NƏFS TƏZKİYƏSİ

NƏFS TƏZKİYƏSİ

Nəfsini bilən Rəbbini bilər...

Nəfs – içimizdəki “mən”dir. Nəfs şəxsiyyətimizdir, əslində. Dünya imtahanımızın seyr dəftəri; bir tərəfi ürəklə əlaqəli, bir tərəfi mələklər aləmində, bir tərəfi şeytan əsgərlərinin hücumuna məruz, ələ keçirmək, yuva qurmaq, öz arzusuna görə çevirmək və istifadə etmək istədiyi bir parçamızdır, nəfs.

Pis işlərin əmr mərkəzi olmağa da, yaxşı işlərdə ucalmağa da qabiliyyəti olan bir parça...

İnsanı mələklərdən də üstün səviyyəyə çatdıra bilən, heyvandan daha da aşağılara sürüyə bilən bir parça...

 Təzkiyə isə lüğətdə təmizləmək, arındırmaq mənaları ilə birlikdə həmçinin inkişaf etdirmək, saflaşdırmaq kimi mənalarda da izah olunur.

Nəfsi təzkiyə hər şeydən əvvəl onu küfr, cəhalət, pis duyğular, yanlış etiqadlar və pis əxlaqi vərdişlərdən xilas etməkdir. Yəni şəriətə zidd olan hər cür etiqadi, əxlaqi və əməli yanlışlıqlardan təmizləmək, sonra isə onu iman, elm, irfan, hikmət, xeyirli duyğular, gözəl xasiyyətlər kimi təqva ölçüləri ilə tərbiyə edərək ruhaniyyətlə doldurmaqdır.

Təzkiyə nəfsin istəklərini azaldaraq bədən üzərindəki hakimiyyətini qırmaq və bu yolla da ruhun hökmranlığına imkan yaratmaqdır. Bu xüsusu İmam Qəzali (r.əleyh) belə izah edir: “Nəfs ruhun miniyidir. Əgər insan nəfsin cilovunu boş buraxsa və özünü onun getdiyi istiqamətə təslim etsə, mütləq həlak olacaq. Əgər onu öldürməyə çalışsa, bu dəfə də həqiqət yolunda miniksiz qalacaq. Elə isə nəfsin cilovlarını əlində tut və miniyindən istifadə et”. Bu ancaq nəfsə qarşı iradəni gücləndirəcək olan riyazət yolu ilə, yəni yemək, içmək və danışmaqda ölçüyə diqqət etmək kimi üsullarla təmin edilə bilər. Nəfsi cilovlamağın yolu az yemək, az yatmaq, az danışmaqdır. Bu bir tarazlıqdır.

Bütün bunlarla yanaşı, bir xüsusa da diqqət edilməlidir; bədən Allahın insanlara əmanətidir. Bundan dolayı nəfsi təzkiyə edərkən ölçünü itirməmək, ifrat və təfritə düşməməyə diqqət etmək lazımdır. Dinimiz bütün hal və davranışlarda ölçülü olmağı əmr edir.

Nəfsi təzkiyəyə çalışmaq və bu yolda ciddi bir mübarizəyə girişmək əhəmiyyətinə və çətinliyinə görə “cihadi-əkbər” (böyük cihad) adlandırılmışdır. Hz. Peyğəmbərin (s.ə.s) çox çətin və məşəqqətli olan Təbuk səfərindən geri qayıdarkən: “İndi kiçik cihaddan ən böyük cihada, nəfsin istəkləri ilə mübarizəyə qayıdırıq” (Suyuti, Camius-sağir, II, 73), - deyə buyurması bu işin nə qədər ciddi və əhəmiyyətli olduğunu göstərməkdədir ­.

Başqa bir hədisi-şərifdə belə buyurulur: “Ağıllı şəxs nəfsinə hakim olub onu hesaba çəkərək ölümdən sonrakı həyat üçün çalışandır. Axmaq isə nəfsinin istəklərinə tabe olduğu halda Allahdan (xeyir) umandır”. (Tirmizi, Qiyamət, 25; İbn Macə, Zöhd, 31)

Hər mömin təzkiyəsi ilə borclu olduğu nəfsinə qarşı ciddi bir məsuliyyət daşıyır. Nəfsin təhlükələrinə qarşı Allah-Təala bəndələrini belə xəbərdar edir: (Ya Rəsulum!) Nəfsini (nəfsinin istəyini, həva və həvəsini) özünə ilah edəni gördünmü? Onun vəkili sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona nail olmalıdır! Yəni vəkil-zamin olaraq onu qurtara bilməzsən!)” (əl-Furqan, 43)

Nəfs bütün dünya ləzzətlərini özündə cəmləşdirməyə çalışar. Yalnız nəfs təzkiyəsi yoluyla bunları qəlbdən çölə atmaq mümkündür. Bu mənəvi tərbiyə olmadığı təqdirdə, ayeyi-kərimədə də buyurulduğu kimi, insan nəfsinin əsiri olar.

Dinin əsas məqsədi Haqqa layiqiylə qulluq edəcək, gözəl, zərif, həssas və dərin insan yetişdirməkdir. Bu da ancaq təfəkkür və çalışmaqla ülvi mərtəbələrə çata bilənlərdə mümkün olur. Qurani-Kərimdə buyurulur: (Nəfsinin pisliklərindən) təmizlənən; Rəbbinin adını zikr edib namaz qılan kimsə, şübhəsiz, qurtuluşa çatmışdır”. (əl-Əla, 14-15)

Nəfsin təzkiyə edilə bilməsi üçün; söhbət, riyazət və zikr kimi mənəvi tərbiyə metodlarına ehtiyac vardır. İman cövhərinin mərkəzi qəlb olduğu kimi, zikr cövhərinin mərkəzi də yenə qəlbdir. Zikr dildən qəlbə endiyi zaman həqiqi qulluq başlayar; nəfs əngəlini aşma yoluna girilmiş olar. Zikrə davamın nəticəsində zikrin həqiqəti zakirin (zikr edənin) bütün əhvalına hakim olar. Qəlbdə Haqdan başqa hər şey silinər. Bəndə Rəbbi ilə bərabər olar. Lütfkarlıq duyğusuna qovuşar. Qulluq və ibadətə Rəbbini görürmüş kimi davam edər.

Nəfsani arzuları bərtəraf etmək zəruridir və bunun bir imtahan olduğu unudulmamalıdır. Bunun üçün də nəfsani arzulara qarşı fədakarlıq lazımdır.

Təzkiyə və tərbiyə üçün nəfslə mücadilə “sülhü olmayan savaş” adlandırılmışdır. Nə vaxta qədər? Əlbəttə ki, ölüm gəlib çatana qədər, bu cəng nəticəsində ixlasa, istiqamətə, rizaya və təslimiyyətə çatana qədər... Allah-Təala belə buyurur: “Sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (əl-Hicr, 99)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz