Divani-Hikmət
Böyük təriqət sahibi Əhməd Yəsəvi həzrətləri təsəvvüf nöqteyi-nəzərindən tanındığı qədər ədəbiyyat sahəsində də məşhur şair kimi yad edilir. Əhməd Yəsəvinin idrakına vardığı hikmətlərini ortaya qoyduğu məşhur əsəri olan “Divani-Hikmət” bunun ən bariz nümunələrindəndir. Əsərə bu adın verilməsi daha çox onun müridləri ilə bağlıdır. Eyni zamanda əsərin üslubunun XI əsrə aid olmayıb, sonrakı dövrlərə aidiyyat kəsb etməsi onun sonrakı dövrlərdə formalaşmasından xəbər verir.
Əhməd Yəsəvi həzrətləri “Divani-hikmət” ilə islamın əsaslarını anlatmağı hədəfləmiş və bununla da çox incə ruha və üsluba malik bir əsər ortaya çıxmışdır. Hikmətlərinin əsasında isə ilahi eşq yatır. Allahın birliyi, Peyğəmbər sevgisi, ibadət, islam əxlaqı, axirət həyatı, cənnət və cəhənnəm təsvirləri, dünyadan şikayət, dərvişlərin fəzilətləri əsərin əsas süjet xəttidir. Bu kimi mövzulara toxunaraq təsəvvüf yolunun mahiyyətini və özünəxas keyfiyyətlərini yaşadığı bölgənin insanlarına, sonra isə ətraf bölgələrə yaymağı, səsinin yetdiyi hər yeri islamlaşdırmağı hədəfləyən Əhməd Yəsəvi az bir vaxtda Türküstan hüdudlarını aşaraq hər kəsin rəğbətini qazanmışdır. O dövrün məhdud şərtlərinə baxmayaraq bir çox ölkədə vüsət tapmasının, Balkan yarımadasına qədər gedib çıxmasının əsasında ərəb və fars dillərini çox yaxşı bilən müəllifin şeirlərini sadə türkcə ilə, xalq dili ilə yazması və duyanlar üzərində dərin təsir gücünə malik olması yatır.
Türklərin müsəlmanlığı qəbul etməsində onun böyük rolu olmuşdur. Yəsəvinin türkcə yazdığı “Divani-hikmət” əsərində müsəlmanlıq təbliğ olunurdu. Bu kitabdakı şeirləri sufi dərvişlər qopuzların müşayiəti ilə oxuyurdular. Bu dərvişlər ozana bənzədikləri üçün türklər onları rəğbətlə qəbul edirdilər.
Əhməd Yəsəvinin divanı şəriətin əsasları ilə yanaşı çox böyük ölçüdə təriqət və dərgah ədəblərindən bəhs etməkdədir. Ümumiyyətlə baxdığımız zaman islam təsəvvüfünün formalaşması, günümüzə qədər inkişafı təriqət şeyxlərinin yazılı və şifahi şeirləri, o cümlədən divanı ilə sıx bağlıdır. Bilindiyi kimi çox əhəmiyyətli və böyük təriqətlər olan Nəqşibəndilik və Bəktaşilik də Yəsəviliyin qollarındandır. Adı keçən bu üç dərgahın hər birinin ən böyük özəlliklərindən biri isə təkyə ədəbiyyatının ilk təmsil edildiyi təriqətlər olmasıdır. Anadolu türk ədəbiyyatının da inkişafına zəmin hazırlamış Yəsəvilik Yunus Əmrə kimi böyük şairlərin yetişməsinə səbəb olmuşdur ki, bunun da əsasında təriqətin qurucusu Əhməd Yəsəvinin divanı xüsusi yerə malikdir.
“Kafir də olsa heç kimin qəlbini qırma. Çünki qəlbi qırmaq Allahı qırmaqdır (incitməkdir). Qəlbi qırıq zavallı birini görsən, yarasına məlhəm qoy, yoldaşı və yardımçısı ol!”
1194-cü ildə vəfat edən böyük mürşidin ölümündən iki yüz il sonra Teymur Xan tərəfindən üzərində inşa edilən türbəsində yazılı olan bu sözləri müasir dövrümüzdə qloballaşma prosesi keçirən dünyamız üçün çox böyük əhəmiyyət kəsb etməkdədir.
Deyə bilərik ki, Əhməd Yəsəvi XI əsrin ən məşhur mütəfəkkir-şairlərindən biri, ortaq türk ədəbiyyatında ilk mütəsəvvüflərdən, türk dilində sufizm ədəbiyyatının ilk yaradıcılarındandır.
Onun şeirlərinin əsas süjet xəttini qeyd olunduğu kimi Allah, Rəsulullah sevgisi və islamı təbliğ, əxlaqi keyfiyyətləri təlim təşkil edir. Məhz Peyğəmbər sevgisi səbəbilə 63 yaşından sonra torpaq altına çəkilməsi və 63 yaşında vəfat edərək dünyasını dəyişən Rəsulullaha hörmət əlaməti olaraq torpağın üstünə ayaq basmaması bunu göstərir. Onun Peyğəmbər sevgisinə həsr olunmuş şeirindən bir nümunə təqdim etmək yerinə düşər:
Könlümə qoyub eşq sevdasını Allahım
Eylə məni sən aşiqi-yektayi-Muhəmməd.
Məcnun misalı keçirib iki cahandan
Divanə eyləyib eylə məni rüsvayi-Muhəmməd.
ŞƏRHLƏR