“3N” UĞUR FORMULU
Uğur qazanmaq üçün atılan ilk addım uğur formulumuzdakı ilk “N”-i təmsil edən “NƏYİ?” etdiyimizi bilməkdir.
Konkret “NƏ” edəcəyini bilməyən insanlar davamlı olaraq fərqli istiqamətlərə yönəldikləri üçün əsas hədəfdən yayınır və çox vaxt uğursuzluqlarından şikayətlənirlər. Nəyi edəcəyini bildiyin zaman isə istər psixoloji, istərsə də fizioloji olaraq bədən həmin istiqamətdə uğur qazanmaq üçün özünü hazırlayır. Bədənimizin iş funksiyası ondan ibarətdir ki, siz sabah heç bir maneəyə məhəl qoymadan sizin üçün önəmli olan bir işi görəcəyinizi beyninizdə konkretləşdirmisinizsə, müəyyən etdiyiniz həmin vaxtda beyniniz bütün bədəni görüləcək iş üçün hazır vəziyyətə gətirəcək. Yox, əgər görüləcək iş havanın isti və soyuqluğuna, yuxudan tez və ya gec oyanmağınıza, sizin əhvalınızın olub-olmamasına bağlı proqramlaşırsa, beyniniz istənilən halda sizin üçün bir bəhanə ortaya qoyacaq. Bir dəfə bəhanələrə öyrəşən bədənin isə bir daha növbəti bir iş üçün özünü toparlaması çox çətin olur. Günlər öz yerini həftələrə, həftələr aylara, aylar isə illərə verir.
Bu bir az da əvvəlcədən nə alacağına qərar verməyib marketə gedən bir insanın vəziyyətinə bənzəyir. Bu vəziyyətdə həmin adam evə qayıtdığı zaman anlayır ki, o əslində özünə o qədər də lazım olmayan məhsullara külli miqdarda pul, dəyərli vaxt və kifayət qədər enerji sərf edib. Aldıqları isə marketə girdiyi andan etibarən gözünə xoş görünən məhsullardan başqa bir şey deyil. Hətta elə hallar da olur ki, marketə çörək almaq üçün girib, çörəkdən başqa hər şey alanların da şahidi oluruq.
Eynilə həyatımızdakı uğur da bu şəkildə baş verir. Nə olacağımızı bilmədən hər şeyin arxasından qaçmaq bizi nəinki bir şeyi, hətta çox şeyi əldə etməkdən də məhrum edir. Siz əgər qərar vermisinizsə ki, müəllim olacaqsınız, o zaman həkimlər daha çox pul qazanır deyə onların da işini öyrənməyə çalışmamalısınız. Sizin ən əsas vəzifəniz öz sahənizlə bağlı hər şeyi mükəmməl bilmək və o sahənin ən yaxşısı olmağa çalışmaqdır. Bu gün qarşıda duran problemlərdən biri də ondan ibarətdir ki, hər hansısa bir sahə üzrə ixtisaslaşmış bir insanın öz ixtisasına uyğun iş tapa bilməməsi və ya o sahədə qazancın az olması onu fərqli sahələrə istiqamətləndirə bilir. Həmin şəxs çalışdığı fərqli sahədə öz işinin öhdəsindən gəlsə də, həmin işi sevmədiyi və sadəcə həmin işdən uğur yox, qazanc güddüyü üçün yerində saymağa davam edir. Ona görə də qəbul etməyimiz lazımdır ki, “bizi uğura aparan qazancı çox olan sevmədiyimiz işlər deyil, qazancı az olsa da sevdiyimiz işlərdir”.
Uğur formulumuzdakı ikinci “N” isə bizə görəcəyimiz işi “NƏ ÜÇÜN?” edəcəyimizi bildirir. Yəni “görəcəyin işi nə üçün etdiyini və məqsədini bilmirsənsə, hədəfi bəlli olmayan ox kimi əsas hədəfdən başqa istənilən yerə istiqamətlənə bilərsən”. Əgər siz müəllim olmaq istəyirsinizsə “nəyi?” sualından sonra “nə üçün?” sualını da özünüzə ünvanlayıb ona cavab tapmağınız lazımdır. Əks təqdirdə dünyanın ən yaxşı müəllimi olsanız da, gördüyünüz işin bəhrəsini və işinizin sizə yaşadacağı xoşbəxtliyi hiss etməyəcəksiniz. Bu bir az da çox bahalı bir qələmə sahib olub, onunla yazacaq cümlə tapa bilməyən bir adamın vəziyyətinə bənzəyir. Unutmamaq lazımdır ki, “sahib olduqları ilə bir şey edə bilməyənlər, əslində, heç bir şeyə sahib deyillər”.
Bir də ən əsası görəcəyiniz işi necə edəcəyiniz çox əhəmiyyətlidir. Deyək ki, siz “nəyi?” edəcəyinizi və “nə üçün?” edəcəyinizi artıq qərarlaşdırmısız. Bundan sonra sizin qarşınızda duran əsas məsələ görəcəyiniz işi “NECƏ?” etməyinizi müəyyənləşdirməyinizdir. Gedəcəyiniz bir ünvana hansı yoldan və hansı vasitələrlə gedəcəyinizi bilmirsinizsə, deməli, siz həmin ünvana gedənə qədər boş yerə həm çox vaxt, həm də həddindən artıq enerji sərf edəcəksiniz. Bəlkə də, nəticədə gedəcəyiniz ünvana heç gedib çata bilməyəcəksiniz. Ona görə də görəcəyiniz iş üçün ən asan və unikal metodları öyrənib o işə başlamağınız sizi uğura daha tez çatdıracaq. Əks təqdirdə illər keçməsinə və enerjinizin tükənməsinə baxmayaraq, heç bir irəliləyiş əldə etməyəcəksiniz.
Nəticə olaraq həyatınızda yeni bir səhifə açmaq istəyirsinizsə: NƏYİ? NƏ ÜÇÜN? NECƏ? edəcəyinizə diqqət edin. Yeni çıxacağınız yolda bu üç sualı həqiqi mənada cavablandıra bilirsinizsə, o zaman siz uğura çox yaxınsınız. UĞURLAR!
ŞƏRHLƏR