1 və …Digərləri

1 və …Digərləri

Bütün elmi, dini və fəlsəfi kitablar içərisində təbii hadisələri və şeyləri “ayə” adlandıran yeganə kitab Qurani-Kərimdir. Quranın dünya görüşündə kainat iki hissəyə bölünür. 1. qeyb aləmi. 2. şəhadət aləmi.

 Yaxud da günümüzün terminləri ilə desək, hiss olunan və olunmayan dünya, görünən və görünməyən dünya, təcrübə olunan və olunmayan dünya. Ancaq digər fikir axımlarından və nəzəriyyələrdən fərqli olaraq Quran bunları dualist (ikili) dünya olaraq təsvir etmir. Bunlar insanın bilgisi ilə əlaqədar olaraq bir-birindən ayrılan izafi fərqlənmələrdir. Dolayısıyla qeyb və şəhadət ayırımı kosmik yox epistemik ayırımdır. İslamın tövhidi dünya görüşündə təbiət, yəni şəhadət aləmi “ayə” və `sünnə` silsiləsinin tərkibindən ibarətdir.(ayə kəlməsi üçün bax: Bəqərə 118, 145, 249, 259; Əraf 146; Qəmər 2; Fəth 20; Yunus 92; Zariat 37 və s. Sünnə kəlməsi üçün bax: Əhzab 38, 62; Ğafir 85, Fatir 43; Fəth 23 və s.)  Ayə kəlməsi bir çox başqa mənaları ilə yanaşı,  Quranda dəniz, ağac, gecə, gündüz, yer, günəş, ölüm, xəstəlik, dəvə, qanun hətta insanın özü mənasındadır.

 Ayə eyni zamanda təzahür və görüntü deməkdir. Bu kəlməylə eyni mənaya gələn fenomen termini sadəcə fizikada deyil, bütün digər elmlərdə təcrübə dünyasına aid olan bütün şeylərin adı mənasında işlədilmişdir. (Fenomenin ziddi numendir, Kanta görə). İslamdan əvvəlki bir çox nəzəri düşüncə həqiqətin aydınlanmasını maddə aləminə aid olan hər şeyin inkar olunması, yalancı və “kölgə” olaraq düşünülməsiylə mümkün olduğunu isbat etməyə çalışmışdır. Tarix içərisində bu fikrin izlərinin İslam düşüncəsinə az da olsa sirayət etdiyi görülür. Ancaq Qurani  ifadələrdə ayənin çox böyük elmi həqiqətlərə sahib olduğunu, ayələrin həqiqəti örtən aldatmaca və yalanlar yox, tam əksinə həqiqətin təzahürləri olduğu göstərilir. Onları bir kənara atmaq yox, onlar üzərində ciddi və elmi şəkildə düşünmək, onları tanımaqla həqiqətin ortaya çıxacağı bildirilməkdədir.

Digər bir həqiqət isə bu ayələrin mütləq mənada bir-biriylə əlaqəli olub, çoxluq (kəsrət) içərisində təkliyi (vəhdəti) təmsil etdikləridir. Bu anlayışda təbiət və fövqəltəbii, maddə və məna, ruh və cism, bu dünya və obiri dünya, görünən və görünməyən, əqli olan kəşfi olan, elmi olan və dini olan, məntiqi olan və duyğusal olan, dünyəvi olan və uxrəvi olan, ağ olan və qara olan, alim olan və avam olan, “ərəb olan və əcəm olan” əsla bir-birinin ziddi deyil. Qurani-Kərim, Allahla (bismillah) başlar və insanla (ən-nəs) bitər. (Diqqət çəkən digər bir məsələ isə əslində çoxluğu bildirən “nəs” kəlməsinin təkinin olmamasıdır).

Bu vəhdət zəncirinin qopan yeganə halqası təəssüf ki, insan olmuşdur. Əvvəlcə yaradanından qopmuş, sonra da bu qopuş onu təbiətə yadlaşdırmışdır. Ancaq insani yadlaşmanın ən böyük zərərləri insanın özünə yadlaşmasıyla olmuşdur. İnsanın əxlaqi çöküşü insanın Yaradana, təbiətə və özünə yadlaşması(yla)dır. Tarixdə dini duyğu həmişə fərdi Allaha doğru sürükləmişdir. İctimai və iqtisadi amillərsə Allahdan və metafizikadan fiziki aləmə və gündəlik işlərə sürükləmişdir.

Təbii  və fiziki olan hər şey rəqəmlərlə ölçülür və onlarla sabitdir:

10, 100, 1000, 10 000, 100 000, 1000 000, 10 ~.

Sıfırların artırılmasıyla hər şey çoxalır: On qat, yüz qat, min qat, sonsuz qat. Ancaq bu rəqəmlər silsiləsində vəhdət və kəsrət bir yerdə davam edir. Çünki bütün bu sıfırlara məna verən, onları dəyərli edən şey bütün bu kəsrətlərin əvvəlindəki 1(BİR)-dir. O biri ortadan qaldırdıqda geriyə sadəcə heç bir məna ifadə etməyən dağınıq sıfırlar qalır. Sıfır var deyildir, əgər ki, 1 yoxdursa. Sıfır ancaq bir var olduqdan sonra var ola bilər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz