Döyənə Əlsiz- Söyənə Dilsiz
Türk İslam tarixinin uluları hər yerdə, onların hamısını layiqincə tanıtmaq isə imkan xaricində!...
Onlardan birini belə bir az tanıyıb tanıda bilsəm özümü çox bəxtiyar hiss edəcəyəm.
Əsrlərdən bəri Türk millətinin duyğu, düşüncə və könlünün tərcümanı olan Yunis Əmrə, yüksək bir mədəniyyətin mənəvi cəbhəsini həm təmsil edən, həm də fateh bir millətin ruh və mənəviyyat memarıdır.
Həm öz dövrünün, həm də zəmanəmizin əsl cəmiyyət adamı olan Yunis bütün dünyada tanındıqca sevənləri artır.
Tapdıq Əmrənin “Bizim Yunis”-dediyi böyük şəxsiyyətin duyğu və düşüncələrindən sizə nümunələr təqdim etmək istəyərdim.
Hür fikirli, sərbəst düşüncəli, şəklə deyil, mənaya qiymət verən, ilahi eşqi tərənnüm edən Türk dünyasının ən böyük eşq adamıdır Yunis.
Mənsur tək çək dara məni,
Mənə əyan göstər Səni,
Qurban edərəm bu canı,
Eşqdən uzaq olmaz olum.
Eşqindir dərdin dərmanı,
Eşq yolunda qoydum canı,
Yunis Əmrə deyir bunu
Bir dəm eşqsiz olmaz olum.
O, “Gözü yaşlı, bağrı yanıq” müsəlman bir türk dərvişi, ilahi bir eşq yolcudur.
Haqqa aşiq olan kişi,
Axar gözlərindən yaşı,
Nurdan olur içi, dışı
Söylər Allah deyə-deyə.
Allah eşqi ilə döyünən qəlbi aydan arı, sudan durudur.
Miskin Yunis var yarına,
Qoyma bu günü yarına,
Sabah Haqqın divanına
Gedər Allah deyə-deyə
Bu dünyaya qovğa üçün deyil, sevgi üçün gəldiyinə öz varlığı kimi inanır. Könüllərə dərman olan Allah eşgini xalqın qəlbinə, ruhuna aşılayır.
Həmdü şükri Allah ilə,
Vəsfi vallah-billah ilə,
Daima zikrullah ilə
Qoy çağırım mövlam, Səni!
O, “Yaradan üçün” yaradılmış olan hər şeyi və yaradılmışların ən şərəflisi olan insanı sevir. Həyata və kainata sevgi gözü ilə baxır:
Bircə könül yıxdın isə,
Bu qıldığın namaz deyil.
Yetmiş iki millət dəxi
Əlin, üzün yumaz deyil.
Bütün insanlara qarşı son dərəcə təvazökardır və o, özünü heç kimdən üstün saymır:
Nə elmim var, nə şöhrətim,
Nə gücüm var, nə taqətim,
Yalnız Sənin inayətin
Edə üzüm ağ, Çələbim!
O, bütün insanların günahlarını özündə görürmüş kimi utancaq və boynu bükük, “Döyənə - əlsiz söyənə - dilsiz” yolunu seçmişdir:
Dərviş könülsüz olmalı,
Söyənə dilsiz olmalı,
Döyənə əlsiz olmalı,
Xalqa bərabər gərəkməz.
Bütün qayəsi dərdi bəşəriyyətin kirlərinini, çirkablarını eşq atəşi ilə təmizləməkdir:
Könül Çələbin taxtı,
Çələb könülə baxdı.
İki cahan bədbəxti
Kim könül yıxar isə.
Onun sözü, müraciəti insanın xarici görünüşünə dəyil, daxili dünyasınadır:
Onun ki, zahiri xoşdur,
Bilin ki, içi boşdur.
Gecə ötən bayquşdur
Sanma bütün divarı var.
O, sanki könülləri fəth etmək üçün xüsusi vəzifələndirilmiş bir şəxsiyyətdir:
Dost oldu bizə mehman,
Bunca il, bunca zaman,
Gərçək İsmayıl təkin
Qurban olasım gəlir.
Sözü dünənə olduğu kimi, bu günə də Türkə olduğu kimi eynilə Türk olmayana da təsir edəcək qədər güclüdür:
Söz var ki, kəsər savaşı,
Söz var ki, kəsdirər başı,
Söz var ki, ağılı aşı
Bal ilə yağ edər bir söz.
Dərviş Yunisə Avropada hümanist deyirlər.
Nə üçün, bilirsinizmi?
Yaradanın ən mükəmməl əsəri saydığı insanı sevir,
Bu dünyada onu ən əziz varlıq bilir,
Onu şəytan yolunda deyil, Allah yolunda görmək istəyir,
İnsanın acizliyini və günahlarını xoş görüb onların qüsurlarını bağışlayır,
İnsanlarla münasibətində əvəzsiz, qərəzsiz və təmənnasız olur,
İnsanlara qarşı qəzəb və ehtiraslarını cilovlayır,
Könülləri yıxmağı deyil, bərpa etməyi özünə borc bilir,
Ruhları Haqqdan gələn İlahi Şərbətlə fərəhləndirir.
Bəli, bu adam, əlbəttə, hümanist olmaya bilməz.
Ancaq onu bilmək lazımdır ki, bu fəlsəfi
bir görüş deyil, təsəvvüfi bir baxışdır.
Yunis Əmrənin və onun kimi dərvişlərin hümanizmi:
Allahı Aləmlərin Rəbbi bilən,
“Allahın rəhmətini istisnasız olaraq bütün yaradılanlara şamil olduğunu təlqin edən,
İnsanları bir ata-ananın (Həzrət Adən və Həvva) övladları, yəni qardaş qəbul edən,
İnsanlar arasında doğuşdan fiziki xüsusiyyətlərlə əlaqədar olaraq heç bir üstünlük qəbul etməyən,
İnsanları “Bir darağın dişləri kimi bərabər” sayan, İslam hümanizmidir.
Bu – Yunis Əmrə dünyası, Yunis Əmrə aləmidir – Yunis Əmrədir.
Hacı Arif Heydəroğlu
haciceylan@yahoo.com
ŞƏRHLƏR