Türk Dünyasının Qəndilləri
Tarixin ən mühüm dəyişkənlik dövrünü yaşayan Türk dünyası, başgicəlləndirici şəkildə dəyişən beynəlxalq münasibətlər və tarazlıqlar içində yenidən formalaşır.
Orta Asiyadan Balkan yarımadasına, Qafqazdan Anadoluya qədər geniş bir coğrafiyada yaşayaraq eyni dili, dini, tarixi və mədəniyyəti paylaşan milyonlarla insan böyük bir mədəniyyəti meydana gətirir. Tarixi dövrdə hər bölgənin müxtəlif hiss, düşüncə və anlayış fərqlilikləri olmaqla yanaşı bu böyük coğrafiyada Türk-İslam mədəniyyəti əsas və təsirli bir ünsür olmuşdur. Bu geniş ərazilərdəki Türk-İslam mədəniyyəti digər bölgə və qitələrdəki mədəniyyətlərdən həmişə fərqlənmişdir.
Əsrlərlə əvvəl Orta Asiyada at belində yola çıxan atalarımız Qafqaza, Anadoluya, oradan da Balkanlara, hətta Avropaya gedib çıxmışdırlar. Hər getdikləri yerdə lazım gəldiyində savaşmaqla yanaşı, əsla ədalət və insaf çərçivəsindən kənara çıxmamışdırlar. Fəth etdikləri yerlərə sülh, səadət və sükunət aparmışdırlar.
Bu böyük Avrasiya coğrafiyasında meydana gətirdikləri mədəniyyət bütün dünyanı özünə heyran etmişdir. Bu dövrdə Türk-İslam mədəniyyəti sənət, texnologiya və elm sahəsində zirvədə idi. Orta əsrlərdə Avropa “dünya fırlanır” deyən məşhur alim Qalileyi edam etmək barədə fərman verməklə və Qərb aləmi bir çox xürafat və batil inanclarla çarpışırdı.
Müsəlman türklər getdikləri yerlərə elm, texnologiya və mədəniyyətin ən müasir təlim-təhsil vasitələrini çatdırarkən yetişən alimlər, könül ərləri və irfan sahibi insanlar vasitəsilə cəmiyyətin hər təbəqəsini maddi və mənəvi cəhətdən əhatə etməkdə idi.
Belə bir mədəniyyətin yaşanmasına vəsilə olan dövlətlər çox böyük bir inkişaf mərhələsi keçməklə yanaşı xalqın təbəqələri dil, tarix, şeir və ədəbiyyat sevgisi ilə yoğrulmaqda idi.
Cəbr elminin və astronomiyanın atası Xarəzmi, böyük bir düha olan fizika, kimya və aritmetika elmlərində ulduz olan Biruni, tarixdəki ən başlıca fəlsəfə ekollarından birini meydana gətirən Fərabi, bu mədəniyyətin tarixə işıq saçan aydınlarından idi. İbn Sinanın tibb kitabları yaxın dövrə qədər Avropa universitetlərində hələ də dərs kitabı kimi oxudulmaqda idi. Yenə Uluğbəy, Yusuf Has Hacib, Əli Quşçu, Nəsrəddin Tusi, İbn Rüşd bunlardan yalnız saya bildiyimiz bir neçəsidir.
Bu mədəniyyətin yetişdirdiyi şairlər, elm və incəsənət xadimləri və könül dünyamızın ulduzları bu sonsuz səmamızı nurlandırmış və bütün toplumu ulu bir çinar kimi öz kölgəsində kölgələndirmişdir. Bu böyük şəxsiyyətlər insan ruhunun dərinliklərinə xitab etmiş, insanın daxili aləmini həqiqi mənada müşahidə etmiş və yaralı könüllərə məlhəm olmuşdurlar.
Bəzi əsrlərdə baş verən siyasi, iqtisadi və mənəvi tənəzzüllər və ard-arda düşmən işğalları ilə cəmiyyət böhrana yuvarlanacağı vaxt bu könül dünyamızın qəndillərindən saçan işığın cəmiyyəti təsəlli etməsi ilə çıxılmışdır.
Bunlar tarix səhnəmizdə hər biri bir ulduz kimi əsrlərlə parlayırlar. Nizami, Füzuli, Şəmsi Təbrizi, Yahya Şirvani, Yunus Əmrə, Mövlana, Hacı Bektaş Vəli, Tusi, Üzeyir Hacıbəyov, Əhməd Yəsəvi, Mahmud Kaşqari və s. tarixdə iz qoyub getmiş həmin şəxsiyyətlərdəndirlər.
Bu mədəniyyəti təmsil edənlər getdikləri şəhərləri, ölkələri və torpaqları da bir mədəniyyət mərkəzi halına gətirmişdirlər.
Bu böyük şəxsiyyətlərin, qəndillərin bizim Türk-İslam mədəniyyətində əvəzolunmaz dühalar olması ilə yanaşı, dünya mədəniyyətinə də böyük təsirləri olmuşdur. Keçən il Yunesko tərəfindən “Mövlana ili”, bu il də “Mahmud Kaşqari ili” elan edilməsi və Yuneskonun binasının divarında bu mədəniyyətin ən məşhur şairi və irfan adamı olan Yunus Əmrənin:
“Gəlin tanış olalım
İşi qoay qılalım
Sevəlim seviləlim
- misralarının yazılması bunu bir daha sübut edir.
Hər biri bir ulduz qədər dəyərli olan bu sultanlara, şairlərə, ədiblərə, könül ərlərinə, elm və incəsənət xadimlərinə sahib çıxmaq və onları gənc nəsillərlə tanış etmək hər birimizin ən mühüm vəzifələrindən biri olmalıdır. “Asiyanın qəndilləri”ni kitab halına gətirən H. Toros bizə bu qapını açır: “Bizi keçmişə bağlayan bütün körpülər yıxılsa da, bu körpüləri yenidən inşa etmək, ətrafa yeni gözlərlə baxmaq, yeni sözlər söyləmək, yeni yollar axtarmaq və yer üzünün kəşfi qədər həyəcanlı bir səfəri daxilimizə və keçmişimizə etməklə mümkündür.”
Türk dünyasının dahi liderlərindən, ümummilli lider Heydər Əliyev cənablarının “Biz Azərbaycanda öz milli-mənəvi dəyərlərimizə söykənərək, eyni zamanda xalqımızın elminin, mədəniyyətinin inkişafına; milli-mənəvi, ümumbəşəri dəyərlərin zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk” sözləri hamımız üçün getdiyimiz yolu nurlandıran işıq olmalıdır.
ŞƏRHLƏR