslim, Salət, 222; Tirmizi, Dəavat, 75/3493)

 

XALİS QULLUĞUN ƏSASI

Ən böyük vəzifəmiz Rəbbimizə olan şükür borcumuzu ödəməyə çalışmaqdır. Yoxdan var edilmiş olmaq belə, şükründən aciz qalınacaq bir nemətdir... Hal belə ikən; varlıqlar içində insan, insanlar içində əhli iman, (rəvayətə görə) 124 min peyğəmbər içində Həzrət Məhəmməd Mustafa (s.ə.s)-ə ümmət olmaq, nə böyük nemətdir.!..

Bütün bu nemətlər qarşısında Rəbbimizə şükür səcdəsinə qapanıb bir ömür başımızı qaldırmasaq, yenə də az, yenə də nöqsan, yenə də “heç” hökmündədir...

Bu hədisi-şərif yuxarıdakı həqiqəti nə qədər də dəqiq bir surətdə izah edir:

“Bir adam doğulduğu gündən, yaşlanıb öldüyü günə qədər Allah rizası üçün və itaət niyyətiylə alınını yerdən qaldırmayıb cəhd göstərsə, o adam yenə də (Allahın ona lütf etdiyi nemətlərin şükründən aciz qaldığı düşüncəsiylə) qiyamət günü əməllərini az görər.” (Əhməd, c. IV, s. 185)

Yəni bu cür bir ibadət həyatı belə, əbədi qurtuluşumuza kafi deyil. Çünki Haqq təala əməllərimizlə yanaşı ürəklərimizə baxacaq. Rəbbimiz bizdən səlim bir qəlb istəyir. Səlim bir qəlb də, Haqqa qarşı “heçlik və acizlik” duyğularıyla dolu bir könül halına bağlıdır…

Haqq qatında yeganə qiymətimiz də Ona bu könül halı ilə itaət, həmd, şükür, dua və qulluq ilə bir həyat yaşaya bilmək... İlahi rəhmət təcəlli etmədiyi təqdirdə, heç bir saleh əməlimizin bizi qurtara bilməyəcəyinin fərqində olmaq...

Dualarımız kimi ibadətlərimizin də ilahi qəbula möhtac olduğunu unutmamaq…

Əməlinə güvənmək yerinə, heçliyə bürünərək Rəbbinin əfvini ümid etmək…

Məhz budur xalis bir qulluğun əsasını təşkil edən könül halı…

 

HƏR ŞEY HEÇLİKDƏN SONRA BAŞLAYAR

Bu könül halı ilə yaşanan bir ibadət həyatı qulu Haqqa dostluq iqliminə ucaldar. Çünki heçlikdə məsafə qət edilmədən qəlbin pəncərələri açılmaz…

Buna görə heçliyin ziddi və düşməni olan “mənliyi” mümkün olduğu qədər dəf edə bilmək, təsəvvüfün ən mühüm məsələlərindən biridir. Belə ki, insanı bu barədə xəbərdar edən ifadələrə sahib olan hüsnü-xətt lövhələrinin dərgah divarlarını bəzəməsi, həmişə davam edən gözəl bir ənənədir.

Bu xəbərdarlıq lövhələrindən birində də “heç” ifadəsi yazılar ki, bu, ilahi sirdən nəsib ala bilməyin, ilk növbədə eqoizmin aradan qaldırılmasına bağlı olduğunu təlqin edir. Yəni mənlikdən qurtulub heçliyə qovuşmadan mənəvi təkamüldən söz edilə bilməz.

Hər insanın daxili aləmi fücur və təqva təmayülləri arasındadır. Nəfsani həyat hər hadisədə daim “mənlik”, ruhani həyat isə “heçlik”, yəni hər nemətin Allahın lütfü olduğunu təlqin edər.

İçimizdəki döyüş də, mənlik ilə heçliyin döyüşüdür. Nəfsani arzuları və fücuru dəf edə bilsək “mən”i, yəni qürur, təkəbbür və eqoizmi "heç"ə çevirərik. Mənəvi kamillik yolunda hər şey də “heç”i “mən”ə qalib gətirdikdən sonra başlar. “Nəfsini bilən, Rəbbini də bilər.” sirri bu nöqtədən sonra idrak edilər, yəni “mərifətullah” / “Rəbbi ürəkdən tanıya bilmək” nəsib olar.

Haqqın qüdrət və əzəmətini layiqiylə idrak edə bilənlərdə nə varlıq iddiasına, nə də mənlik iddiasına fürsət qalar. Əksinə acizlik və heçlik duyğusuyla sanki əriyən bir şama dönərlər. Haqqın hüzurunda acizlik iksirini dadaraq heçlik zirvəsinə çatmış olan belə yüksək istedadlar Haqqın dostu olarlar.

 

HEÇ OL Kİ, GÜNƏŞLƏR GÜNƏŞİ OLASAN…

Böyük Haqq dostu Xalid Bağdadi həzrətləri, bütün islam aləmini qucaqlayan şöhrətinə və dərya kimi dərin elminə baxmayaraq, rəvayətə görə bir illik səfərin ardından Abdullah Dəhləvi həzrətlərinin qarşısında ədəblə diz çökmüşdür. Bütün qürur və təkəbbür əsaslarını könlündən silib ataraq və nəfsinin bütün etiraz və üsyanlarını susduraraq özünə verilən dəstəmazxana təmizliyi vəzifəsini sədaqətlə yerinə yetirmişdir. Beləliklə təvazö, yoxluq və heçlik tacını geymiş, aldığı mənəvi tərbiyə nəticəsində ustadının iltifatlarına və mənəvi ikramlara məzhər olmuşdur.

Dəhləvi həzrətlərinin dərgahından ayrılıq vaxtı gəldikdə hər iki məna sultanının gözlərində məhəbbət damlaları vardı. Xalid Bağdadi həzrətlərinin gəlişi ilə gedişi arasındakı fərq çox böyük idi. Çünki gəlişində ona heçlik dərsi vermək üçün qarşılamağa belə çıxmayan Abdullah Dəhləvi həzrətləri indi onu şəxsən ehtiram ilə yola salırdı. Hətta Xalid Bağdadi həzrətlərinin bütün xəcalətinə baxmayaraq Həzrət Pir, atın üzəngisini tutdu və bu əziz tələbəsini öz mübarək əlləriylə ata mindirdi. Dörd millik məsafəyə qədər də ötürdü. Ardından yanındakılara o mübarək tələbəsi üçün:

“- Xalid, hər şeyi götürüb apardı.” buyurdu.

Demək ki, insan elmdə bənzərsiz bir mərtəbəyə çatsa da, onu mənəviyyatla bəzəmək məcburiyyətindədir. Bunun üçün mənəvi tərbiyə şərtdir. Əks halda insan nəfsin təkəbbür bataqlığına batıb həlak olmaqdan xilas ola bilməz. Nəfsini ayaqlar altına almayanlar, mənəvi kamillik zirvələrinə çıxa bilməz.

Xalid Bağdadi həzrətləri, zahiri elmlərə əlavə olaraq batini elmlərdə də zirvələşdiyi üçün ona “Günəşlər Günəşi” deyildi.

Belə böyük bir Haqq dostu olan Xalid Bağdadi həzrətlərinin mənəvi övladlarına və qardaşlarına yazdığı məktubları, bizlərə möhtəşəm bir heçlik dərsi verir. Belə ki, qardaşına yazdığı bir məktubda öz halını belə xülasə edir:

“...Allah təalaya and içirəm ki, anam məni doğduqdan bu günə qədər Allah qatında məqbul və mötəbər olub hesabı soruşulmayacaq bir tək xeyir işlədiyimə inanmıram.”

Şübhəsiz ki, o məna sultanı Haqq dostunu bu hissiyyata sövq edən də, Haqqın hüzurunda yaşadığı “heçlik” halıdır. Deməli, bir qul nə qədər saleh əməllər etmiş olursa olsun, ona güvənməməli və daim Allahın rəhmətinə sığınmalıdır.

Xalid Bağdadi həzrətləri sözünə belə davam edir:

“...Əgər öz nəfsini bütün xeyirxah işlərdə müflisləşmiş olaraq görmürsənsə, bu, cəhalətin ən son nöqtəsidir. Əgər müflisləşmiş olaraq bilirsənsə, Allahın rəhmətindən də ümidsiz olma. Çünki Allah təalanın fəzl və kərəmi qul üçün insanların və cinlərin (bütün saleh) əməllərindən daha xeyirlidir.

Allah təala belə buyurur:

« De: “Allahın neməti və mərhəməti ilə - ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” » (Yunus, 58)

İbn Abbas (r.anhuma) bu ayədəki “onların yığdıqları” ləfzini “qazandıqları” kimi təfsir edir.

Şeytanın, ağıllarıyla oynadığı kəslər kimi, Allah təalanın fəzlinə güvənərək ibadətlərə əsla laqeyd yanaşma! Qəlbində zikr etməyə davam et! Yolda gedərkən də Ondan ayrılma...”

Xülasə, bütün əməllərimiz eynilə dualarımız kimi ilahi qəbula möhtacdır. Bu səbəblə möminin könülünə heç bir saleh əməli səbəbiylə ucüb və mənlik halı gəlməməlidir. Digər tərəfdən ifrata vararaq ümidsizliyə də düşməməlidir. Həzrət Yunusun hekayəsi, ümidsizliyə qapılmamaq barəsində çox ibrətli bir misaldır:

Yunus (ə.s) ilahi təlimata görə qırx gün təbliğ edəcəyi yerdə, otuz yeddinci günün sonunda hələ imana gəlməyən qövmünə hirslənərək onları tərk etdi. Halbuki Haqq təalanın verdiyi möhlətin dolmasına hələ üç gün vardı. Lakin Yunus (ə.s) ümidsizliyə qapılıb oradan ayrıldı. Mindiyi bir gəmidən suya atıldı və səhvinin peşmançılığı içində özünü qınayarkən bir balıq tərəfindən uduldu.

Yunus (ə.s) balığın qarınında tövbə-istiğfar etdi, zikr və təsbih ilə məşğul oldu. Ayeyi-kərimədə buyurulur:

“Əgər o, (Allahı) çox təqdis edənlərdən (namaz qılanlardan) olmasaydı, yəqin ki, balığın qarnında qiyamət gününə qədər qalardı.” (Saffat, 143-144)

Rəbbimiz başqa bir ayədə ümidsizliyə düşməməsi üçün Həzrət Peyğəmbər (s.ə.s)-ə belə buyurmuşdur:

“(Ya Rəsulum!) Sən öz Rəbbinin hökmünə səbr et və balıq sahibi (Yunis peyğəmbər) kimi olma (risaləti təbliğ etməyi yerə qoyma). O zaman o, (balığın qarnında) qəm-kədər içində boğularaq (Rəbbinə) dua etmişdi. Əgər Rəbbindən ona bir mərhəmət (ne’mət) yetişməsəydi, o, məzəmmət olunaraq quru yerə (səhraya) atılacaqdı.” (əl-Qələm, 48-49)

Qul daim Rəbbinin rəhmətinə və nemətinə möhtacdır. Bu səbəblə heç bir zaman əməllərinə güvənib mənlik göstərməməli, əksinə onları az hesab edib ümidsizliyə də düşməməlidir. Son nəfəsə qədər böyük bir acizlik içərisində qulluq vəzifələrini ifa etməli, ümid və qorxu arasında daim Rəbbinin rəhmətinə sığınmalıdır.

 

HEÇLİK DƏRGAHI KÖNÜLLƏR

Sədaqət, xidmət və vəfa ilə bəzənmiş sadə bir həyatın ardından əbədiyyətə yola saldığımız möhtərəm atamız Musa Əfəndi də, sahib olduğu yüksək təvazö və acizlik halı ilə özündə bir varlıq hiss etməzdi və heçlik şüurunun canlı bir nümunəsi idi. Bu barədə vəfatından sonra da sevənlərinə mənalı bir xatirə buraxaraq könüllərdəki irşadına davam etdi.

Belə ki, vəsiyyətnaməsi açıldığında, hələ ilk abzaslarda onun Haqqın hüzurundakı heçlik şüurunu ifadə edən bu sətirlərlə qarşılaşdıq:

“Hər dünyaya gələn vaxtı, saatı, sayılı nəfəsləri tamamlandıqdan sonra əbədi aləmə köçəcəkdir. Nə xoşbəxtdir o kimsə ki, həyatını Haqq yolunda sərf etmiş və üzünün ağı ilə axirətə köçmüşdür!...

Mən də, bu xüsusu nəsibim dərəcəsində dərk etdiyim halda, layiqiylə qulluq edə bilmədim. Piri fani olduğum halda özümə nizam-intizam verə bilmədim. İslam böyüklərinin şüurlu və şərəfli həyatlarını oxudum, lakin nəfsimdə tətbiq edə bilmədim. Səhvlərlə dolu bir ömürdən sonra Rəbbimiz təalanın hüzuruna ancaq bağışlamasını ümid edərək gedirəm. Çünki O, Rəhmandır, Gaffardır.”

Bütün ömürünü Allah yolunda xidmətə həsr etmiş olan o Haqq dostu belə deyirsə, bəs biz halımızı necə ifadə etməliyik? Haqq təala hamımıza mərhəmətiylə kömək olsun!

 

HAQQA İLK ÜSYAN SƏBƏBİ: MƏNLİK

Rəbbimiz buyurur:

“Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsildi.” (Yasin, 77)

Əsllərinin “heçlik və yoxluq” olduğunu unudan qafillər ən böyük mənəvi fəlakət olan mənlik, eqoizm və qürur girdabına qapılmaqdan xilas ola bilməzlər.

Necə ki, iblis, mənliyi səbəbiylə Allah təala ilə mücadiləyə cəhd etdi. Adəm (ə.s) haqqında, “Mən ondan üstünəm.” dedi, qəhr oldu getdi.

İlahi imtahan olaraq xəzinələrə qərq edilən Qarun zəkatını hesablayaraq almaq istəyən Həzrət Musaya qarşı çıxdı və lovğalanaraq:

“- Bu xəzinələri mən öz elmimlə qazandım.” dedi. O xəzinələrin Rəbbinin lütfü və imtahanı olduğunu unutdu. Güvəndiyi xəzinələriylə birlikdə yerin dibinə batdı.

Bəlam bin Baura nail olduğu mənəvi halları özündən bildi, məğrur bir şəkildə arzularına meyil etdi. Haqq təala da onu dilini çıxarıb ləhləyən bir it kimi zəlil edərək həlak etdi.

1912-ci ildə Titanic adlanan nəhəng gəmi ilk səfərinə çıxarkən, qürur və təkəbbür içində; “Bu gəmini heç bir güc batıra bilməz.” deyildi. Gəmi, ilk səfərində buz dağına çırpılaraq içindəkilərlə birlikdə okeanın dərinliklərinə batdı.

1986-cı ildə “meydan oxuyan” mənasında Challenger adı verilən sputnik, göyə buraxıldıqdan 73 saniyə sonra partladı, bütün heyəti öldü.

18 Mart 1915-ci ildə fransızların “əyilməz, bükülməz, inadçı” mənasını verən “Inflexible” adlı nəhəng döyüş gəmisi, Çanaqqalada ağır zədələndi. Həmin gün ingilislərin “qarşı gəlinə bilməz, dözülməz” mənasını verən “Irresistible” adlı nəhəng döyüş gəmisi də minaya düşərək partladı.

Tarix şahiddir ki, bunlar kimi Allah təalanın əzəmət və kibriya sifətiylə yarışa cəhd edən, Haqqa qarşı “mən” deyən zalımlar, “Bizdən daha güclü kim var?” deyə öyünən Ad və Səmud kimi güclü qövmlər, Allahın verdiyi zehni bacarıqlarla icad etdiyi vasitələrə güvənərək qürur və təkəbbürə qapılanlar, daim ilahi qəhr və intiqamın ən ibrətli misalları olaraq əzab qamçıları altında həlak oldular.

Xülasə, mömin bir nemətə nail olduqda daim “Bu, Rəbbimin fəzl və kərəmindəndir.” deyərək neməti əsl sahibindən bilib şükür etməlidir. Nəfsani bir azğınlıq içində “Mən öz gücümlə qazandım, mən öz elm və qabiliyyətimlə əldə etdim.” deyərək nəfsin azğınlığına düçar olmaq yerinə, “Bütün nemətlər Sənin lütfündür, ya Rəbbi!” şüuru ilə “heçlik” zirvəsinə çatmağı hədəfləməlidir.

Bunun əksinə, bir çətinliklə qarşılaşdığında da üsyan və ya şikayət yerinə; “Bütün qüsurlar nəfsimdəndir. Görəsən hansı qüsurum bu çətinliyə səbəb oldu?” düşüncəsiylə mənəvi halını yoxlayıb nöqsanlarını islah etməyə çalışmalıdır.

Allah təala bu həssaslıqları könlümüzün ruhani qidası etsin. Hamımızı heçliyin həqiqətinə çatmış kamil qullarından etsin. Razı olduğu bir qulluq həyatı yaşayıb rəhmət və bağışlamasına nail etdiyi ariflər, salehlər və sadiqlər zümrəsinə daxil etsin!

Amin…

 

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz