İslam Qardaşliği
Qardaş olmaq sadiq dost olmaq, sevinc və kədərdə bərabər olmağı gözə almaq, sevmək, hörmət etmək, güvənmək, mərhəmət etmək, yardımlaşmaq deməkdir.
Bunlar olmadan qardaşlıq iddiasının heç bir mənası qalmaz. Quranın istədiyi qardaşlıq da məhz bütün bu xüsusiyyətləri əhatə edən qardaşlıqdır.
İslam dini cəmiyyətin möhkəm qardaşlıq təməllərinə əsaslanamasını qarşısına bir məqsəd olaraq qoymuşdur. Allah təala Quranda “Həqiqətən mömünlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin” (əl-Hucurat, 10) buyuraraq inananları sevgi və qardaşlıq prinsipləri ətrafında birləşməyə çağırır.
Yuxarıdakı ayədə keçən və “qardaşlar” mənasına gələn “ixva” kəlməsi cəm formasında olub bütün kişi və qadınlara şamildir. Bütün müsəlmanların qardaş olduğunu açıq şəkildə bəyan edən Quran, insanları sevgi və qardaşlıq devizi altında tək vücud olmağa çağırır. Möminlərin meydana gətirdiyi bu qardaşlıq birliyi içərisində bütün sosial fərqliliklərin aradan qalxacağını bildirir.
Müsəlmanların qardaşlığı əsasını mənimsəyən Qurana görə bir müsəlman, qardaşlıq münasibətinə uymayanlar haqqında onların xoşlanmayacağı tərzdə danışmaz, onlara sui-zənn bəsləməz, ayıblarını araşdırmaz, onları ələ salmaz, xor görməz. (Hucurat, 11-12) Bu, onun qardaşlıq vəzifəsindən başqa bir şey deyildir.
Hz. Peyğəmbər də “Sizdən biri özü üçün istədiyi şeyi qardaşı üçün də istəmədikcə iman etmiş sayılmaz” (İbn Macə, İman, 26) və “Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz. Onu zəlil etməz. Ona yalan söyləməz. Onu xor görməz. (Ürəyini göstərdi və üç dəfə belə buyurdu:) Təqva buradadır. Bir insana pis iş olaraq din qardaşına xor baxması yetər. Müsəlmanın müsəlmana hər şeyi, qanı, malı və namusu haramdır” (Müslüm, Birr, 32) hədisi-şərifləri ilə qardaşlıq prinsipinin təməlini formalaşdırmışdır.
Ali-İmran surəsinin 103-cü ayəsində isə qardaşlıq mövzusu ilə əlaqəli olaraq belə buyurulur:
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz birbirinizə düşmən ikən O sizin qəlblərinizi (İslam) ilə birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz.”
Qurani-Kərim bu ayədə duyğuların qaynağı olan "qəlbdən" bəhs etmiş, "sizi birləşdirdi" deməyib "qəlblərinizi birləşdirdi" deyərək dərin nöqtələrə təmas etmişdir. Qardaşlığın qəlbi duyğulara söykənməsini istəmişdir.
İnsanlar arasındakı qardaşlıq Qurana görə Allahın qəlblərimizə yerləşdirdiyi ülfət və dostluq hissidir: “Və onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi (Aralarında ülfət yaratdı). (əl-Ənfal, 63) Onlar arasında ülfət yaradan Allah, insanlar arasındakı münasibətlərin qəlblərin dərinliklərinə enərək quruyan qaynaqları, mənbələri sulayan səmimi sevgiyə əsaslanmasını istəyir.
Şübhə yoxdur ki, qardaşlıq prinsipi, harada yaşayırlarsa yaşasınlar, müsəlmanlar arasında möhkəm bir əlaqə meydana gətirir. Bunun nəticəsidir ki, İslam dini gəldikdən sonra istər İslamın ilk müxatəbi olan ərəblərdə, istərsə də digər millətlərdə, həm birlik, həm də ayrılıq səbəbi olan milliyyətçilik və əsəbiyyət (irqçilik) ortadan qalxmışdır. Çünki cahiliyyə dövründə onlar sadəcə bu vasitələrlə bir-biriləri ilə yardımlaşa və bir-birilərinə dəstək ola bilirdilər. Lakin daha sonra İslamın gəlişi ilə qardaşlıq əlaqəsi bütün bunları ortadan qaldırmışdır.
Mövzunu aşağıdakı hədisi-şəriflə sonlandırmaq istəyirəm: “Müsəlmanları bir-birilərinə mərhəmət etmədə və sevgi bəsləmədə bir vücud kimi görərsən. Bir üzvünə bir şey olarsa, vücudun digər organları yuxusuz qalaraq və özlərini əldən salaraq onun yardımına can atarlar.” (Buxari, Ədəb, 28). Bu təmələ əsaslanan müsəlmanlar, fərqli-fərqli millətlər olmalarına rəğmən bir-biriləri ilə yaxından qardaşlıq əlaqələri qurmuş və birlik-bərabərlik içərisində yaşamışdırlar.
ŞƏRHLƏR