LİBASINI TƏMİZLƏ!

LİBASINI TƏMİZLƏ!

            1. Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)!

            2. Qalx (insanları) xəbərdar et!

            3. Rəbbini uca tut!

            4. Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)

            5. (Əzaba səbəb olacaq) Pis şeylərdən uzaqlaş! (əl-Müddəssir, 1-5)

            Hz. Peyğəmbər Hira mağarasında vəhy mələyinin ilk dəfə səsini eşidib onu görəndə çox qorxmuşdu. O qədər qorxmuşdu ki, bütün bədəni tir-tir əsmişdi. Bundan sonra tələm-tələsik evə gəlib ailəsinə: “Məni örtün, məni örtün!” - demişdi.

            Bütün bu olanlardan sonra vəhy mələyi gələrək:

“Ey (libasına) bürünüb sarınan (Peyğəmbər)!”- demiş, Müddəssir surəsinin birinci ayəsini vəhy etmişdi. Burada “libasına bürünüb sarınan” ifadəsi məcazi baxımdan “peyğəmbərlik vəzifəsini alan, bu ağır yükü üstlənən” mənasını da daşımaqdadır. Elmalılı bu ayəni açıqlayarkən yazır ki: “Ey örtüsünə bürünən, Ona verilən həqiqəti xalqın fikir və düşüncəsindən gizlətməyə çalışan Muhamməd! Bürünüb yataraq istirahət eləmə vaxtı keçdi. Oyanmaq, görünmək, o həqiqəti açıqlamaq, zəhmət çəkmək, əziyyətlərə dözmək, xalqı irşad etmək, yan-yörəni təmizləmək üçün məsuliyyət almaq və ağır yüklərə hazır olaraq iradə möhkəmliyi ilə hərəkət etmək zamanı gəldi”.

Cəbrayıl (ə.s) həmin surənin ikinci ayəsini belə vəhy etdi: “Qalx (insanları) xəbərdar et!” Bu əmr Hz. Peyğəmbərin tövhid dinini və onun mesajlarını insanlığa təbliğ etməklə vəzifələndirilməsinin elanı olmuşdur. Hz. Peyğəmbər bundan sonra təbliğ vəzifəsinə başlamışdır. zları gocundur.

 Üçüncü ayədə keçən “Öz rəbbini uca tut!” əmri isə tövhid dininin ən təməl prinsiplərindən biri olan “Allahın birliyinə iman və ona qulluq” qaydasını qoymaqdadır. İslamın bu əsas qaydasından sonra vəhy mələyi:

“Libasını təmizlə! (Nəfsini günahlardan pak et!)” ayəsini oxudu. Bu əmr Hz. Peyğəmbərin ikitərəfli: maddi olaraq nəcasət və s. kirlərdən əlbisəsini təmiz tutması, mənəvi olaraq da gözəl əxlaqla uzlaşmayan davranışlardan və günahlardan nəfsini təmizləməsi mənasında izah edilmişdir.

“Libas - əlbisə” sözü ilə bəzən məcazi mənada istifadə edilərək həmin əlbisəni geyinən şəxs, əlbisənin təmizliyi ilə də o əlbisəni geyinənin özünün mənəvi olaraq təmizlənməsi qəsd olunur. Bu mənada “filankəsin ətəyi təmizdir (onun ətəyində namaz qılınır)” deyilərək həmin adamın əxlaqlı, namuslu, güvənilən biri olduğu bildirilir.

Bu barədə məşhur klassik ərəb şairlərindən İmrul-Qeys bir şeirində məna olaraq belə deyir: “Əgər mənim xasiyyətimi bəyənmirsənsə, mənim əlbisəmi öz əlbisəndən çıxart, qurtul” Burada “əlbisə” sözü “nəfs” və ya “qəlb” mənasında istifadə olunmuşdur. Yəni “ürəyindən məni çıxart” demək istəmişdir.

Bir çox təfsirçi bu ayəni: “Qəlbini günahlardan təmiz tut. Təbliğinin insanlar tərəfindən qəbul olması,  nəsihətinin qəbul görməsi üçün xoşagəlməz xasiyyətdən uzaq dur və gözəl əxlaq ilə əxlaqlan” olaraq təfsir etmişlər.

Elmalılı bu ayəni təfsir edərkən ayənin məcaz olaraq maraqlı bir tərəfinə toxunur. Müfəssir ərəb şairlərinin şeirlərindən müxtəlif misallar gətirərək “libas” sözünün qohum-əqrəba mənasını da özündə əks etdirdiyini bildirir.  Bu təqdirdə məna Şura surəsinin 214-cü ayəsində keçən: “Öncə ən yaxın qohum-əqrəbanı xəbərdar et!” əmri ilə də üst-üstə düşür.

Ancaq kinayə həqiqi mənaya da mane olmadığı üçün lüğəvi mənasına əsaslanaraq deyə bilərik ki, “əlbisə” sözü işədildiyinə görə, buradakı ifadə bədən təmizliyi, ev, məbəd kimi özəl və ya ümumi yerlərin təmizlənməsi mənasına da gəlir. Bu da onu bildirir ki, mömin kimsə heç bir zaman təmsil yönünün olduğunu unutmamalıdır. Bu səbəblə müsəlman yerləşdiyi məkanı, ətrafını, xüsusilə geyim-kecimini səliqəli və təmiz tutmalıdır. Beləliklə, cəmiyyət arasında hər zaman nümunəvi biri olmalıdır ki, onun hər söylədiyi sözün dəyər və qiyməti olsun.

Surənin beşinci ayəsini isə Cəbrayıl (ə.s) belə vəhy etdi: (Əzaba səbəb olacaq) Pis şeylərdən uzaqlaş!” Bu ayədə keçən “ricz” kəlməsi büt, heykəl, şeytan və günah mənalarına gələrək bütün pis şeyləri əhatə edir. Dördüncü ayə ilə beşinci ayəyə birlikdə nəzər yetirdikdə demək olar ki, hər iki ayə ilə Allah-Təala maddi və mənəvi bütün kirlərdən uzaq durulmasını istəməkdədir.

Beləliklə, Müddəssir surəsinin bu beş ayəsində həm Allahın birliyi, onun ucalığı vurğulanmış, həm də Peyğəmbərə və onun timsalında bütün müsəlmanlara onun dinini təbliğ etmə vəzifəsi verilmişdir. Bu təbliğ vəzifəsini layiqincə yerinə yetirmək üçün isə həmin şəxsin maddi və mənəvi bütün çirklərdən təmizlənməsi, pak olması şərti qeyd olunmuşdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz