Nə üçün oxumalı?

Nə üçün oxumalı?

Söz yadigardır. Həmçinin də tarixdir. Sözdən söhbət açarkən yazılmış sözlərdən söhbət gedir. İşıq üzü görən hər hansı jurnal, qəzet və kitabların əksəriyyəti tarixi əhəmiyyətə malikdir. Vaxtı gələndə biz bu cür jurnallara, qəzetlərə və ya kitablara baş vururuq, onlardan məlumat əldə edirik. 

Dünyada çox sayda jurnal, qəzet işıq üzü görür. Bunların içində elmi, fəlsəfi, ictimai, siyasi və iqtisadi olanlar olduğu kimi, dini, mənəvi, estetik olanları da vardır. Ancaq bunların cəmiyyətə, xalqa hansı faydalarının verdiyinə baxdığımızda, həqiqətən də, bunu təsbit etmək çox müşkül məsələdir.

Hər dövrün özünəxas elmi-ictimai jurnalları işıq üzü görür. Ancaq bunlar xalqa nə qədər əxlaqi, mənəvi dəyərləri aşılayır? Bu gün əgər bir jurnal işıq üzü görürsə, xalqa milli-mənəvi dəyərlərini aşılayırsa, xalqın öz milli mentaliteninin dərkində mühüm rol oynayırsa, deməli, bu cür jurnalların bir faydası var. Məhz “İrfan” jurnalı da bu missiyanı daşıyır.

“İrfan” jurnalı mənim gözümdə çox “gənc” bir jurnaldır, baxmayaraq ki,100-cü sayı işıq üzü görür. Çünki hələ jurnalın “parlaq gələcəyi” öndədir. Hələ deyəcək çox “sözü”, görəcək çox “işi” var. Təbii ki, Azərbaycanda “İrfan” jurnalı ilk jurnal da deyil, son jurnal da olmayacaq. Azərbaycanın elmi-ədəbi mühitində çoxsaylı jurnallar işıq üzü görür. Ancaq bunu da qeyd etmək lazımdır ki, “İrfan” jurnalının xüsusi yeri var. Həm dizaynı baxımından, həm də gündəmə gətirdiyi ana mövzuları baxımından çoxşaxəli, maraqlı və aktual bir jurnaldır. Təkcə bunlarla kifayətlənmir, xalqa milli-mənəvi, dini-etik qaydalarını da öyrədir, xalqımızın öz milli keçmişi ilə həmahəng gələn dini dəyərlərinin qorunmasında da mühüm rol oynayır. Əsas şərt dindən bəhs etmək deyil, əsas şərt ondan ibarətdir ki, dini düzgün bir şəkildə insanlara çatdırmaq, xalqın milli-mənəvi duyğularına zidd olan görüşlərinə qarşı çıxmaqdır. Məhz “İrfan” jurnalı da bu məqsədi daşıyır.

“İrfan” ictimai-fikir jurnalıdır. Əxlaqi jurnaldır. İnsanlara əxlaqdan, mənəviyyatdan bəhs edir. Əxlaqın, mənəviyyatın olmadığı yerdə həmişə xaos, terrorizm, anarxiya, qorxu və şiddət vardır. İnsanların bir-birinə qarşı olan zorakı davranışlarının səbəbi əxlaqi dəyərlərdən uzaqlaşmanın təzahürüdür. Bir insan başqalarına qarşı münasibətini hansı müstəvidə tənzimləyəcəyini bilmədikdən sonra, təbii ki, qətliam da, oğurluq da baş verə bilər. Bunun qarşısını alacaq yeganə vasitə maarifləndirmə vasitəsidir. Maarifləndirmə vasitələri müxtəlifdir: həm ailədaxili maarifləndirmə, həm məktəbdəki maarifləndirmə və nəhayət, informasiya vasitəsi ilə maarifləndirmə. İnformasiya vasitələrinin çoxu günümüzdə televiziya, internet, xəbər portalları, qəzet və jurnallardır.

Bu gün dünya elə bir hala gəlmişdir ki, biliklər topluluğu nəticəsində insan nəyi və necə oxuyacağını bilmir. Necə deyərlər, məlumatlar, biliklər çoxalmış, ancaq zaman məhdudlaşmışdır. Müstəqil elmlərin meydana gəlməsi, hər elmin öz predmeti və funksiyasının olmasından dolayı bu gün insanların çoxu bütün bu elmləri oxumağa imkan tapa bilmir. Sadəcə səthi olaraq qısa məlumat əldə edərək müəyyən dərəcədə onun haqqında biliyə sahib oluruq. Bugünün ən böyük problemlərindən biri də nəyi və necə oxumaqdır. Nə qədər oxumalıyıq? Nəyi öyrənməliyik? Keşməkeşli həyata çevrilən dünyamızda hal-hazırda yaşanan sosial sıxıntılardan, fərdi problemlərdən sıyrılıb oxumağa necə vaxt ayıraq? Əlbəttə ki, bu cür sualları çoxaltmaq da olar. Ancaq bir şeyi də unutmamaq lazımdır, bizə nə lazımdırsa, onu oxumaq və həm bu dünyamızı aydınlatacaq, həm də axirətdəbizim nicatımızavəsilə olacaq elmləri oxumalıyıq.

Bu gün insanları haqq yola dəvətin, düzgün yolun təbliğinin nə qədər önəmli olduğu hər kəsə məlumdur. Bəşəriyyət imana susamışdır. Mənəviyyat axtarışına çıxmışdır. İnsanların mənəvi boşluğunu doldurmaq, insani duyğularını oyandırmaq vaxtıdır. Bunun üçün də mənəvi, dini, əxlaqi dəyərləri ehtiva edən kitabları, jurnalları oxumaq zəruridir. Məhz bu dəyərləri özündə cəm edən jurnallardan biri də “İrfan” jurnalıdır.

Beləliklə, qoy “İrfan” jurnalı sizin iş həyatınızda masaüstü jurnalınızın olsun. Səyahətə çıxarkən yanınızda “sirdaşınız”, istirahət vaxtlarınızda həmsöhbətiniz olsun. Şəxsi kitabxananıza gözəllik qatsın. Necə deyərlər, oxuduqlarınıza, elminizə irfan qatsın. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz