QƏLBİMİZ TƏMİZDİRMİ?

QƏLBİMİZ TƏMİZDİRMİ?

Bədənimizdəki bütün üzvlər, demək olar ki, qəlbimizin əmrindədir. Duyğu orqanlarımızın qəbul etdiyi bütün məlumatlar qəlbdə toplanır. İnanmaq, sevmək, qorxmaq qəlbin işidir. 

Etiqad edən, yəni iman gətirən, yaxud kafir olan da qəlbi ilə seçim edir. Gözəl əxlaqın və pis xasiyyətlərin yeri də qəlbdir. Qatılaşan da qəlb, yumşalan da qəlbdir.  Demək olar ki, bütün insani keyfiyyətlərin mənşəyi qəlbdir. Uca Allah insana verilən bu mükəmməl və əvəzolunmaz neməti xatırladaraq qəlbin təfəkkürü barəsində belə buyurur: “Məgər onlar yer üzündə gəzib dolaşmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, sinələrdəki ürəklər kor olur”.(əl-Həcc, 46)

Madam mənəvi duyğuları hiss edib yaşamaq üçün qəlbimizin bu qədər mühüm bir funksiyası var, biz də ən çox qəlbimizə əhəmiyyət verməli, onu mənfi hiss və düşüncələrdən təmizləməyə çalışmalıyıq. Heç təsadüfi deyil ki, Uca Rəbbimiz də Qurani-Kərimdə tez-tez qəlbimizə işarə etmiş və onu təmiz saxlayanların axirətdə nicat tapacaqlarını bildirmişdir. Uca Allah bu haqda belə buyurmuşdur:  “O gün ki, nə mal-dövlət, nə də övladlar bir fayda verər! Ancaq sağlam, təmiz bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa”. (əş-Şuəra, 88-89)

Bu ayədə işlənən ərəbcə: “qəlbi-səlim” ifadəsi “sağlam və təmiz qəlb” kimi tərcümə olunmaqdadır. Heç şübhəsiz ki, belə bir qəlbə sahib olmaq üçün qəlbin təmizlənmə yolları vardır. Təsəvvüf ədəbiyyatında bu yollara riyazət və mücahidə deyilməkdədir.

Riyazət - nəfsin bitmək bilməyən arzu və istəkləri qarşısında sərhəd çəkib onu tərbiyə etməkdir. Çünki tərbiyə olunmayan xam nəfs hər zaman haramları, qadağaları, məkruh olan əməlləri arzu etməkdədir. Bunlardan qaçmaq, uzaq durmaq və nəfsi halallara yönəltmək mühümdür.

Mücahidə - nəfsin istəmədiyi, arzu etmədiyi əməlləri etmək deməkdir. Nəfsimiz yaxşılıq və ibadət etmək istəməz. Gözəl əxlaqa sahib olmaq, insanlara yaxşılıq etmək, daim halala yönəlib haramlardan uzaq olmaq nəfsə xoş gəlməz.  İnsan da bunun əksinə, o əməlləri işləyərək nəfsini tərbiyə etməli, sağlam qəlbə sahib olmağa çalışmalıdır.

Allah-Təala dinləri, kitabları, peyğəmbərləri məhz qəlbi, ailəni və cəmiyyətləri mənfi hiss və düşüncələrdən təmizləmək üçün göndərmişdir. Əgər hər kəsin qəlbi dünyaya gəldiyi kimi təmiz qalsaydı, onu təmizləmək üçün başqa vasitələrə ehtiyac olmazdı. Bu gün çox eşitdiyimiz bəzi yanlış ifadələr var: “Əşi, qəlbin təmiz olsun!”, “Mənim qəlbim təmizdir!” və s. Əslində, Uca Allah da, İslam da “qəlbiniz təmiz olsun” deyir. Amma görək həqiqətən qəlbini təmizləməyə çalışan kimdir?

Qəlbini təmizləməyə çalışan şəxs: dinin əmrlərinə tabe olub qadağan etdiklərindən uzaq duran, ibadət vəzifələrini yerinə yetirən, sevdiyini Allah üçün sevən, nifrəti Allah üçün onun düşmənlərinə edən, Onun üçün yaşayan, axirət üçün hazırlıq görərək yalan, kin, qeybət, dedi-qodu, haram və başqasının haqqını yemək, zülm, içki, narkotik, faiz, zina, qumar və s. kimi dinin yasaq etdiyi əməllərdən uzaq olan kəsdir.

 Qəlbim təmizdir deyib, şeytana uyaraq özünü aldadan insan isə İslamdan uzaqlaşar, dinimizin əmrlərini geridə qalmışlıq kimi qəbul edər, dinə tabe olmamağı da müasirlik, tərəqqi, azadlıq kimi görər. Namaz qılmayan və özünə fərz olan digər ibadətləri etməyənin, davamlı günahlar içində olan bir şəxsin qəlbi təmiz ola bilməz. Allah Rəsulu (s.ə.s) bir hədisində belə buyurmuşdur: “Bəndə bir günah əməl etdiyi zaman qəlbində qara bir nöqtə əmələ gələr. Əgər o günahından tövbə edərsə, qəlbin qaralığı gedər və təkrar parıldayar. Yox əgər tövbə etməyib günahlara davam edərsə, o qara nöqtələr çoxalar və bütün qəlbi əhatə edər”. (İbn Macə, Zöhd, 29).

Günümüzdə insanlar maddi olaraq hər bir şeylərindən keçərək zahiri görünüşlərini daha ideal bir vəziyyətə gətirməyə çalışmaqda, fiziki hər-hansı bir eybindən, qüsurundan təmizlənməyə saatlarla vaxt ayırmaqdadır. Amma çox təəssüf ki, daxili aləmlərini, oradakı qüsurlarını düzəltmək barəsində heç düşünmürlər də.  Hansı ki, qəlbin xəstəlikləri zahiri xəstəliklərdən və eyiblərdən daha şiddətlidir.

Qəlb xəstəlikləri sahibini, özü də bilmədən, həlaka aparar. Əgər qəlb xəstəliklərdən təmizlənərsə, insan Rəbbinə haqqı ilə ibadət edər, əxlaqı gözəlləşər və əhvalı düzələr. Çünki bütün orqanların hökmdarı olan qəlbin istiqamət üzrə olması ilə digər orqanlar da istiqamət tapar. Allah Rəsulu (s.ə.s) bir hədisində bu məsələyə belə diqqət çəkmişdir: “Şübhəsiz ki, insan bədənində bir ət parçası (orqan) vardır. Əgər o sağlam olarsa, bütün bədən sağlam olar; yox əgər o fəsada uğrayıb pozularsa, bütün bədən pozular. Diqqət edin, bu, insanın qəlbidir”. (Buxari, İman, 39)

Qəlbimiz təmiz olsun!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz