SUAL? - CAVAB!
Sual: Cinlər və ya şeytanlar insanlara zərər verə bilərmi?
Cavab: Cinlər də insanlar kimi mükəlləf varlıqlar olaraq yaradılmışlar. (Bax. əz-Zariyat, 51/56)
Uca Allaha inanıb Ona ibadət edən, saleh əməl sahibi olan cinlər olduğu kimi, insanlara zərər vermək istəyən və onları iman, eləcə də yaxşı əməllərdən çəkindirən cinlər də var. Qurani-Kərimdə insan və cinlərin şeytanlarından bəhs olunur: “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədi ilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!” (əl-Ənam, 6/112) Bu ayədə qeyd edildiyi kimi, şeytani əməllər işləyən cinlərə şeytan deyilir. Şeytanların rəhbəri olan İblisin cinlərdən olduğu “Kəhf” surəsinin 50-ci ayəsində bildirilir: “(Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə “Adəmə (təzim məqsədilə) səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? Bu, zalımlar üçün necə də pis dəyiş-düyüşdür!”
Odur ki, ayələrdə, xüsusilə qeyd edilən iki ayədə şeytanların və cinlərdən pis olanların insanlara zərər vermək istəmələri inanc və əməl baxımındandır. Çünki Quran ayələrinə və Hz. Peyğəmbərin (s.ə.s) hədislərinə nəzər saldıqda şeytan və şeytani əməllərlə məşğul olan cinlərin düşmənçiliklərinin yalnız insanları aldatmaq və onları pis yola təşviq etmək surətilə olduğunu, fiziki baxımdan isə hər hansı bir zərər verməkdən söhbət getmədiyi aydın olur. Məhz bu səbəbdən “Bəqərə” surəsinin 208-ci ayəsində Uca Allah buyurur: “Şeytanın yolu ilə getməyin, çünki o sizin açıq düşməninizdir!” Şeytanın addımlarını izləməməkdə məqsəd isə şeytanların və cinlərin vəsvəsəsinə qapılaraq pis əməllər işləməməkdir. “Cin” surəsinin 6-cı ayəsində belə buyurulur: “Həqiqətən, (cahiliyyət dövründə) bəzi insanlar bir para cinlərə pənah aparır, bununla da onların təkəbbürünü (azğınlığını) artırırdılar”. Bu ayədə də bildirildiyi kimi, cinlərin insanlara zərər verməsi Uca Allahın açıq-aşkar tənbehinə baxmayaraq insanların cinlərə sığınıb onlarla əlaqə qurma və onlardan imdad istəmələri ucbatındandır. Məhz buna görə “Fələq” və “Nas” surələrində insanların, cinlərin və hər cür məxluqatın şərindən və vəsvəsəsindən hər şeyin Rəbbi olan Uca Allaha sığınmağın vacibliyi vurğulanmışdır. Odur ki, möminlər cin və insan şeytanların hər növ şərindən və zərər verməsindən Allaha sığınmalı və onlardan qorxmamalıdırlar. Onlara meyl etməyən və iradəsini yalnız haqq və həqiqət uğrunda istifadə edənlər cin və şeytanlardan gələcək hər cür təsir və zərərdən mühafizə olunmuş olarlar.
Sual: Sərxoş ikən namaz qılmaq olarmı?
Cavab: Əvvəla qeyd etmək lazımdır ki, spirtli içkilər və narkotik vasitələrdən istifadə etmək haramdır. Sərxoş olan insanın şüuru yerində olmadığı üçün bu vəziyyətdə qıldığı namaz etibarsızdır. Uca Allah “Nisa” surəsinin 43-cü ayəsində belə buyurur: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cünub (natəmiz) olduğunuz halda – yolda olan (müsafirlər) istisna olmaqla, qüsl edənədək namaza yaxınlaşmayın”.
Şübhəsiz ki, dua və ibadət şüurla edilən əməllərdir. Buna görə də bütün ibadətlərdə müsəlman olmaq və həddi-büluğ yaşına çatmaqla yanaşı, ruhi xəstə olmamaq şərt qoşulmuşdur. İbadətlər Allahın dərgahında qəbul edilməsi üçün ibadət niyyəti ilə və səmimi-qəlbdən, ixlasla yerinə yetirilməlidir. Belə olan halda namaz qılan, oruc tutan və dua edən insan nə dediyini, nə etdiyini bilməli və bunun şüurunda olmalıdır.
Sual: İşlə əlaqədar olaraq həftə içi başqa bir şəhərdə (rayonda) işləyib həftə sonu evinə qayıdan bir şəxs işlədiyi yerdə səfəri sayılırmı?
Cavab: Mütəmadi olaraq gedib-gəldiyi iş yeri ən azı 90 km uzaqda olan və iş yerinin olduğu yerdə hər dəfə 15 gündən az qalan bir şəxs orada otel, qonaq otağı və s. kimi bir yerdə qalırsa, işdə ikən səfəri sayılır. Ancaq orada öz evində və yaxud kirayə götürdüyü bir evdə qalırsa, işdə ikən səfəri sayılmır.
Sual: . Fərz namazlardan sonra “əstəğfirullah” deməyin əsası varmı?
Cavab: Namazların ardınca istiğfar etmək sünnədir. Çünki Hz. Peyğəmbərimiz (s.ə.s) salam verib namazını qurtardıqdan sonra üç dəfə: “əstəğfirullah” və ya “əstəğfirullah əl-azim, əlləzi la ilahə illə huvəl-hayyul-qayyumu və ətubu ileyh” deyərək istiğfar etdikdən sonra “Allahummə əntəs-səlamu və minkəs-səlam...” deyərdi.(Müslim, Məsacid, 135; Tirmizi, Səlat, 112) Bu istiğfarla namazdakı nöqsanlıqlar üçün Allahdan bağışlanma istənmiş olur. Odur ki, qılınan namazın ardınca imam və ona tabe olan hər bir kəsin “əstəğfirullah...” deməsi sünnəyə müvafiq bir davranışdır.
ŞƏRHLƏR