BİR AYƏ
بسم الله الرحمن الرحيم
قُلْ يَا عِبَادِىَ الَّذِينَ اَسْرَفُوا عَلٰى اَنْفُسِهِمْ لَا تَقْنَطُوا مِنْ رَحْمَةِ اللّٰهِ اِنَّ اللّٰهَ يَغْفِرُ الذُّنُوبَ جَمِيعًا اِنَّهُ هُوَ الْغَفُورُ الرَّحِيمُ~ ~ ~
De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın mərhəmətindən ümidinizi kəsməyin! Həqiqətən, Allah bütün günahları bağışlayar. O, bağışlayandır, rəhmlidir! (əz-Zümər surəsi, 39/53)
İbn Abbasdan (r.a) nəql edilən bir rəvayətə görə, əvvəllər bir çox insanı qətlə yetirmiş və çox zina etmiş bir dəstə adam Həzrət Peyğəmbərin (s.ə.s) yanına gələrək: “Sənin söylədiklərin və dəvət etdiyin yol gözəldir. Kaş etdiyimiz günahların kəffarəsinin olduğunu bizə xəbər verə bilsəydin! (Beləcə, biz də müsəlman olardıq)”, – dedilər. Bu zaman yuxarıdakı ayə nazil oldu. (Buxari, “Təfsirul-Quran”, 39) Bu ayeyi-kərimədə ifadə edilən həddi aşmaqdan məqsəd günah işlər görərək Allahın hökmlərinə qarşı çıxmaqdır. Burada insanın öz əleyhinə həddi aşdığı ifadə edilir. Yəni bir insan günah əməllər edərək öz ruhunu və həyatını kirlətmiş və özünə zərər vermiş olar. Ancaq ayənin davamında bir müjdə yer alır. Belə ki, Allahın mərhəməti və məğfirətinin çox geniş olduğu xəbər verilir. Uca Allah küfr və şirkdən başqa bütün günahları bağışlaya bilər. Çünki bununla bağlı olaraq digər bir ayədə: “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz. Bunun xaricindəki (günahları), dilədiyi kimsə üçün bağışlayar”, (ən-Nisa, 4/48) - buyurulmaqdadır. Yəni ölüm qapımızı çalıncaya qədər tövbə qapısı açıqdır. Ancaq yuxarıdakı ayədə keçən “Həqiqətən, Allah bütün günahları bağışlayar” ifadəsini əsas tutaraq Allahın bunu hər kəsə şamil etdiyini düşünmək səhvdir. Allahı inkar edən, tövbə etməyən və hər cür günahı işləyənlərin də bağışlanacağını düşünmək böyük xəta olar. Uca Allah dilədiyi kimsənin günahlarını bağışlayar. Bir insanın Allahın əfvinə layiq olması üçün səmimi-qəlbdən tövbə edib sözün tam mənası ilə Ona yönəlməsi gərəkdir. Bununla yanaşı, əhli-sünnə alimləri bu əfvin tövbə etmək şərti ilə məhdudlaşdırıla bilməyəcəyini bildirmişlər. Çünki insanın fərqində olmadan işlədiyi bir çox xəta və günahlar da olur. Allahın rəhməti çox genişdir və O, dilədiyi bəndəsini bağışlayar. Peyğəmbərimiz (s.ə.s) də: “Hər insan çoxlu xəta edər. Lakin xəta edənlərin ən yaxşıları çox tövbə edənlərdir”, (İbn Macə, “Zöhd”, 30) - buyuraraq tövbə və məğfirət arasındakı incə əlaqəyə diqqət çəkmişdir.
Ayədə verilən digər bir mesaj odur ki, bu dünyada başlarına gələn hər cür çətinlik və məşəqqət qarşısında möminlər səbirli olmalı və Allahın yardımından ümidlərini üzməməlidirlər. Buna görə də bir mömin Allahın rəhməti ilə yanaşı, qəzəbini də xatırlamalı, daim “xovf və rəca” deyə ifadə edilən Allah qorxusu və Allahdan ümidi üzməmək hissi içində yaşamalıdır.
ŞƏRHLƏR