ARZULAR GECƏSİ

ARZULAR GECƏSİ

İnsan var ki, qarşısına kələ-kötür yollar, dolanbaclı yoxuşlar, dibi görünməyən uçurumlar çıxar, yenə də yoluna davam edər, mənzilinə çatar, haqq meyvəsindən dərib muradını hasil edər.

 Çünki qəlbi safdır, təmizdir, əqidəsi doğrudur, içi iman nuru ilə aydınlanıb. Mənəvi gücünü arxalandığı yeganə vəlisi olan Uca Rəbbindən alır.

İnsan da var ki, düm-düz yolda, varlıq və bolluq içində, bütün imkanlar ayağının altına sərilmiş halda görünər, amma istiqamətini düz saxlaya bilməz, başını itirib yoldan çıxar, öz-özünü min-bir bəlanın ağuşuna ataraq ömür boyu mənəvi səadət zövqündən məhrum qalar. Çünki içi hərislik, paxıllıq, şəhəvi ehtiras və xudbin hisslərlə hisə bürünüb, qaralıb. Bələdçisi isə onu özü kimi zəlil və rüsvay halda görmək arzusu ilə yanıb-tutuşan, gecə-gündüz əmək sərf edib tələ üstünə tələ quran şeytandır.

Həzrət Peyğəmbər (s.ə.s) nə gözəl buyurub: “Şübhəsiz ki, cənnət nəfsə xoş gəlməyən şeylərlə örtülüb; cəhənnəm isə nəfsə xoş gələn şeylərlə”.(Buxari, Tirmizi)

Bu fani dünyada kiminin arzusu cənnət (İlahi rizaya nail olmaq), kiminin isə yeganə məqsədi dünya nemətlərinin doyulmaz həzlərinə qərq olmaqdır. Halbuki cənnət əbədi ikən dünya nemətləri dünyanın özü və onu arzulayanlar kimi – fani və müvəqqətidir.

Hər nə qədər bəzilərimiz üçün mənzil “dünya səadəti” olsa da, düşdüyümüz o çuxurda qalmaq imkanımız yoxdur. Çünki nə “biz”i biz yaratmışıq, nə də üstü dünya zövqləri ilə bəzədilmiş o çuxuru. O çuxur ki, girəcəyi bu dünyada olsa da, çıxacağı o biri dünyada, cəhənnəm qapılarının astanasındadır (Allah qorusun).

Dünyada seçdiyimiz yol nə olursa-olsun, bizi aparacağı ilk dayanacaq yeri axirətdə qorxu, həyəcan, sevinc, hiddət, utanc və ümid hisslərinin bir-birinə qarışacağı, heç kimin heç kimsəyə fayda və ya zərər verə bilməyəcəyi, hər kəsin öz əməlləri ilə baş-başa qalacağı haqq divanı – Məhşər meydanıdır. Məhşərdən sonrakı son dayanacağımız - əbədi həyat yurdumuz isə bizim bu dünyadan göndərdiyimiz məktublara - əməl dəftərlərimizə görə təyin olunacaq. O məktub ki, bizə şahidlik edəcək şəksiz bir sübut, öz ömür qələmimizlə imzaladığımız həyat şəhadətnaməsi, əbədi yol vəsiqəsi olacaq.

Öz əlimizlə (əməllərimizlə) yazıb öz gözlərimizlə oxuyacağımız (öz dilimizlə demirəm, çünki o gün öz əməlini danmaq istəyən bir çox kimsələrin ağzı möhürlənəcək) o məktubda həmin gün nə görmək, nə hiss etmək istəyərdik? Beş qiymətləri ilə dolu vəsiqəsini valideyninə göstərmək üçün havaya qaldırıb işıldayan gözlərlə, təbəssümünün qarşısını ala bilmədiyi gülümsəyən bir çöhrə ilə qaçan uşaq kimi sevinmək, yoxsa iki yazılan vəsiqəsini bükərək kitablarının arasında gizlədən və heç kəsə görünmək istəməyən biri kimi büzüşüb peşmanlıq girdabında boğulmaq?

Bir çoxumuz edə bilmədiyimiz əməllərimiz üçün saysız bəhanələr gətirməyə hazırıq. Deyək ki, əməllərimizin bir çoxu xarici təsirlərdən asılı qalır, tamamilə öz əlimizdə deyil. Bəs arzularımız, istəklərimiz necə? Saf niyyətimiz necə? Arzular gecəsində ən böyük arzumuz nə olacaq?

“Arzular gecəsi” nədir, deyirsiniz. Rəcəb ayının ilk cümə gecəsinə “rəğaib gecəsi” deyilir. Rəğaib ərəb dilində rəğbət göstərmək, istəmək, arzulamaq mənasına gəlir. Buna görə də rəğaib gecəsi “arzular gecəsi” olaraq da ifadə edilir. Düzdür, Allah-Təala hər gün, hər an etdiyimiz dualardan xəbərdardır, amma şübhə yoxdur ki, duaların daha tez Haqqın dərgahına yüksəldiyi, daha çox qəbul olunduğu xüsusi anlar var. Məsələn, bir hədisi-şərifdə belə buyurulur:

“Beş gecə var ki, onlarda edilən dualar geri çevrilməz: rəcəb ayının ilk (cümə) gecəsi, şaban ayının ortasındakı gecə, cümə gecəsi, ramazan bayramı və qurban bayramı gecəsi”.(Beyhəqi)

Ürək döyüntülərimiz şaqqıltıyla yazan makina kimi hər anımızı axirətə yollayacağımız məktuba qeyd etməkdə ikən oraya belə bir mübarək gecədə etdiyimiz tövbəni, məğfirət istəyimizi və xeyirli, bərəkətli, iman dolu ömür arzumuzu da qeyd etməsi həmin gün üzümüzü güldürməzmi?

Rəcəb ayına “töbə ayı” da deyilmişdir. Belə fürsət anlarında təkcə dualar deyil, tövbə və ibadətlər də qat-qat dəyər qazanır, əlbəttə. İbn Abbasın rəvayət etdiyi bu hədisi-şərif buna ən gözəl misallardan biridir:

“Rəsulullah rəcəb ayında bəzən o qədər çox oruc tutardı ki, biz Onun heç iftar etməyəcəyini düşünərdik. Bəzən də o qədər çox iftar edərdi ki, biz Onun daha oruc tutmayacağını düşünərdik”. (Müslim)

Rəsulullahın həyatında belə rəcəb ayı (mübarək üç ayların birincisi) hiss olunan bir dəyişikliyə səbəb olurdusa, biz günahkar ümməti bu fürsəti necə dəyərləndirməliyik ki, daha sonra peşman olmayaq?! Dünyəvi məşğuliyyətlər zamanı çox qısa görünən, heç bir işimizi bitirməyə yetməyən, amma kiçik bir ibadət zamanı çox uzunmuş kimi görünən ömrümüzü necə bəzəməliyik ki, adımıza ünvanlanmış məktub açıldığı, bütün işlərimiz və arzularımız ortaya töküldüyü zaman təəccüb və təəssüf ilə qəhr olmayaq?!..

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz