Sünnənin Dindəki Əhəmiyyəti
Quranın insanlar tərəfindən anlaşılıb izah edilə bilməsi və onların həyatında tətbiq edilməsi xüsusunda ilk və ən əhəmiyyətli rol Hz. Peyğəmbərə (s.ə.s) aiddir. Bu nöqtədə sünnə, Quranın açarı mahiyyətindədir. Nəhl surəsinin 44-cü ayəsində uca Rəbbimiz buyurur: “..Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”.
Sünnə Quranın zəruri, ən ehtiyaclı bir açıqlaması və onun həyata tətbiq metodudur. Buna görə də müsəlmanlar Allaha necə itaət edərlərsə, eyni Onun Rəsuluna da itaət etmək məcburiyyətindədirlər.
Quran Allah Rəsuluna və Onun sünnəsinə uyma xüsusunda heç bir müsəlmanı sərbəst buraxmamışdır. Əhzab surəsinin 36-cı ayəsində Rəbbimiz buyurur: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”.
Buradan belə nəticəyə gələ bilərik ki, əhəmiyyəti cəhətindən sünnə Qurandan sonra İslamın ikinci hökm qaynağıdır. Bu səbəblə heç bir müsəlmanın Quranın tərcüməsi və açıqlayıcısı mahiyyətində olan sünnədən uzaq qalması, onu gərəksiz kimi görməsi əsla mümkün deyil. Hz. Quranın canlı nümunəsidir.
Tarix boyunca İslam düşmənləri İslamı dağıtmaq üçün cürbəcür hiylələrə əl ataraq, müəyyən fitnələr ortaya çıxararaq İslamı bəzən çöldən, bəzən də içindən parçalamağa, yıxmağa çalışmışlar. Bu gün də belə neqativ halların şahidi oluruq. Şübhə yoxdur ki, Sünnə düşmənçiliyi isə İslamı pozmaq planının ən təsirli parçasıdır.
İslami hökmlərin demək olar ki, 90%-i sünnə qaynaqlıdır. Ona görə də “hədisləri inkar etmək və xüsusilə də sünnəyə qarşı çıxmaq, sünnəni gərəksiz görmək” birmənalı şəkildə İslamın 90%-ni yox saymaq deməkdir. Bu, müsəlmanlara yeridilməyə çalışılan İslam düşmənlərinin fikridir.
Sünnə gözardı edilərsə, tətbiqatdan çıxarılarsa, dinin dirəyi olan namaz belə ortadan qalxar. Çünki biz namazı Qurandan deyil, sünnədən öyrənirik. Quranda namazın qılınış şəkliylə əlaqəli heç nə yoxdur. Öncəki peyğəmbərlərdən bəhs edərkən bir qiyam kəlməsini eşidirik, rüku, səcdə kəlməsini görürük. Bəs müsəlman Allahın əmri olan namazı necə qılacaq? Məhz belə bir məqamda Allah Rəsulu buyurur: “Məni necə namaz qılarkən gördünüzsə, o şəkildə namaz qılın”.
Bunu da əlavə edək ki, “sünnə məni maraqlandırmaz, sünnəyə nə gərək var?!” fikri müsəlmanı dindən çıxardar. Onun üçün “sünnət önəmli deyil” deyən və ya deyəcək olan insanlar bunu gözə alsınlar. Çünki bu dinin iki qaynağı var; 1) Quran və 2) Sünnə, hədislər..
Səhabələr Hz. Peyğəmbərin sünnəsinə, sözlərinə o qədər əhəmiyyət verirdilər ki, hətta Onun zaraftalarını da ciddiyə alırdılar. Ən məşhur səhabələrdən olan Əbu Hureyrənin əsl adı Abdurrahman idi. Hz. Peyğəmbəri (s.ə.s) zaraftla ona “Əbu Hureyrə” dediyi üçün səhabələr Abdurrahman ismini unutmuş, aralarında Peyğəmbərimizin zaraftla dediyi Əbu Hureyrə ismi məşhur olmuşdur. Bundan alacağımız bir dərs var: “Peyğəmbərimizin ciddi əmrləri səhabə üçün məlumdur, dindir, baş üstündədir, bu bir tərəfə; zarafatları belə səhabələr üçün əməl səbəbi olmuşdur. Qurani-Kərimdə Hucurat surəsinin ilk ayəsində Rəbbimiz deyir: “Allah və Rəsulundan önə keçməyin, Allahdan qorxun!..” İkinci ayədə isə: “Bir-birinizlə yüksək səslə danışdığınız kimi Rəsulullahın yanında səsinizi yüksəltməyin. Belə edərsinizsə, özü-nüz də bilmədən əməlləriniz boşa çıxar (puç olar).” (Hucurat 1-2) buyurulur.
Hz. Peyğəmbər (s.ə.s) belə xəbərdarlıq edir: “Diqqət edin, mənim əmr etdiyim və ya qadağan etdiyim bir mövzu özünə çatdıqda, sizdən birini oturduğu yerə söykənərək “bizi başqa şey maraqlandırmır, Allahın kitabında nə görəriksə, ona uyarıq”,- deyərkən görməyim.” (Əbu Davud, Tirmizi, İbn Macə).
Uzun sözün qısası, (hədislər xüsusunda insanları şübhəyə salaraq) sünnəni etibarsızlaşdırmaq, Hz. Peyğəmbərin sünnəsini kənara atmaq, əhəmiyyətsiz görmək İslamdan uzaqlaşmaqdır. Çünki sünnə vəhydir. Hikmət vəhy kimi endirilmişdir. Qurani-Kərim hikməti endirdiyini, Hz. Peyğəmbərin də hikməti öyrətdiyini söyləyir. Bu hikmət sünnədir. Sünnə dinimizin mərkəzində olan iki ünsürdən, iki qaynaqdan biridir. Sünnə gözardı edildiyi, tətbiq olunmadığı zaman İslam pozular.
Son olaraq; bir hədisi-şərifdə Əziz Peyğəmbərimiz (s.ə.s) buyurur ki: “Saleh əməlləri işləməyə çalışın, yaxında zil qaranlıqlar kimi fitnələr olacaq. Belə ki, insan evinə mömin girəcək, səhər vaxtı kafir çıxacaq, səhər vaxtı mömin çıxacaq, axşam evinə kafir olaraq dönəcək. Bunu heç özü də hiss etməyəcək.”
Buna görə də insandan olan şeytanlar bəzi bərbəzkli kəlmələrlə gözəl, maraqlı sözlər, söhbətlər və dərslərlə insanı özünün də fərqində olmadan dindən çıxarmağa çalışırlar. Dindən çıxmaq istəməyən bir müsəlman sünnə və hədis məsələsinə diqqət etsin, dilini və hərəkətlərini qorusun. Mövzunu Hz. Ömərin (r.a) ifadə etdiyi təslimiyyətlə nöqtələyək: “Biz Rəb olaraq Allahdan, din olaraq İslamdan, peyğəmbər olaraq da Hz. Muhamməddən məmnun və razıyıq.” (Buxari, Müslim, Tirmizi).
ŞƏRHLƏR