QOY YUSUNLAR...

QOY YUSUNLAR...

Youtube kanalında “gassal durmuş hoca” adı ilə on iki dəqiqəlik iki videosunu seyr etdim. Çay içə-içə çəkilən mini reportajda “ğassal” (ölüyuyan) gördüyü işi, bu işə necə başladığını, yuyuculuğu və kəfənləməni anladır. 

Kosmosa uçsaq, ayaqlarımız illərlə torpaqdan kəsilsə, hətta başqa planetlərdə yaşasaq və yer üzünü unutsaq belə, ölünü yumaq, kəfənləmək və axirət öz aktuallığını itirməz.

Görünür, reportajı alan şəxs yuyucu üçün qadın-kişi fərqinin olduğunu bilmirdi. Yuyucunun “qadını qadın, kişini kişi yuyar” deyə açıqlamasını eşidəndə çaşıb qaldı.  Məktəbdə, xəstəxanada, dükanlarda, yaxud restoranlarda qadın-kişi qarışıq olduğuna görə belə olur, yəqin. Halbuki İslamda qadın-kişi ayırımı və sərhədi insanlar diri ikən olduğu kimi, ölü ikən də davam edir.

Yuyucu Durmuş xoca (şəxsən tanımıram, təsadüfən izlədim) qadınları yumaq üçün ilahiyyat təhsili almış xoca xanımlar olduğunu deyir. Daha sonra bu peşəyə, yəni mürdəşirliyə necə başladığını, hafiz olduğu üçün yuyuculuğa seçildiyini danışır. İstanbul bələdiyyəsinin Məzarlıqlar müdürlüyü yuyuculuq üçün müraciət edənlər arasında hafiz olanlara üstünlük verirmiş...

Reportajı izlədikdən sonra günlər keçdi. Deyəsən, yaşlanıram; reportajda ilahiyyat məzunu xoca xanımların yuyucu işləməsi və hafizliyini bitirmiş kimsələrə yuyuculuqda üstünlük verilməsi məsələsinin tənqidi analizini videonu izləyərkən deyil, günlər sonra edə bildim. Niyə ölüləri ali təhsilli ilahiyyat məzunları və hafizlər yusun ki?! Hafizlərin və ilahiyyat məzunlarının 15-20 dəqiqə çəkən ölü yuma işi ilə vəzifələndirilməsi yaxşı şeydir ki?! Yuyucunun savadından asılı olaraq ölüyə feyz (enerji) axışı olur? İlahiyyat məzunu yuduğu zaman o ölü VIP olur? Yaxud papazların günahları əfv etməsi kimi, ilahiyyatçıların və hafizlərin toxunduğu ölülər daha mübarək sayılır?
Axirət günü peyğəmbərimizin (s.ə.s) Allahın hüzurunda ümmətini şikayət edəcəyi yeganə mövzu nədir? Furqan surəsinin 30-cu ayəsinə görə, Rəsulullah (s.ə.s): “Ey Rəbbim! Qövmüm Quranı tərk etdi, Qurandan uzaqlaşdı...” deyərək Quran ilə arasına məsafə qoyan bizləri şikayət edir. Dişi qırılan, ayaqları qanadılan, aclıqdan qarnına daş bağlayan, xanımına iftira atılan Rəsulullah (s.ə.s) bütün bunlara görə deyil, məhz Qurandan üz çevirilməsindən narahat olur. Ayə məkkəli müşriklər haqqında nazil olsa da, mənası bütün zaman və məkanlar üçün qüvvədədir. “Səbəbin xüsusiliyi hökmün ümumiliyinə mane deyildir”.

İlahiyyat məzunlarının, hafizlərin cəmiyyət içində nə işi var ki?! Onlar “yuyat yeri” deyilən kiçik bir yerdə ölü və ölünün yaxınları ilə baş-başa qalsınlar, bəsdir. Ölünün yaxınları demişkən, çoxlu insan yığını kimi anlaşılmasın, yuma prosesi zamanı ayaq üstə ürpərərək gözləyən 6-7 nəfəri deyirəm.(!)

Sən hafizliyi ölü yumaq üçün bitirdin? Piştaxta arxasında limonat satan, ictimai nəqliyyat vasitəsini idarə edən bir hafiz, ilahiyyatçı, bəlkə də, ölü yuyucudan daha çox camaatın dininə, imanına, əxlaqına təsir edər.
Bursada Somuncu baba çörək bişirib satarmış. “Loğma var namaza qaldırar, loğma var yatdırar” deyiblər.

Mədrəsə, Quran kursu, hafizlik məktəbi, ilahiyyat bitirənlər ölü yumaqdansa çörək bişirsələr, daha faydalı olarlar.  Amma yox; xocalar, hafizlər, ilahiyyatçılar çox da ara yerdə görünməsinlər. Siz girin məscidinizə, ibadətlə məşğul olun. Məscidə gələnlərə namazı qıldırın, kifayətdir. Yuyat yerində ölüləri yuyun, təmizləyin, bəsdir. Quran kursundakı uşağa dərs keçin, artığı nəyinizə lazımdır? Nəbadə məscidin, Quran kursunun, yuyat yerinin çölünə çıxasınız!..

Hazırda elm yolunda cığır açan, dünya tarixinə möhrünü vuran İbn Sina, Birunu, Ali Kuşçu, Xarəzmi, Fərabi, Füzuli, Mövlana kimi dahilərə ehtiyac var; hafiz olub, dini elmlər oxuyub ömrünü cənazə yuyaraq keçirənlərə deyil!

Ayın görünməyən tərəfinə ilk dəfə enən dövlət Çin oldu. Amerika və Rusiya kosmik yarışda hər zaman ayın görünən tərəfinə enmişdi. Qaranlıq tərəfə kosmik aparat endirən Çin səssiz-sədasız Amerika və Rusiyanı bu sahədəki kosmik mübarizədə arxada qoymuş oldu.

Əslində, yuyat yerində işləmək üçün nə ilahiyyatçı, nə də hafiz olmaq şərtdir. Ən uzağı bir həftəlik təcrübə ilə öyrənilə bilər. Ölü yumağın və kəfən biçmənin modası, yeniliyi yoxdur. Xalqın içindən bir az cəsarəti və kifayət qədər dini savadı olan hər kəs bu işi görə bilər. Ali təhsilli ilahiyyatçı və hafizlərin isə məscid və mədrəsələrin divarlarını aşaraq xalq ilə daha yaxın olan yerlərə - kosmik araşdırmalar, genetik mühəndislik, texnoloji yenilik, bazar iqtisadiyyatı, idman və sənət sahələrinə girmələri lazımdır. Bir xəstəliyin müalicə edilə bilməsi üçün əvvəla o xəstəliyin varlığının qəbul edilməsi lazımdır. “Heç bir problem yoxdur” deyərək hər şeyi təbii qarşılayan insanlarla problem həll edilə bilərmi? Ya da ki, “çal mehtəri!”, iki irəli, bir geri addımlamağa davam etsinlər... Suyu aç, istəyən yusun ölünü... Haqqı və xeyri anlatmaq sənə qalıb?!.. Yaxşılığı əmr edib pisliyə əngəl olmaq, dərdlinin dərdinə dərman olaraq könüllərə iman rahatlığı, məhəbbət işıqları saçmaq sənin işindir?!.. Fikir vermə, qoy yusunlar!...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz