ALLAH TƏMİZDİR, TƏMİZLİYİ SEVƏR
İslam təmizlik üzərinə qurulmuş bir dindir. Müsəlman demək təmiz insan deməkdir. Təmiz olanları həm Allah, həm də insanlar sevər.
Bir mömin üçün çata biləcəyi ən yüksək mövqe Yaradıcısının razılığını qazanmaqdır. Bu isə ibadət və itaət sayəsində reallaşar. İbadətlərin yerinə yetirilə bilməsi üçün maddi təmizlənmənin yanında mənəvi təmizlənmə də vacibdir. Çünki Allahın hüzuruna ancaq təmiz bir ürək, xalis bir niyyət və gözəl əxlaqla çıxıla bilər.
İbadətə hazırlaşan insan xüsusi təmizlik mərhələlərindən (dəstəmaz və qüsl kimi) keçdikdən sonra yönünü qibləyə çevirər. Namaz qılan hər bir müsəlman paltarının və namaz qılacağı yerin təmiz olmasına xüsusilə diqqət edər. Çünki namazın qəbul olması üçün bu təmizlik şərtdir. İslamın məqsədi insanı həm mənən, yəni içdən, həm də fiziki baxımdan, yəni çöldən təmiz hala gətirməkdir. Bu cür təmizlənə bilmiş insan əsl gözəl insandır.
İslamın maddi və mənəvi təmizliyə verdiyi əhəmiyyəti başqa heç bir din və sistemdə görmək mümkün deyildir.
Təmizlik eyni zamanda insanın sağlamlığı üçün də əhəmiyyətlidir.
İslamın təmizlik əsaslarını belə xülasə etmək olar:
- İmanda, ibadətdə və əxlaqda təmizlik.
- Qəlbdə, fikirdə və vicdanda təmizlik.
- Dildə, ailədə və övladda təmizlik.
- Qazancda, yeməkdə və içməkdə təmizlik.
- Vücudda, paltarda və ətrafda təmizlik.
Qısacası, dünyəvi və uxrəvi hər işimizdə təmizlik.
Allahın varlığına və birliyinə, uca qüdrət sahibi olduğuna inanmaq, Rəsulullahın (s.ə.s) təbliğ etdiyi bütün əmr və qadağaları yerinə yetirmək, Hz. Rəsulullahın (s.ə.s) izindən ayrılmamaq – iman, ibadət və əxlaq təmizliyidir.
Gördüyü hər işi Allah üçün görmək, ixlas düşüncəsinə sahib olmaq və daim onun müşahidəsi altında olduğunu dərk etmək – qəlb, fikir və vicdan təmizliyidir.
Dilimizi yalan və qeybətdən uzaq tutmaq, onunla daima haqqı söyləmək, ailəmizi və övladlarımızı haram yerlərdən uzaq tutmaq, evimizə və ailəmizə bağlı qalmaq, övladlarımıza dini və milli duyğular aşılamaq, onları İslam tərbiyəsi ilə yetişdirmək – dil, ailə və nəsil təmizliyidir.
Halal qazanıb halal olan nemətlərlə qidalanmağa çalışmaq, eyni zamanda qazancında ehtiyac sahibi kimsələrin də haqqının olduğunu bilərək malından zəkat və sədəqə ayırmağı bacarmaq – qazanc və qida təmizliyidir.
Vücudumuzu və paltarımızı kirdən qorumaq, evimizdə, iş yerimizdə, məhəlləmizdə son dərəcə təmizliyə riayət etmək, dinin örtünmə əmrinə uyğun geyinərək əxlaq hüdudlarına riayət etmək də – şəxsi və ictimai mühitin təmizliyidir.
Bəli, bütün bunlar İslamın təmizlik əsaslarıdır. Bunlara riayət etmək hər bir müsəlmanın əsas vəzifəsidir. Bir müsəlmanın paltarı köhnə ola bilər, ancaq kirli ola bilməz. Xüsusilə məscidə, cəmiyyət içərisinə kirli paltarlarla, təmiz olmayan corablarla, xoşagəlməz qoxularla gəlmək İslamın təmizlik əsaslarına hörmətsizlikdir. Allah-Təala ancaq maddi və mənəvi yönləri ilə təmiz qullarını sevər. Çünki Qurani-Kərimdə belə buyurulmaqdadır: “Allah (günahlardan) tövbə edənləri, təmiz və pak olanları sevər!” (əl-Bəqərə, 222)
Müsəlmanın bədəni və geyimi həmişə təmiz və səliqəli olmalıdır. Gündəlik ibadətlər zamanı o, Allahın və mələklərin hüzurunda dayanmış sayılır. Bu müqəddəs görüşə natəmiz görünüş içində getmək isə ən azı ədəbsizlikdir. Məhz buna görə, namazdan əvvəl ətir vurmaq, əyin-başa diqqət yetirmək müstəhəb görülmüşdür. Uca Allahın hüzuruna çıxmaq üçün bədən, paltar və namaz qılınacaq yerin təmiz olması şərtdir. Qurani-Kərimin hələ Məkkə dövründə nazil olan ayələrində belə buyurulur: “Libasını təmizlə!” (əl-Müddəssir, 4) Başqa bir ayədə isə belə buyurulur: “Ey Adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyinin...” (əl-Əraf, 31). Qurani-Kərimdə təmizlikləriylə ümmətə nümunə göstərilən Mədinə-Quba xalqı da belə təriflənir: “Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları sevər!” (ət-Tövbə, 108)
Bundan başqa, Peyğəmbərimiz (s.ə.s) təmizliyin əhəmiyyətini belə bildirmişdir: “Allah təmizdir, təmizliyi sevər”. (Tirmizi, Ədəb, 41) “Namazın açarı təmizlikdir”. (Əbu Davud, Salat, 73) “Təmizlik imanın yarısıdr. Uca Allah təmizliksiz heç bir namazı, haram yolla əldə edilmiş maldan verilən sədəqəni heç vaxt qəbul etməz”. (Müslim, Şuabul iman, 53) Allahın Elçisi (s.ə.s) müxtəlif səbəblərlə bədən və ətraf mühitin təmizliyini əmr etmiş, özü də bu mövzuda səhabələrinə və bütün insanlara nümunə olmuşdur.
Bunun üçün bir müsəlman olaraq təmizlik mövzusuna son dərəcə əhəmiyyət verməliyik. Qətiyyətlə bilməliyik ki, bir çox xəstəliklərin səbəbi natəmizlikdir. Təmizliyin olduğu yerdə sağlamlıq da olar, iman da!..
Allahın rəhməti, Rəsulullahın (s.ə.s) şəfaəti maddi və mənəvi yönləri ilə, cismən və qəlbən təmiz olan kimsələrin üzərinədir.
ŞƏRHLƏR